Məhkəmə qərarları › İş №2(103)-7746/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7746/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7746/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı1 ASC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 ASC cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, 10 iyul 2014-cü il tarixli 120.LN.2105.100714.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Hacəli oğluna "AGBank' ASC tərəfindən illik 22%-lə 36 ay müddətinə əsas vəsaitin artırılması məqsədilə 77000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki ünvan 1, mənzil 34 fərdi yaşayış evi 13 avqust 2008-ci il tarixli İ-010/İF/MF ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 28 aprel 2017-ci il tarixə Cavabdeh1 10 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 76345.88 manat əsas, 13390.22 manat faiz, və 13390.22 manat cərimə olmaqla, cəmi 103126.32 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeli olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinə yönəldilməlidir. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh1 borcun və ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanındakı 34 saylı mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, mənzilə tutma yönəldildikdə və o, satıldıqda Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 tutduğu yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanındakı 34 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 76264,36 manat əsas borc, 500 manat cərimə borcu, cəmi 76764,36 manatın, həmçinin, bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı1 ASC-nin qarşısında girov ilə yüklü edilmiş ünvan 1, mənzil 34-də yerləşən fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra boşaldılması, ekspertiza tədqiqatının dəyəri 145 manatın Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən İddiaçı1 ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq faiz və cərimə borcu tələbini təmin etməmişdir. Qətnamədən, həmçinin, Cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin ondan 76764,36 manat tutulması hissəsində dəyişdirilərək, borcun məbləğinin 51160,36 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə-mühasibatlıq ekspertizasının 22.01.2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 11.07.2016-cı il tarixə banka olan əsas borcu 76264 manat 36 qəpik müəyyən edilir. Lakin həmin ekspertizanın "tədqiqat prosesinin təsviri hissəsi"ndə göstərilmişdir ki, Cavabdeh1 cəmi 77.000 manat kredit verilmiş və onun tərəfindən 11.07.2016-cı il tarixədək kredit borcu üzrə 57646,56 manat ödəniş aparılmışdır ki, həmin məbləğin 25839,64 manatı əsas borca, 31806,92 manatı isə faiz borcuna silinmişdir. Göründüyü kimi əgər ekspertizanın tədqiqatın təsviri hissəsində göstərilənlərlə hesablansaydı Cavabdeh1 banka olan əsas borcu 51160,36 manat olmalı idi. Lakin nədənsə ekspert heç bir əsaslandırma aparmadan nəticə hissəsində əsas borcun 76264.36 manat olduğuna dair rəy verir. Qeyd edilən ekspertiza rəyində cərimə barədə qeyd edilmişdir ki, kredit müqaviləsində cərimə və cərimə hesablaması ilə bağlı heç bir məlumat olmadığından cərimə hesablanmamışdır. Lakin heç bir əsas olmadığı halda məhkəmə öz təşəbbüsü ilə cavabdehdən 500 manat cərimənin tutulmasını da qət etmişdir. Bununla bağlı məsələni yenidən aydınlaşdırmaq üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı məhkəməyə vəsatət versək də, məhkəmə həmin vəsatəti baxılmamış saxlayaraq, ilkin mərhələdə ekspertin dindirilməsi barədə qərar qəbul edərək prosesi təxirə saldı. Lakin növbəti iclasda eksperti dindirmədən və vəsatətə münasibət bildirmədən vekun məhkəmə aktı-qətnamə qəbul etmişdir. Bundan əlavə iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının 16.08.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ipoteka predmeti olan Bakı şəhəri, Kavcrockin küçəsi 34 saylı evin 34 saylı mənzilinin likvid dəyəri 95.000 təşkil edir. İpoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış 13 avqust 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Kaveroekin küçəsi 34 saylı evin 34 saylı mənzilinin dəyəri 113.000 manat müəyyən edilmişdir. İpoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış 13 avqust 2008-ci il tarixli ipoteka müqaviləsinə 3 saylı əlavədə həmin mənzilin dəyəri 114.000 manat müəyyən edilmişdir. Göründüyü kimi 2008 və 2014cü illərdə aparılmlış qiymətəndirmələrdə mənzilin dəyərinin müvafiq olaraq 113.000 manat və 114.000 manat müəyyən edilməsinə və ölkədə olan iki devalvasiya prosesindən sonra və Bakı şəhərində aparılan yararsız binaların sökülərək sakinlərinin köçürülməsi ilə bağlı ikinci əl mənzillərə tələbatın artması ilə əlaqədar olaraq daşınmaz əmlakın dəyərində əhəmiyyətli artım baş verməsinə baxmayaraq əmlakın qiymətləndirilməsi ekspertizasının 16.08.2019-cu il tarixli rəyi ilə ipoteka predmeti olan Bakı şəhəri, Kaveroekin küçəsi 34 saylı evin 34 saylı mənzilinin likvid dəyəri 95.000 olmasının müəyyən edilməsi tamamilə əsassızdır. Belə ki, qeyd edilən mənzilin likvid dəyəri hal-hazırda ən azı 165.000-170.000 manat arasında dəyişir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi özləri tərəfindən apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Həmçinin, əlavə olaraq nümayəndə bildirmişdir ki, cavabdehə aralarında bağlanmış müqaviləyə əsasən 77000 manat kredit xətti ayrılmışdır. Cavabdeh bu müddət ərzində müqavilə üzrə ödənişlər həyata keçirib və yenidən xətti aşmamaq şərti ilə ona müxtəlif vaxtlarda pul məbləğləri verilmişdir, buna görə də sənədlərdən ona ümumilikdə 77000 manatdan artıq pul verildiyi müəyyən olunur. Daha sonra qeyd etmişdir ki, cavabdehin banka faiz borcunun olmaması ilə razılaşırlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili isə özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər cavabdehlər səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbini pozmuş, “cavabdehlərin mənzildən istifadə hüquqularına xitam verilməsi və satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması” tələblərinə ümumiyyətlə münasibət bildirməmiş və bununla bağlı qətnaməni əsaslandırmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Kollegiya iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan 10.07.2014-cü il tarixli, 120LN.2105.100714.00001 saylı kredit sazişinə əsasən İddiaçı1 ASC Cavabdeh1 ilə müqavilə bağlanmışdır. Bank Müştəriyə cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 22% ödəmək şərtilə 77000 manat məbləğində kredit xətti ayırır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh1 10 gün ərzində borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan 10.07.2014-cü il tarixli, 120LN.2105.100714.00001 saylı kredit sazişi üzrə ödəniş qrafikindən görünür ki, Cavabdeh1 müqavilə üzrə hər ay üçün ödəniş məbləği müəyyən edilmişdir. İş materiallarında olan 28.04.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 76345,88 manat əsas, 13390,22 manat faiz, 13390,22 manat hesablanmış artırılmış faiz borcu olmaqla, cəmi 103.126,32 manat məbləğində borcu vardır. İş materiallarında olan 13.08.2008-ci il tarixli İ-010/İF/MF nömrəli ipoteka müqaviləsindən görünür ki, 10.07.2014-cü il tarixli, 120LN.2105.100714.00001 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ünvan 1, mənzil 34-də yerləçən fərdi yaşayış evini bank qarşısında yüklü etmişdir. İş materiallarında olan müqavilələrdən görünür ki, ipoteka müqaviləsinə əlavələr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin 06.05.2017-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus ünvan 1, mənzil 34-də yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ərizədən görünür ki, İddiaçı2 tərəfindən AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ın Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1, mənzil 34-də yerləçən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı1 ASC-nin adına ipoteka yüklü edilmiş, qeydiyyata alınmışdır. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçə kdən ibarət 2 otaqlı 34 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 789 nömrəli reyestr kitabının 73690 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MN Abşeron rayon MİH-nın 1 saylı Evlər İdarəsinin 07.07.2014 saylı arayışından görünür ki, Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 ünvan 1, mənzil 34-də yerləçən fərdi yaşayış evində daimi qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2020-ci il tarixli 13342 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, borcalan Cavabdeh1 tərəfindən İddiaçı1 ASC-dən alınmış kredit vəsaiti üzrə 11.07.2016-cı il tarixə banka ödənilməli olan borcu ümumilikdə 76264,36 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 76264,36 manat, faiz borcu üzrə 0,00 manat. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 21.01.2021-ci il tarixli QXM 375/M saylı rəyindən görünür ki, ünvan 1, mənzil 34-də yerləşən fərdi yaşayış evinin real bazar dəyəri 100.000 manat təşkil edir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində adı çəkilən Cavabdeh1 öhdəliklərini lazımınca icra etmədiyi üçün iddiaçının ona qarşı yönəlmiş əsas və cərimə borcunun ödənilməsi tələbi qismən təmin olunmalıdır. Qeyd olunduğu kimi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2020-ci il tarixli 13342 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, borcalan Cavabdeh1 tərəfindən İddiaçı1 ASC-dən alınmış kredit vəsaiti üzrə 11.07.2016-cı il tarixə banka ödənilməli olan borcu ümumilikdə 76264,36 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 76264,36 manat, faiz borcu üzrə 0,00 manat. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Mühasibatlıq rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas yoxdur. Kollegiya 22.01.2020-ci il tarixli ekspert rəyini əsas götürərək hesab edir ki, Cavabdeh1 iddiaçı bankın xeyrinə 76264,36 manat kredit borcu tutulmalıdır. Cavabdehin borcun düzgün hesablanmadığını olması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Kollegiya xüsusilə vurğulayır ki, müvafiq borc məbləğləri birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatına əsasən verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya məhkəmənin cərimə borcunun məbləğinə dair gəldiyi nəticə ilə isə razılmayaraq aşağıdakıları qeyd edir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; bu isə o deməkdir ki, dəbbə pulunun (cərimənin) müqavilə müddətinin bitdiyi tarixə qədər hesablanmalı olması qənaətinin hüquqi əsası mövcud deyildir. Əksinə, qanunun mənasından göründüyu kimi cərimə, məhz öhdəliyin icra olunmaması halında (olunmadığı dövr üçün) tətbiq oluna bilən maliyyə sanksiyasıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 76264,36 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı bank 13390,22 manat dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qismən əsaslıdır və cavabdendən 3000 manat cərimə borcunun tutulması daha ədalətlidir. Kollegiya, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi bağlı qeyd edir ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə isə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməli və bu qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmuşdur. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 21.01.2021-ci il tarixli QXM 375/M saylı rəyindən görünür ki, ünvan 1, mənzil 34-də yerləşən fərdi yaşayış evinin real bazar dəyəri 100.000 manat təşkil edir. İddiaçı bank həmin məbləği mübahisələndirmədiyi üçün, cavabdeh tərəf isə mənzilin daha da qiymətli olmasına dair sübut təqdim etmədiyi üçün məhkəmə kollegiyası "xxxx" MMC-nin rəyi ilə razılaşır və ilkin satış qiyməti olaraq 100.000 manat müəyyən olmasının daha ədalətli hesab edir. Kollegiya, həmçinin, hesab edir ki, mənzil satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Bununla belə kollegiya, iddia tələbini “cavabdehlərin ipoteka predmetinə istifadə hüquqlarına xitam verilməsi” hissələrində əsaslı hesab etmir; belə ki, yüklü edilmiş əşyaya, xüsusən də ipoteka predmetinə mülkiyyət hüququna xitam verilmə “İpoteka haqqında” qanunla tənzimlənir. Həmin Qanunun 59.1-ci maddəsinin mənasına görə isə, ipoteka predmetinə tutmanın yönəldilməsi nə hələ mülkiyyət hüququnun itirilməsi demək deyildir, nə də orada yaşayanların həmin sahəni 1 ay müddətində tərk etmələri üçün əsas ola bilməz (59.3-cü maddədə nəzərdə tutulmuş hal istisna olmaqla). Çünkü ipoteka predmetinin yeni mülkiyyətçisi bilinmədən kiminsə mülkiyyətinin əlindən alınması, oranın tərk edilməsi və bu kimi digər hallara yolverilməsi qadağandır və ən azından belə hallar şəxsin konstitusiya hüququnun pozulmasıdır. Buna görə də, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldilidiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Kollegiya iddia tələbinin “satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması” hissəsinin də əsassız olduğunu vurğulayaraq qeyd edir ki, həmin hissə də iddia tələbi təmin edilməməlidir. Belə ki, cavabdehdən borc məbləğinin tutulması qət edilmiş və ipoteka predmeti tələbi ödəmədiyi halda icra mərhələsində bu məsələ aktual olacaqdır və həmin mərhələdə qiymət veriləcəkdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 30 manat Cavabdeh1 alınaraq iddiaçıya ödənilməli, dövlət, apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu isə apelyatorların özləriə aid olunmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi məbləği olan 145 manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 76264,36 manat əsas borc, 3000 manat cərimə borcu, cəmi 79264,36 (yetmiş doqquz min iki yüz altmış dörd manat, 36 qəpik) manat, həmçinin bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulsun. Tutma İddiaçı1 ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1, mənzil 34-də yerləşən fərdi yaşayış evinə yönəldilsin, mənzilin ilkin satış qiyməti 100.000 (yüz min) manat müəyyən edilsin, mənzil açıq hərracda satılsın, satışdan əldə edilən vəsait hesabına borc ödənilsin, mənzil satıldıqdan 1 ay sonra boşaldılsın. İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh1 verilsin. Ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh1 tutularaq X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar