Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-769/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X14, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ərizəsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(004)-5013/2024 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 08 may 2024-cü il tarixli, MŞB/10/2024-00257 nömrəli barışıq sazişinə əsasən “Tərəflər- Ərizəçi və Maraqlı şəxs aralarında xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 1227 saylı akt qeydi ilə bağlanmış nikahın pozulmasına razıdırlar. 1.3. Tərəflər razılaşırlar ki, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 Müşgünaz Mehman qızının himayəsində qalacaqdır. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs növbəti aydan başlayaraq birgə nikahdan olan övladları xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay aylıq əmək haqqının dörddə biri qədər aliment ödəməyi öhdəsinə götürür. Aliment ödənilməsi barışıq sazişini Maraqlı şəxs iş yerinə təqdim edəcək. Aliment məbləği hər ay Maraqlı şəxs əmək haqqısı ödənilən vaxt Ərizəçi adına açılmış bank hesabına ödəniləcək. 1.4. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs istədiyi zaman vaxt məhdudiyyəti qoyulmadan övladı xx.xx.2018-ci il təvəllüdlü X12 ilə görüşə, özü ilə apara və gecə yanında saxlaya bilər. 1.5. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsində “4 Qardaş" MTK-ya məxsus binada yerləşən və qardaşı X5 mülkiyyətində olan 43 nömrəli mənzili alaraq Ərizəçi bağışlayacaq. 1.6. Tərəflər razılaşırlar ki, sazişin 1.5-ci bəndində qeyd edilən mənzil daxili kreditlə alınıb, 24 aylıq krediti qalıb, həmin krediti və alqı-satqı xərclərinin (vergilər daxil) yarısını Ərizəçi ödəyəcək. 1.7. Tərəflər razılaşırlar ki, **-TN-*** dövlət nömrə nişanlı ağ rəngli “Chevrolet Aveo”, **-EB-*** dövlət nömrə nişanlı ağ rəngli “Chevrolet Aveo” və **-KN-*** dövlət nömrə nişanlı qara rəngli “Nissan X-Trail” markalı avto nəqliyyat vasitələri Maraqlı şəxs mülkiyyətindədir, onun mülkiyyətində qalacaq və Ərizəçi qeyd edilən avto nəqliyyat vasitələrinin bölgüsü ilə bağlı heç bir tələb irəli sürməyəcək.
2. Tərəflər bildirirlər ki, onların bir-birinə qarşı hər hansı başqa tələbləri yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3793/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə Qurbanova (İsmayılzadə) Müşgünaz Mehman qızı arasında xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət X8 akt qeydləri kitabında 1227 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Hazırda Ərizəçi məhkəməyə müraciət edərək, 10 saylı Mediyasiya Təşkilatının 08 may 2024-cü il tarixli barışıq sazişinin 1.5-ci bəndinin təsdiq edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, 10 saylı Mediyasiya Təşkilatının 08 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, 1.5-ci bəndinin, yəni “X13 nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsi, "xxxx" MTK tərəfindən inşa edilmiş 43 nömrəli mənzili alaraq, Ərizəçi bağışlayacaq” hissəsində icra edilməsi öhdəliyinin X7 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 və Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikahdan xx.xx.2018-ci il təvəllüdlü X12 anadan olmuşdur. Tərəflər arasında nikah münasibətləri pozulmuşdur, tərəflər nikah münasibətlərinə qarşılıqlı razılıq əsasında xitam vermək qərarına gəlmişlər. Belə ki, mediyasiya prosesində barışıq sazişini imzalamışlar. 08 may 2024-cü il tarixli barışıq sazişinin 1.5-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, X13 nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsi, "xxxx" MTK tərəfindən inşa edilmiş 43 nömrəli mənzili alaraq, Ərizəçi bağışayacaq. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3793/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 və cavabdeh Maraqlı şəxs arasında nikah münasibətlərinə xitam verilmişdir. Barışıq sazişində göstərilən müddətdən də çox vaxt keçməsinə baxmayaraq, qarşı tərəf öhdəliklərini icra etməmişdir. Bildirmişdir ki, iddiaçı və cavabdeh mediyasiya prosesində uşağın xaricə aparılmasına razılıq verilməsi və aliment ilə bağlı razılıq əldə edilməsi göstərilsə də cavabdeh iki şərti icra etməmişdir. Belə ki, uşağın xaricə aparılması üçün məhkəmə qətnaməsi və atanın notarial razılıq ərizəsi olmalıdır. Bundan başqa aliment ilə bağlı da şərt cavabdeh tərəfindən icra olunmur. Eyni zamanda Maraqlı şəxs elektron kabinet vasitəsilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi və 10 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli barışıq sazışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5013/2024 nömrəli, xx.xx.2024-cü il qərardadı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi üzrə Maraqlı şəxs tərəfindən verilmiş “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(004)- 5013/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxsin, yəni Maraqlı şəxs qardaşı X5 hüquqlarına toxunur. Belə olan halda məhkəmə hesab etmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00257 nömrəli barışıq sazişi “Maraqlı şəxs nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsində “4 Qardaş" MTK-ya məxsus binada yerləşən və qardaşı X5 mülkiyyətində olan 43 nömrəli mənzili alaraq Ərizəçi bağışlayacaq” hissəsində üçüncü şəxsin, yəni Maraqlı şəxs qardaşı X5 hüquqlarına toxunduğundan, ərizə təmin edilməməli və barışıq sazişinin həmin hissədə təsdiq edilməsindən imtina edilməlidir. Qətnamədən narazı qalan ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə və ərizənin təmin edilməsini xahiş etmişdir.
Apelyasiya instansiyası məhkəməsində icraat
Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 08 may 2024-cü il tarixli, MŞB/10/2024-00257 nömrəli barışıq sazişinə əsasən tərəflər razılaşırlar ki, Maraqlı şəxs nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsində “4 Qardaş" MTK-ya məxsus binada yerləşən və qardaşı X5 mülkiyyətində olan 43 nömrəli mənzili alaraq Ərizəçi bağışlayacaq. Tərəflər razılaşırlar ki, sazişin 1.5-ci bəndində qeyd edilən mənzil daxili kreditlə alınıb, 24 aylıq krediti qalıb, həmin krediti və alqı-satqı xərclərinin (vergilər daxil) yarısını Ərizəçi ödəyəcək. Lakin, göstərilən bənd Maraqlı şəxs tərəfindən icra edilməmiş, bundan irəli gələrək ərizəçi barışıq sazişini məhkəmə qaydasında təsdiq etdirmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə isə tamamilə əsassız yanaşma sərgiləməklə ərizəni təmin etməmiş, Maraqlı şəxs öhdəliyi icra etməməsinə şərait yaratmışdır. Məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxsin, yəni Maraqlı şəxs qardaşı X5 hüquqlarına toxunması qənaətinə gəlmişdir. Məhkəmə diqqət etməmişdir ki, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxs X10 üçün hər hansı qaydada öhdəlik yükləməmişdir. Barışıq sazişinin mübahisə olunan bəndini “legal dizayn” edəndə bəndin mənasından görünür ki, “Maraqlı şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsində “4 Qardaş" MTK-ya məxsus binada yerləşən və qardaşı X5 mülkiyyətində olan 43 nömrəli mənzili aldıqdan sonra ərizəçiyə bağışlayacaqdır. Həmin mənzil daxili kreditlə alınıb, 24 aylıq kredit ödənişi qalıb, 12 aylıq kredit ödənişi ərizəçi tərəfindən ödəniləcəkdir. Göründüyü kimi barışıq sazişinin mübahisə edilən bəndi ancaq ərizəçi və maraqlı şəxs üçün hüquq və öhdəlik yaratmışdır. Hər hansı üçüncü şəxs, eləcə də X10 üçün hüquq və öhdəlik yaratmamaqla, onun hüquqlarına toxunmamışdır. Eyni zamanda məhkəmə tərəfindən barışıq sazişinin şərtlərinin X5 hüquqlarına toxunmasının nədə ifadə olunmasını sadalamamışdır, bir cümlə ilə ifadə etməklə kifayətlənərək ərizəni təmin etməmişdir.
Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları
Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
“Mediasiya haqqında” Qanunu:
1.0.7. Barışıq sazişi-tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 9.3 və 9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 305.1.17. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə ərizənin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, mülki qanunvericilik mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə ərizəçinin barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququnu nəzərdə tutmuşdur. Ərizəçi də məhz bu hüququndan istifadə edərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə əsassız olaraq hesab etmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxsin, yəni Maraqlı şəxs qardaşı X5 hüquqlarına toxunur. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 355-26-cı maddəsində barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün aşağıdakı halların mövcudluğu tələb olunur: barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması; barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, hazırkı işdə barışıq sazişinin təsdiqinə mane olan hər hansı hal müəyyən edilməmişdir. Tərəflər barışıq sazişini könüllü, kənar təsir olmadan özləri bağlamış və iradələrini ifadə etmişlər. Mediasiya prosesində Ərizəçi ilə Maraqlı şəxs arasında 08 may 2024-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Eləcə də, belə bir razılaşma üçüncü şəxslərin marağına toxunmur. Belə ki, qeyd olunan barışıq sazişi ilə Maraqlı şəxs qardaşı X5 üzərinə hər hansı vəzifə qoyulmamış, həmçinin barışıq sazişinin 1.5-ci bəndinə əsasən maraqlı şəxs X13 nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsi, "xxxx" MTK tərəfindən inşa edilmiş 43 nömrəli mənzili alaraq, Ərizəçi bağışlayacaq, eyni zamanda mənzil daxili kreditlə alınıb, 24 aylıq krediti qalıb, həmin krediti və alqı-satqı xərclərinin (vergilər daxil) yarısını Ərizəçi ödəməsi barədə üzərinə öhdəlik götürmüşdür. Göründüyü kimi, maraqlı şəxs mənzili almaqla ərizəçiyə bağışlamalı, eləcə də ərizəçi mənzilin 12 aylıq ödənişlərini etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin sahibi yəni maraqlı şəxsin qardaşı X5 hər hansı hüquqları pozulmur və bu halda məhkəmə kollegiyası sonuncunun üzərinə mənzilini satmaq kimi öhdəlik qoymur. Sadəcə Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmasının qarşısı alır. Məhkəmə kollegiyası Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsi,"xxxx" MTK-ya həmin mənzildə kimin faktiki yaşaması, kimin sahibliyində olması və s. məsələlər üzrə müvafiq sorğu göndərmiş, verilən cavabda göstərilmişdir ki, mənzildə təmir işləri başa satdıqdan sonra X5 qohumu, yəni, qardaşı qısa müddətdir ki, öz ailəsi yaşayırdı. Uzun müddətdir mənzildə yaşayış yoxdur. Məhkəmə kollegiyası sözügedən cavab məktubunun məzmununda göstərilənlərin, yəni ərizəçi və onun həyat yoldaşı tərəfindən mübahisəli mənzilin təmir edilməsi, həmin mənzildə yaşamaları, ərizəçi tərəfindən təqdim edilmiş fotoşəkillər, evə aid kommunal ödənişlərin çekləri ilə təsdiq olunmasını qeyd edir. (Fotoşəkillər və çeklər disk formatında iş materiallarına əlavə edilmişdir). Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki qətnamənin icrasında müəyyən problemlər yarana bilər. Lakin bu yalnız Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınması ilə baş verə bilər. Bu halda ərizəçi maraqlı şəxsin barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınması ilə əlaqədar ona vurulan ziyanla bağlı hüquqlarının müdafiəsi üçün müvafiq iddia qaldırmaq imkanı əldə edə bilər. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını və dəlilləri hərtərəfli araşdırmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, Mülki Prosessual Məcəllənin mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsini tənzimləyən normaları səhv təfsir etmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut eildiyindən ərizə göstərilən hallara görə qanuni və əsaslı olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və ərizə tələbi təmin edilməklə, 10 saylı Mediyasiya Təşkilatının 08 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməli, 1.5-ci bəndinin, yəni “X13 nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsi, "xxxx" MTK tərəfindən inşa edilmiş 43 nömrəli mənzili alaraq, Ərizəçi bağışlayacaq” hissəsində icra edilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ərizənin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(004)- 5013/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 08 may 2024-cü il tarixli, MŞB/10/2024-00257 nömrəli barışıq sazişinin 1.5-ci bəndi təsdiq edilsin. Barışıq sazişinin 1.5-ci bəndinin, yəni “Maraqlı şəxs nikaha xitam verildikdən sonra 5 gün ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Şəmşir Abbasov küçəsi, "xxxx" MTK tərəfindən inşa edilmiş 43 nömrəli mənzili alaraq, Ərizəçi bağışlayacaq” hissəsində icra edilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulsun. Ərizənin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Vahid Sadıqov Sabit Bəhrəmzadə