Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7676/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə Cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı qızıl-zinət əşyalarının qaytarılması və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-511/21 saylı 30.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qızıl komplekt (kolye, qolbaq sırğa, qaşlı üzük) 25,0-27,0 qram 583 əyarlı 3050 (üç min əlli) manat; qızıl üzük ədəd 5,0-7,0 qram 585 əyarlı 480( dörd yüz səksən) manatın və ya həmin əşyalar olmadığı halda onların dəyəri alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının qaytarılması və mənəvi ziyan” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 6400 manat dəyərində qızıl-zinət əşyalarını, qiyməti 4000 manat olan komplekt dəsti- sarı qızıldan olan 1 ədəd kolye, 1 ədəd qolbaq, 1 ədəd qaşlı üzük, bir cüt qaşlı qızıl sırğanı, qiyməti 600 manat olan 1 ədəd sarı qızıldan nişan üzüyünü, 300 manat qiymətində sarı qızıldan olan zənciri (sepi) 350 manat qiymətində qızıl zənciri, 300 manat dəyərində 1 cüt qızıl sırğanı, 200 manat dəyərində qızıl üzüyü, 500 manat dəyərində qızıl-zəncir kulonu, 1 cüt qızıl sırğanı, 150 manat dəyərində qızıl qolbağını ona qaytarmaları haqqında və mənəvi ziyana görə 20.000 (iyirmi min) manat pulun cavabdehlərdən alınıb ona ödənilməsini, əgər onların naturada qaytarılması mümkün olmadıqda isə 6400 manat pulun və mənəvi ziyana görə 20.000 (iyirmi min) manat pulun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 2010-cu il tarixdə el adəti ilə toy edərək faktiki nikaha daxil olmaqla ailə qurmuş, 18 iyun 2018-ci il tarixdə onunla rəsmi nikaha daxil olmuşdur. O, ailə qurduğdan sonra cavabdehlərin yaşadıqları Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Çənlibel” restoranın yaxınlığında yerləşən 5 otaqlı evə köçmüş və bir ilədək həmin evdə yaşamışdır. Daha sonra qaynanası onunla yola getmədiyinə görə, mütəmadi olaraq mübahisələr olub sonuncu tərəfindən təhqir olduğuna görə anasının evinə qayıtmış və bir müddət orada, sonra isə Maştağa qəsəbəsində yerləşən Xanlar yaşayış sahəsində Çiləgər adlanan məhəllədə valideynlərinin köməyi ilə tikilmiş 3 otaqlı fərdi yaşayış evinə köçərək bütün cehiz əşyalarını da ora aparmışdır. Nikah dövründə 2 uşaqları olmuşdur. İlk müddət Cavabdeh1 ilə mehriban yaşasalar da, sonradan xasiyyətləri biri-birinə uyğun gəlmədiyi müəyyən olunmuşdur. Lakin o, iki uşaqları nəzərə alaraq rəsmi olaraq nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. 04 yanvar 2019-cu il tarixdə saat 19 radələrində cavabdehlər azyaşlı övladlarını da özlərinin yanında saxlayıb onu taksi ilə atasının evinə yola salaraq hətta evin açarlarını da özündə saxlamışlar. Bundan sonra o, cavabadeh Cavabdeh3 Mehdi oğlu ilə arasında olan nikahın pozulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onların arasında bağlanan nikahın pozulması, iki övladının onun himayəsində qalması və həmin uşaqların saxlanması üçün hər uşağa görə hər ay 160 manat aliment tutulması qət edilmişdir. O, 04 yanvar 2019-cu il tarixdə atasının xəstələnməsi bəhanəsi ilə cavabdehlər tərəfindən taksi ilə atasının evinə göndərilmiş, bundan sonra isə cavabdehlər evin giriş qapılarının açarlarını da özlərində saxlayaraq ona verməmişlər. Həmin vaxt evdən çıxarkən əynində yalnız bir dəst paltar olmuşdur. Həmin vaxtdan başlayaraq dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlər ona toy ərəfəsində və toy günü bağışlanmış iddia tələbində qeyd etdiyi qızıl zinət əşyalarını qaytarmamışlar. Həmin əşyalardan qiyməti 4000 manat olan sarı qızıldan komplekt dəsti (1 ədəd kolye, 1 ədəd qolbağ, 1 ədəd qaşlı üzük, bir cüt qaşlı qızıl sırğa), qiyməti 600 manat olan 1 ədəd sarı qızıldan nişan üzüyü və qiyməti 300 manat olan sarı qızıldan zənciri cavabdehlər tərəfindən ona toy günü bağışlanmış, qalan qızıl zinət əşyaları isə - qiyməti 300 manat olan 1 cüt qızıl sırğa, qiyməti 200 manat olan qızıl üzüyü, qiyməti 500 manat olan qızıl-zəncir kulon, 1 cüt qızıl sırğa, qiyməti 150 manat olan qızıl qolbağ valideynləri trəfindən ona hədiyyə edilmişdir. Tələb etdiyi qızıl zinət əşyaları onu iştirakı ilə əldə edildiyindən onların hansı qiymətə alındığını xatırlayır və olduğu kimi idda tələbində əks etdirmişdir. Cavabdehlərin bu kimi hərəkətləri nəticəsində onun əsəbləri korlanmış, keçirtdiyi stress və narahatlıqlar nəticəsində səhhəti pisləşmiş, mənəvi sarsıntı və iztirab keçirmişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişlər. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı İddiaçı və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmiqn olunmasını xahiş edən cavabdeh eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh3 dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X2 bildirdi ki, İddiaçı onun qardaşı qızıdır və sonuncunun ayrılması məsələsi bir müddər qizlin saxlandığına görə bir qədər geç bu haqda bilmişdir. Bildiyi o olmuşdur ki, iddiaçı yalan əsaslarla evdən çıxarılmış vıə bir daha ora qayıtmamışdır. O, sonradan cehizləri gətirməyə getmiş, lakin qaytarılan əşyalar arasında qardaşı qızına verilmiş qızıl mövcüd olmamışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Cavabdeh1 ilə 2010- cu ildə faktiki nikah münasibətlərinə daxil olmuş, 2011-ci ildə nikahları rəsmi qeydiyyata alınmışdır. Nikah münasibətlərinə daxil olduqdan sonra bir müddət cavabdehlərlə birlikdə Bakı şəhəri, Günəşli qəsəbəsində, sonra isə Cavabdeh1 ilə Bakı şəhəri Maştağa qəsəbəsindəki “Xanlar” yaşayış massivində 3 otaqlı fərdi yaşayış evində yaşayıb birgə təsərrüfat aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7-ci maddəsinə əsasən başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7-ci maddəsinə əsasən başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu sübut edilməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Deməli, məhz İddiaçı üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əşyaların mövcüdluğu, həmin əşyalarının iddia etdiyi çəkidə, ədəddə, qiymətdə olduğunun, eləcə də onların özünün mülkiyyətində olduğunun sübut edilməsi, cavabdehin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, o, iddiaçının mülkiyyətində olduğunu etiraf etdiyi əmlakın, o cümlədən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını, yəni artıq özünün sahibliyində olmadığını sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, vindikasiya iddia tələbinin yuxarıda qeyd olunmuş maddənin dispozisiya şərtləri baxımından (Mülki Məcəllənin 157.2-ci maddəsi) cavabdehlərin qızıl komplekt dəsti (sarı qızıldan 1 ədəd kolye, 1 ədəd qolbaq, 1 ədəd qaşlı üzük və qaşlı qızıl sırğa) və iddia tələbində nişan üzüyü kimi qeyd olunan əşyanı hədiyyə şəkilində bağışlandığını etiraf etmələrini nəzərə alır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı həmin əşyaların mövcüdluğu ilə bağlı faktın sübut etmə vəzifəsindən azaddır. Məhkəmə araşdırılması zamanı digər müəyyən olunmuş hal ondan ibarətdir ki, İddiaçı Cavabdeh1 ilə birgə yaşadığı evi münaqişəli vəziyyətdə tərk etmişdir. İşin bu halı da sübut etmə vəzifəsinin bölgüsü baxımından iddiaçının özünə məxsus əşyalarının saxlanldığı yerdən aparılması ilə bağlı sübut etmə vəzifəsini cavabdehin üzərinə düşür. Bu isə ona dəlalət edir ki, cavabdeh tərəfindən iddiaçı tələb etdiyi əmlakların bir qisminin mövcud olması təsdiq olunduğuna görə, iddiaçı mənzili tərk etdikdən sonra həmin əşyalar mübahisəli evdə qalaraq cavabdehin sahibliyinə keçmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, bir ədəd qızıl nişan üzük, bir dəst komplektin tələb edilməsinə dair hissədə iddia əsaslı olduğuna görə haqlı olaraq təmin edilməlidir Göründüyü kimi, iddiaçı və cavabdeh qızıl zinət əşyalarının hansı qiymətə dəyərləndiyini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyinə görə birinci instansiya məhkəməsi tərəfindən əşyaların fotoşəkilləri qızıl-zinət əşyaların dəyərinin müəyyən edilməsi məqsədilə mülki işə "xxxx" MMC-dən mütəxəssis cəlb olunmuşdur. İşə əlavə edilmiş "xxxx"nin mütəxəssisi X1 məhkəmə iclasında qeyd olunan rəyi müdafiə edərək izah etmişdir ki, onlara təqdim olunmuş fotoşəkillər nəzərdən keçirildikdən sonra mütəxəssis rəyləri belə olmuşdur ki, qızıl-zinət əşyalaranın dəyəri – Qızıl komplekt (kolye, qolbaq sırğa, qaşlı üzük) 25,0-27,0 qram 583 əyarlı 3050 (üç min əlli) manat; qızıl üzük ədəd 5,0-7,0 qram 585 əyarlı 480( dörd yüz səksən) manat təşkil edir. İddia tələbində qeyd olunan digər qzıl-zinət əşyaları fotoşəkillərdə əks olunmadığına görə həmin əmlaklar barədə fikir bildirmək mümkün olmamışdır. İşə baxan birinci instansiya məhkəməsi qeyd edilən və mövcüdluğu mübahisələndirilməyən qızıl-zinət əşyalarının dəyəri ilə bağlı mütəxəsis rəyinin nəticələrini mötəbər sübut kimi qəbul edib və haqlı olaraq qeyd etmişdir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair yanaşma baxımından məhz iddiaçı tələb etdiyi əşyaların dəyəri barədə sübut təqdim etməlidir. Lakin iddiaçı tərəfindən belə bir sübut təqdim edilmədiyi halda mütəxəssis rəyində qeyd olunan ən aşağı dəyərə uyğun olaraq müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, əvvəla cavabdehlər ididiaçıya məxsus olan qızıl əşyaların daimi olaraq onunla birlikdə yaşamayan valideynlərin evində saxlamasını təsdiq edən sübutlar təqdim etməmişlər. Əksinə, işdə mövcud olan sübutların məcmusu həmin əşyaların evi tərk edərkən iddiaçı tərəfindən aparılmadığını və cavabdehin sahibliyində qaldığını təsdiq edir. Belə ki, iddiaçının evi tərk etmə vaxtı və şəraiti, onun getməyi əvvəlcədən planlaşdırdığını ciddi şəkildə şübhə altına alır. Bu isə ona dəlalət edir ki, iddiaçı evdən birdəfəlik getməmiş və bu səbəbdən də onun tərəfindən özünə məxsus qızıl-zinət əşyalarının aparması qənaətinə gəlmək olmaz. Kollegiya hesab edir ki, cavabdehlər qızıl-zinət əşyalarının iddiaçı tərəfindən gedərkən aparıldığını bildirsələr də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişlər. Əksinə, işdə mövcud olan sübutların məcmusu həmin əşyaların evi tərk edərkən iddiaçı tərəfindən aparılmadığını və cavabdehin sahibliyində qaldığını təsdiq edir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, Qızıl komplekt (kolye, qolbaq sırğa, qaşlı üzük) 25,0-27,0 qram 583 əyarlı 3050 (üç min əlli) manat; qızıl üzük ədəd 5,0-7,0 qram 585 əyarlı 480( dörd yüz səksən) tələb edilməsinə dair hissədəiddia əsalı olduğuna görə haqlı olaraq təmin edilmişdir. Məhkəmə bu halı da nəzərə almışdır ki, qeyd edilən əmlakların qətnamə icra olunan vaxt cavabdehin sahibliyində və istifadəsində olmaması istisna edilmədiyindən Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinin göstərişinə görə həmin əşyaların dəyəri məhkəmə tərəfindən müəyyən edilməli və gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdehər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hazırkı iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi, dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7676/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7676/2021
16.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver