Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-773/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçılar İddiaçı1 və Rəna Qafarovanın, cavabdehin nümayəndəsi, vəkil İlham Rəhimovun iştirakı ilə, iddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6491/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin mübahisəsiz halları ondan ibarətdir ki, X3 (bundan sonra – iddiaçı) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. İddiaçı1 X4nın anasıdır. Baxılan iş üzrə iddiaçılar iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək 2 ədəd televizor; qızıl-zinət əşyaları: 1 ədəd nişan üzüyü, 1 ədəd əmisi tərəfindən verilən üzük, 1 cüt komplekt (2 ədəd sırğa, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 ədəd üzük), cavabdehə hədiyyə etdikləri üzüyün cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçıya məxsus 2 ədəd televizorun cavabdeh tərəfindən iddiaçıya təhvil verilməklə geri qaytarılması, iddiaçıya məxsus 1 ədəd 583 əyarlı qızıldan olan qadın üzüyü, 1 ədəd 583 əyarlı qızıldan olan qadın üzüyü, 1 ədəd qızıldan olan brilyant qaşlı sırğa, sep, kulon, qolbağ və üzük dəstinin dəyəri, yəni 3470 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məişət əşyalarını iddiaçıya qaytarıb. Komplekti anası qonşudan nisyə alıb. Komplektə daxil olan qızılların qaşları brilyant qaşlı deyil, sirkon olub. Lakin sonradan satıcıya əməliyyatla əlaqədar təcili pul lazım olduğundan həmin qızıl-zinət əşyalarının dəyərini ödəyə bilməyib və birgə nikah dövründə ikən elə satıcının özünə geri qaytarılıb. Həmin əşyaların hal-hazırda onda olmadığını və nikah dövründə ikən qaytarıldığını qeyd etsə də, məhkəmə bu barədə araşdırma aparmayıb və satıcını dindirməyib. Məhkəmə qızılların qiymətləndirilməsi üçün ekspertiza təyin etməyib. Qızılların hansı çəkidə olması və hansı qaşdan ibarət olması iddiaçıya məlum deyil. İddiaçı tərəfindən həmin məlumatlar şişirdilib və məhkəmə ekspert rəyini əsassız olaraq qəbul edib. 2 ədəd 583 əyarlı qızıldan olan qadın üzüyü ondadır və onun qaytarılmasına etirazı yoxdur. Sözügedən televizorlar nikah dövründə onun tərəfindən alınsa da, formal olaraq iddiaçının anasının adına rəsmiləşdirilib, edilən kredit ödənişlərinə dair qəbzlərin hamısı ondadır. Bundan əlavə həmin qəbzlərin bir çoxunda ödəyən şəxs kimi onun adı da qeyd olunub. Qarşı tərəf də müəyyən qədər ödənişlər edib. Məhkəmə gedişində bu sübutları təqdim etmək istəsə də, hakim onlara ehtiyac olmadığını bildirərək, sübutların qəbulundan imtina edib. Hesab edir ki, 2 ədəd televizor müştərək qaydada alındığından biri iddiaçıya verilməklə, digəri onda saxlanılmalıdır. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehin adına kredit verilmədiyinə görə televizorun alqısatqı müqaviləsi İddiaçı1 adına rəsmiləşdirilib. Lakin kredit ödənişlərini cavabdeh həyata keçirib. İddiaçı dəyəri 120 manat 1 ədəd nişan üzüyü və əmisi tərəfindən bağışlanan dəyəri 150 manat olan qadın üzüklərinin satılmasını təklif edib və cavabdeh bununla razılaşıb. Ona görə həmin qızılları şəxsən özü 200 manata qonşuları Şəfiqə Əliyevaya satıb və 200 manat pul ilkin ödəniş kimi xx.xx.2017-ci il tarixdə televizor götürərkən ödənilib. İddiaçıya pul yığıb ona qızıl əşyaları almağı təklif etsə də, o öz növbəsində ilk növbədə mobil telefon istədiyini bildirib və xx.xx.2018-ci ildə telefon və “Panasonic” markalı televizor iddiaçının anasının adına kreditə götürülüb. 2 ədəd televizor və telefon birgə nikah dövründə əldə edilib və birgə əmlak hesab edilir. Qızıl-zinət əşyaları isə ailənin xərclərinə sərf edilib. Hədiyyə olunan 2 üzükdür. Komplekt 1000 manata toydan əvvəl qonşudan nisyə alınıb. Komplektin əyarı 750 deyil, 583 olub. Toydan götürülən puldan həmin qızılın pulu verilməli olub, lakin toydan həmin məbləğdə pul yığılmadığından satıcı qızılı geri tələb edib. Rəna bildirib ki, kolye paltarlarına uyğun gəlmir, ona görə kolyeni qaytarıb televizor götürsünlər. Cavabdehə bağışlanmış 1 ədəd 583 əyarlı qızıl kişi üzüyü ondadır. Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirdi ki, o da iddiaçıdır və iddiasının təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsində özünün qızı ilə əvəz olunmasını deyil, qızının da əlavə cavabdeh kimi cəlb olunmasını xahiş edib. Televizorları qızı ailə qurandan sonra kreditlə alıb və qızına hədiyyə edib. Kredit ödənişlərini də özü edib. Cavabdeh yalnız müəyyən müddət, onun tapşırığı və vəsaiti ilə ödənişlər edib. X4 bildirdi ki, televizorları anası alıb və ona bağışlayıb. Nişan üzüyü 150 manat dəyərində olub. Cavabdehin əmisigilə qonaq gedəndə əmisi ona 120 manat dəyərində üzük bağışlayıb. Qızıllar toydan 10-15 gün əvvəl Laçın univermağından alınıb. Toydan 2 ay sonra cavabdehin anası qızılları ondan alıb və geri qaytarmayıb. Anası qonaq gəldiyində cavabdeh arzuladığı halda anası ilə gedə biləcəyinə icazə verib. O da anası ilə atası evinə gəlib. Səhər işdən qayıdanda əri evinə gedib, lakin qapının kilidi dəyişdirildiyindın evə daxil ola bilməyib, onu evə buraxmayıblar. Qızılların qiymətlərini onların yarlıqları əsasında yazıb, cavabdeh sonradan yarlıqları gizlədib. Qızılların pulu onun yanında verilməyib. İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddia əvvəlcə İddiaçı1 tərəfindən verilmişdir. xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokolunda məhkəmənin təklifi, iddiaçının razılığı və yazılı ərizəsi ilə onun əsl X4 ilə əvəz edildiyi qeyd olunsa da iş materiallarında İddiaçı1 tərəfindən belə bir ərizənin verildiyi müəyyən edilmir. Qeyd olunan məhkəmə iclas protokolundan sonra işə tikilmiş yazılı ərizədən isə görünür ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2019-cu il tarixli ərizə hər iki iddiaçı tərəfindən birgə verilmiş, ərizədə hər iki iddiaçının tələbi ifadə olunmuş və imzalanmışdır. Apellyasiya baxışı zamanı da İddiaçı1 cavabdehə qarşı tələbinin olduğunu, birinci instansiya məhkəməsində özünün qızı ilə əvəz olunmasını deyil, qızının da əlavə cavabdeh kimi cəlb olunmasını xahiş etdiyini bildirmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi işə yalnız Rəna Qafarovanın iddiası əsasında baxmış, onun tələbinə qiymət vermiş, yekun məhkəmə aktı qəbul etmiş, İddiaçı1 iddiasına isə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM həmçinin, nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İddia tələbinin mahiyyəti ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə müvafiq olaraq nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sadalanan hüquq normalarının mənasına görə hazırkı iddia tələbinin təmin olunması üçün tələb olunan əmlakların mövcudluğu və göstərilən dəyərdə olduğu, əşyaların tələb edən şəxsə məxsus olduğu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Baxılan işdə iddia tələbi 2 hissədən ibarətdir: 1) 2 ədəd televizorun və 2) qızıl-zinət əşyalarının qaytarılması. Birinci tələbə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Göründüyü kimi alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin tam və ya hissə-hissə ödənilməsindən asılı olmayaraq həmin müqavilənin bağlanması ilə əşya alıcının mülkiyyətinə verilir. İşdə olan sənədlərdən və işin mübahisəsiz hallarından görünür ki, “xxxxxxxxxxxxxxxx” MMC ilə İddiaçı1 arasında xx.xx.2017-ci il xx.xx.2018-ci il tarixdə 1 ədəd TV Samsung UE49M6500AUXRu televizor və 1 ədəd TV Panasonic TX-40FSR500 televizora dair nisyə alqı-satqı müqavilələri bağlanmışdır. İddiaçı1 həmin müqavilələr əsasında mülkiyyətinə qəbul etdiyi televizorları qızı Rəna Qafarovaya hədiyyə etdiyini bildirmiş, Rəna Qafarova bu faktı təsdiq etmişdir. Cavabdeh müqavilələrin İddiaçı1 ilə bağlanmasına baxmayaraq ödənişlərin çox hissəsinin özü tərəfindən aparıldığına istinad edərək, televizorların X4 ilə birgə nikahları dövründə əldə olunduğunu bildirir. Məhkəmə kollegiyası hesab edir ki, etirazın həmin dəlili əsassızdır. Çünki alğı-satqı müqaviləsinə əsasən satıcı əşyaları İddiaçı1 mülkiyyətinə vermiş, sonuncu da həmin əşyaları qızı Rənaya bağışlamışdır. Belə olan halda, yalnız bütün ödənişlərin alıcı tərəfindən aparılmaması faktı alqı-satqı və bağışlama müqavilələrinin etibarlılığına təsir etmir və mübahisəli televizorlar birgə nikah dövründə əldə olunmuş əmlaklar hesab edilə bilməz. Həmin əşyaların hal-hazırda cavabdehin sahibliyində olduğu işin mübahisəsiz halı olduğu üçün 2 ədəd televizor, MPM-in 222.1-ci maddəsinə əsasən həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri cavabdehdən alınaraq X4ya geri qaytarılmalıdır. İşdə olan yazılı sənədlərdən də görünür ki, 1 ədəd TV Samsung UE49M6500AUXRu televizorunun alqı-satqı dəyəri 1399 manat və 1 ədəd TV Panasonic TX-40FSR500 televizorunun dəyəri 999 manat təşkil etmişdir. Qızıl-zinət əşyalarının qaytarılması barədə tələbə münasibətdə Kollegiya qeyd edir ki, apellyasiya şikayətində və əlavədə cavabdeh 1 ədəd nişan üzüyü, 1 ədəd əmisi tərəfindən verilən üzüyün onda olduğunu və iddiaçıya qaytarılmasına etiraz etmədiyini bildirmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, 1 ədəd nişan üzüyü, 1 ədəd əmisi tərəfindən verilən üzüyün cavabdehdə olması mübahisə predmeti olmadığından həmin qızıl əşyaları da cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Hal-hazırda qızıl-zinət əşyaları ilə bağlı tərəflər arasında mövcud mübahisə 2 ədəd sırğa, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 ədəd üzüyün daxil olduğu dəstlə bağlıdır. İşə baxılarkən cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında qızılzinət əşyalarını anası və digər ailə üzvləri tərəfindən iddiaçıya hədiyyə edildiyini, birgə nikahda olduqları zaman maddi problemləri yarandığı üçün lombardda anası tərəfindən satıldığını, əşyalar satılarkən iddiaçının iştirak etmədiyini bildirmişdir. Apellyasiya şikayətində isə cavabdeh dəstin nisyə alındığını və ödəniş edə bilmədiklərindən iddiaçı Rənanın razılığı ilə satıcıya qaytarıldığını bildirmişdir. Həmçinin apellyasiya şikayətində cavabdeh iki ədəd üzüyün ondan olduğunu və qaytarmağa hazır olduğunu bildirsə də, apellyasiya baxışı zamanı nümayəndə nikah dövründə X4nın dəyəri 120 manat 1 ədəd nişan üzüyü və əmisi tərəfindən bağışlanan dəyəri 150 manat olan qadın üzüklərinin satılmasını təklif etdiyini, cavabdehin bununla razılaşdığını, həmin qızılların Rəna tərəfindən şəxsən 200 manata qonşuları Şəfiqə Əliyevaya satıldığı və 200 manat pulun ilkin ödəniş kimi xx.xx.2017-ci il tarixdə televizor götürərkən ödənildiyini bildirmişdir. Göründüyü kimi cavabdeh bir-birinə ziddiyyətli ifadələr vermiş, X4 isə toydan 2 ay sonra cavabdehin anasının qızılları ondan alıb geri qaytarmadığını bildirmişdir. Hər iki halda dəstin X4da qalmadığı mübahisəsizdir. Beləliklə mübahisəli dəstin və digər iki üzüyün cavabdehlə X4 nikaha daxil olarkən sonuncuya bağışlandığı da işin mübahisə edilməyən halıdır. Cavabdeh apellyasiya baxışı zamanı həmin dəstin qarşılıqlı razılıq əsasında satıcısına qaytarıldığını bildirsə də iddiaçılar bu faktın həqiqətə uyğun olmadığını bildirmişlər. Nəzərə alınmalıdır ki, qızıl-zinət əşyaları X4ya bağışlandığı və o, həmin əşyaların mülkiyyətçisi olduğu üçün qızıllar cavabdeh tərəfindən yalnız onun razılığı ilə özgəninkiləşdirilə bilərdi. Cavabdeh qızılları özgəninkiləşdirdiyini bildirsə də, həqiqətən X4nın buna razılıq verdiyi barədə heç bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda iş üzrə X4ya bağışlanmış qızıl-zinət əşyalarına dair bağışlamadan Mülki Məcəllənin 673-cü maddəsində müəyyən edilmiş əsaslarla imtina edildiyi və (və ya) bu barədə sonuncuya qanuna müvafiq bildiriş verildiyi də təsdiq olunmur. İstinad olunan əsaslarla cavabdehə hədiyyə edilmiş üzüyün qaytarılması hissəsində iddia təmin oluna bilməz. Çünki iddiaçılar özləri həmin üzüyün cavabdehə hədiyyə edildiyini və onun mülkiyyəti olduğunu etiraf edirlər. Həmçinin cavabdeh qızıl-zinət əşyalarının dəyərinin daha az olduğunu iddia etsə də birinci instansiya məhkəməsində işə baxılarkən mübahisəli məsələ ilə bağlı müvafiq sahədə ixtisaslaşmış qiymətləndiricinin - "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin rəyi alınmışdır. Həmin cəmiyyətin rəyi ilə müəyyən edilmişdir ki, 1 ədəd 583 əyarlı qızıldan olan qadın üzüyü -120 manat, 1 ədəd 583 əyarlı qızıldan olan qadın üzüyü (versace) -150 manat, 1 dəst (komplekt: brilyant qaşlı sırğa, sep, kulon, qolbağ və üzük) 3200 manat təşkil edir. Cavabdeh birinci instansiya məhkəməsində qızılların əlamətlərini və mütəxəssis rəyi ilə müəyyən edilmiş qiymətini mübahisələndirməmişdir. Eyni zamanda cavabdeh apellyasiya şikayətində izahatlarının məhkəmə tərəfindən təhrif olunduğunu bildirsə də, məhkəmə iclas protokollarına qeydlər verilmədiyi üçün həmin dəlil əsaslı hesab edilə bilməz. Eyni zamanda rəy vermiş mütəxəssis apellyasiya baxışı zamanı dindirilmiş, rəyi müdafiə edərək bildirmişdir ki, qiymətləndirmə iddiaçıların verdiyi məlumatlar və fotoşəkillər əsasında həyata keçirilmiş, əşyaların qiyməti satışda olan eyni məhsulların çəkisi, əyarı və qaşları ilə müqayisə edilməklə müəyyən edilmişdir. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, rəydə göstərilən qiymətlərin əşyaların iddia ərizəsində göstərilən qiymətlərdən daha çox olduğuna görə iddia tələbindən kənara çıxmamaq üçün iddia ərizəsində iddiaçıların özlərinin istinad etdikləri qiymətlər əsas götürülməlidir. Cavabdeh əşyaların dəyərinin iddia tələbində göstəriləndən daha az olması barədə heç bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin və ona əlavənin digər dəlilləri də əsassızdır. Belə ki, cavabdeh baxılan iş üzrə tələb olunan qızıl-zinət əşyalarının nisyə alqı-satqı müqaviləsi əsasında və mülkiyyət hüququnun saxlanılması şərti ilə əldə edildiyini sübut edə bilmədiyi üçün mübahisəyə Mülki Məcəllənin 606.1-ci maddəsi tətbiq oluna bilməz. Həmçinin iddia tələbinin qanuni əsasını əmlakın qanunsuz sahiblikdən geri tələb olunması təşkil etdiyindən hazırkı mübahisəyə Mülki Məcəllənin cavabdehin istinad etdiyi 165.2 və 1095-ci maddələrində müəyyən edilmiş 1 illik və ya 2 illik müddətlər də tətbiq oluna bilməz. Ona görə də qızıl-zinət əşyalarının qaytarılması tələbi qismən təmin edilməli, 2 ədəd sırğa və 1 ədəd dəst, MPM-in 222.1-ci maddəsinə əsasən həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri cavabdehdən alınaraq X4ya verilməlidir. Tələb olunan əşyalara İddiaçı1 mülkiyyət hüququ müəyyən edilmədiyindən onun iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6491/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Qiyməti 1399 manat olan 1 ədəd televizor (Samsung UE49M6500AUXRu), qiyməti 999 manat olan 1 ədəd televizor (Panasonic TX-40FSR500), qiyməti 150 manat olan bir ədəd 583 əyarlı nişan üzüyü, qiyməti 120 manat olan 583 əyarlı bir ədəd qızıl üzük, qiyməti 3000 manat olan 2 ədəd sırğa, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 ədəd üzükdən ibarət brilyant qaşlı qızıl dəst, qətnamə icra olunan vaxt həmin əmlaklar mövcud olmasa, onların dəyəri Cavabdeh alınaraq iddiaçı X2 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-773/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-773/2020
07.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver