Məhkəmə qərarları › İş №2(103)-7741/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7741/2021

18.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7741/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2 və cavabdehin nümayəndəsi (direktor) X3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndə Sətəm üzrə menecer vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və əlavə işlədiyi saatlara görə 3242 (üç min iki yüz qırx iki) manat, yanvar ayının maaşından qalan 884 (səkkiz yüz səksən dörd) manat, fevral ayındakı səkkiz gün üçün 480 (dörd yüz səksən) manat, məzuniyyət pulu üçün 650 (altı yüz əlli) manat, ümumilikdə 5256 (beş min iki yüz əlli altı) manat maddi, 3000 (üç min) manat mənəvi zərər və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 8286 (səkkiz min ii yüz səksən altı) manat pul vəsaitinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş №2(002)-1948/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 07 avqust 2020-ci il tarixdə 137 nömrəli Əmək Müqaviləsi bağlamışdır. Bu tarixdən 07 fevral 2021-ci il tarixə qədər həmin cəmiyyətdə SƏTƏM üzrə menecer vəzifəsini icra etmişdir. 08 fevral 2021-ci il tarixdə o, əmək müqaviləsinin müddətinin bitdiyinə görə heç bir xəbərdarlıq edilmədən işdən azad edilmişdir. Halbuki aralarında bağlanmış 07 avqust 2020-ci il tarixli 137 nömrəli Əmək Müqaviləsinin 2.5-ci maddəsində qeyd edilir ki, bu əmək müqaviləsində nəzərdə tutulmuş müddətin bitməsinə 2 (iki) təqvim həftəsi qalmış tərəflərdən hər hansı biri müqavilə üzrə əmək münasibətlərinə, müqavilədə nəzərdə tutulmuş müddətdə xitam verilməsi barədə qarşı tərəfə yazılı və ya şifahi formada xəbərdarlıq vermədiyi halda müqavilə eyni müddətə uzadılmış hesab olunur. Bu barədə iddiaçıya məlum olduqdan sonra qarşı tərəflə aralarında razılaşmağa çalışsa da, heç bir nəticə verməmişdir. X5 belə hələ də ona təqdim edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Aralarında bağlanan əmək müqaviləsində əmək haqqı 450 (dörd yüz əlli) manat göstərilsə də, onun əmək haqqı 1300 (bir min üç yüz) manat təşkil etmişdir. Aradakı fərq ona nağd formada ödənilmişdir. Yanvar ayı üçün ona cəmi 416 (dörd yüz on altı) manat əmək haqqı ödənilmişdir. Fevral ayının səkkiz günü isə ödənilməmişdir. Son hesablaşma üçün isə cəmi 300 (üç yüz) manat ödənilmişdir. Əmək müqaviləsinin 4.17-ci bəndinə əsasən həftənin İ-V günləri, saat l0:00-dan saat 18:00-a qədər, həftənin Vİ günü isə saat 10:00-dan saat 16:00-a qədər iş vaxtı müəyyən olunmuşdur. Amma o, həftənin 6 günü də, saat 8:00-dan saat 18:00- a qədər işləmişdir, yəni faktiki həftədə 14 saat əlavə işləmişdir. Bundan əlavə iş gecə saat 12-ə qədər davam etdiyi hallarda da işdə saxlanılmışdır. İşlədiyi müddətdə bu hal 10 dəfə olmuşdur, yəni 60 saat əlavə işləmişdir (bu barədə sübutlar iddia ərizəsinə əlavə olunur). İşlədiyi müddət nəzərə alınarsa ümumilikdə 424 saat əmək müqaviləsindən əlavə işləmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh nümayəndəsi (direktoru) X4 təqdim etdiyi idda ərizəsinə etiraz məktubuna uyğun izahat verərək bildirmişdir ki, İddiaçı 2020-ci ilin iyul ayında ofisiə gələrək iş axtardığını, işə qəbul olunması ilə bağlı onu qəbul etməyi xahiş etmişdir. "xxxx" MMC-nin rəhbərliyi mütəxəssisləri ilə birlikdə onu qəbul edərək dinləmişdir. Yaxın vaxtlarda qısa müddətli layihə olarsa SƏTƏM mütəxəssisi kimi müraciət ediləcəyi bildirilmişdir. Daha sonra 04.08.2020-ci il tarixində vətəndaş İddiaçı ofisə dəvət edərək bir neçə aylıq iş üçün SƏTƏM üzrə mütəxəssisə ehtiyac olduğu, Cəmiyyətin Ştat cədvəli üzrə SƏTƏM üzrə menecerin aylıq vəzifə maşının 450.0 (dörd yüz əlli) manat olduğu bildirilmişdir. İddiaçı bununla razılaşaraq işə qəbul olunması haqqında rəsmi müraciət etdikdən sonra onunla Cəmiyyət arasında 07.08.2020-ci il tarixdə Əmək Məcəlləsinin 47-ci maddəsinin "c” bəndinə (işin həcmi) davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda) əsasən 137 saylı müddətli əmək müqaviləsi bağlayaraq onu 07.08.2020-ci il tarixdə Cəmiyyətə SƏTƏM üzrə menecer vəzifəsinə işə qəbul etmişlər. İşçi 08 avqust 2020-ci il tarixdə işə başlamışdır. İddiaçının ərizəsində qeyd edilmiş aylıq 1300 manat əmək haqqı alması həqiqəti əks etdirmir, bu cür hallar haqqında məlumat yoxdur. Cəmiyyət tərəfindən iddiaçıya belə vəd və ya təklif olmamışdır. Cəmiyyətin mövcud maliyyə vəziyyəti, yerinə yetirdiyi layihələr baxımından real görünmür və praktik olaraq mümkün deyildir. Eyni zamanda Cəmiyyət tərəfindən muzdlu işə cəlb olunan hər biri ilə əmək müqaviləsi bağlanır və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq,X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işə götürənə məlumatın verilməsi elektron informasiya sisteminə qeydiyyata alınmasından və bu işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra muzdlu işçilər işə başlayırlar. Cəmiyyət tərəfindən əmək münasibətlərində tam şəffaflığa əməl olunur, muzdlu ödənilən aylıq əmək haqqı tam həcmdə əmək müqaviləsində və "Əmək Müqaviləsinin” bağlanması ilə bağlı əmək müqaviləsi Bildirişi"ndə tam əks olunur, muzdlu işçilərə əmək yalnız nağdsız yolla işçinin kart hesabına köçürmə yolu ilə ödənilir. Müddətli əmək müqaviləsinin müddəti bitdikdə əmək müqaviləsinə xitam verilır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçiyə heç bir xəbərdarlıq edilməsi nəzərdə tutulmamışdır. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin tərtibatı zamanı mexaniki səhv olaraq 2.5-ci maddədə əmək müqaviləsinin bitməsinə 2 həftə qalmış tərəfə yazılı və ya şifahi formada xəbərdarlıq edilməsi göstərilmişdir. Müqavilə şərtinə uyğun olaraq iddiaçıya 2020-ci ilin dakabr ayının ortalarında və 21 yanvar 2021-ci il tarixdı işlədiyi mühəndis və memar heyəti qarşısında şifahi olraq onunla bağlanmış müqaviləsinin müddəti bitdikdə xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda iddiaçı ilə bağlanmış 137 saylı əmək müqaviləsinin maddəsində göstərilmişdir ki, “İşəgötürən tərəfindən bu əmək müqaviləsi ləğv edilərkən qanunvericilikdə nəzərdə tutulmuş hallarda xəbərdarlıq edilir". İddiaçı Cəmiyyətdə işlədiyi dövrdə əmək müqaviləsində göstərilmiş əmək şəraitində işləmiş, iş saatlarından artıq vaxtda heç bir işə cəlb edilməyərək hər ay üçün əmək müqaviləsində göstərilən əmək haqqı hesablanmış və işçiyə ödənilən məbləğ hər ayın sonunda nağdsiz şəkildə işçinin kart hesabına köçürülmüşdür. İddiaçı bir neçə ay işlədikdən sonra 2020-ci ilin dekabr ayının ortalarında himayəsində olan ailə üzvlərinin çox olmasını bəhanə gətirərək Cəmiyyət rəhbərliyindən qununsuz olaraq əlavə ödəniş tələb etmiş və onunla bağlanmış əmək müqaviləsinin yeni şərtlərlə yenidən bağlanmasın xahiş etmişdir. Lakin Cəmiyyət rəhbərliyi tərəfindən Cəmiyyətin maliyyə vəziyyəti nəzərə alınaraq bunun imkan daxilində olmadığı ona bildirilmişdir. Cəmiyyət rəhbərliyi tərəfindən iddiaçıya Əmək Məcəlləsinə uyğun olaraq istədyi zaman öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə onun tərəfindən xitam verilərək işdən azad olmaq üçün müraciət edərək işdən ayrılmaq hüququnun olduğu bildirilmiş, bağlanmış əmək müqaviləsinin müddəti qurtardıqda Cəmiyyət rəhbərliyinin əmək müqaviləsinə xitam verəcəyi barədə şifahi xəbərdarlıq edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitənədək yeni layihələr üzrə Cəmiyyətin qalib tenderlərdən hər hansı birində onunla bağlanmış əmək müqaviləsi şərtlərinə uyğun iş onunla bağlanmış əmək müqaviləsinin vaxtının uzadılması məsələsinə baxıla biləcəyi haqqında şifahi olaraq məlumat verilmişdir. İddiaçının əmək müqaviləsinin müddətinin uzanması barədə xahişini nəzərə alınaraq, 21.01.2021-ci il tarixində rəhbərlik tərəfindən onunla bağlanmış əmək müqaviləsinin müddəti qurtardıqdan sonra müqaviləsinin müddətinin eyni şərtlərlə uzadılması niyyətində olduğu bildirilmiş, lakin iddiaçı yüksək əmək haqqı və digər ödənişlər tələb edərək razı olmamışdır. Cəmiyyət rəhbərliyi tərəfindən onunla bağlanmış əmək müqaviləsinin müddəti qurtardıqda əmək müqaviləsinə xitam veriləcəyi barədə 21.01.2021-ci il tarixində iddiaçıya ikinci dəfə şifahi xəbərdarlıq edilmişdir. Əmək müqaviləsinin müddəti 07.02.2021-ci il tarixində başa çatmış Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndində (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 08.02.2021-ci il tarixindən xitam verilmişdir. İddiaçıya fevral ayında işlədiyi 6 iş günü üçün əmək haqqı və istifadə edilməmiş 15 məzuniyyət gününə görə kompensasiya hesablanmış və işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi gün nağdsız şəkildə işçinin kart hesabına köçürülməklə ödənilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamə çıxarılarkən müqavilə öhdəlikləri nəzərə alınmamışdır. Cavabdeh MMC tərəfindən müqavilə müddəti bitən işçiyə əmək münasibətlərinin davam etdirmək niyyətinin olmamasını iki həftə əvvəl bildirmək lazım idi. Xəbərdarlıq verilmədiyi halda müqavilənin eyni müddətə uzadıldığı qeyd edilir. Bundan başqa, məhkəməyə təqdim edilmiş işə davamiyyət cədvəllərindən də göründüyü kimi iddiaçı əlavə iş saatlarında işə cəlb edilmişdir. Bundan başqa rəsmi olaraq əmək haqqı 450 manat göstərilsə də, qeyri-rəsmi olaraq 1300 manat əmək haqqı ödənilirdi. Bütün bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa iddiaçıya əmək kitabçası verilməmişdir. Məhkəmə araşdırması zamanı formal olaraq 28 aprel 2021-ci il tarixdə bildiriş göndərilərək əmək kitabçasının təhvil alınması xahiş edilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı “Anka” Construction and Project” Məhdud Məsuliyyətli Cəmiyyətinə 07 avqust 2020-ci il tarixdə 137 nömrəli müddətli əmək müqaviləsi əsasında Sətəm üzrə menecer vəzifəsinə qəbul edilmişdir. 08.02.2021-ci il tarixdə K-389/X nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, yəni müqavilə müddətinin bitməsi götürülmüşdür. İddiaçı əmək müqaviləsinə qanunsuz xitam verildiyini əsas gətirərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. Onun tələbi işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və əlavə iş saatlarına görə maddi və mənəvi ziyanın ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və gəldiyi nəticəni hüquqi cəhətdən Əmək Məcəlləsinin 42, 45, 68-ci və s., eləcə də MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbi ilə eyni olan dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qanunsuzluğa yol verilməsi apellyasiya baxışı zamanı öz təsdiqini tapmadı. Eyni məzmunlu dəlillərə birinci instansiya məhkəməsi tərəfindən də hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının dəlillərinə verdiyi həmin qiymətlə razılaşır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar