Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7766/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bank) Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh bankın xeyrinə 45 087,13 (qırx beş min səksən yeddi manat on üç qəpik) manat əsas, 1813,16 (bir min səkkiz yüz on üç manat 16 qəpik) manat faiz borcu olmaqla 46 900,29 (qırx altı min doqquz yüz manat 29 qəpik) manat borcun, iddia ərizəsinə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat ödənişin tutulması, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən evin 13 saylı mənzilinə tutma yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın tələbinin satılmış əmlak hesabına ödənilməsi, mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış 10.08.2017-ci il tarixli 17/182 saylı kredit müqaviləsinə əsasən ona mənzilin alınması üçün illik 4% dərəcəsi ilə 226 ay müddətinə 55 000 (əlli beş min) manat kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən evin 13 saylı mənzili ipoteka ilə yüklü edilərək bununla bağlı tərəflər arasında 10.08.2017-ci il tarixdə “Alqı-satqı və ipoteka müqaviləsi” bağlanmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh 03.05.2021-ci il tarixinə 45 087,13 (qırx beş min səksən yeddi manat on üç qəpik) manat əsas, 1813,16 manat faiz olmaqla cəmi 46 900,29 (qırx altı min doqquz yüz manat 29 qəpik) manat borcu ödənilməmiş qalmış, cavabdehə dəfələrlə müraciət olunmasına, bank tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 45 128,84 (qırx beş min manat yüz iyirmi səkkiz manat səksən dörd qəpik) manat əsas, 101,15 (yüz bir manat on beş qəpik) manat faiz borcunun və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 81 000 (səksən bir min) manat məbləğində müəyyən edilməklə tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 93 nömrəli evin 12 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-nə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, əmlakın qiymətləndirilməsi ilə tədqiqatın dəyəri olan 250 (iki yüz əlli) manatın Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – faiz borcunun məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində - ləğv olunmasını xahiş etmiş, şikayətini məhkəmənin, faiz borcunun 1813,16 manat təşkil etdiyinin sadə riyazi hesablama əsasında aydın olduğunu və özünün təyin etdiyi qiymətləndiricinin rəyi ilə əmlaka 68 000 manat likvid qiymətin qoyulduğunu nəzərə almadığı arqumentləri ilə əsaslandırmaqla cavabdehdən 45 087,13 manat əsas, 1813,16 manat faiz borcunun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 68 000 manat müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını istəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə şikayətin faizlə bağlı hissədə əsaslı olduğunu, mənzili satışa çıxardığını və satdıqdan sonra borcunu ödəyəcəyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, qətnaməni lazımi qaydada əsaslandırmamış, iddia tələblərindən bəzilərinə ümumiyyətlə qiymət verməmi, iddiaçı bank cavabdehdən 45 087,13 manat əsas borc məbləğini tələb etdiyi halda ondan 45 128,84 manat əsas borc məbləğini tutmaqla iddia tələbindən kənara çıxmışdır; halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Kollegiya iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, qeyd olunan hallar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, bankla Cavabdeh arasında 10 avqust 2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank ona ünvan 2 ünvanında yerləşən mənzilin alınması məqsədilə 226 ay müddətinə və illik 4 % ödəmək şərtilə 55 000 manat kredit verməyi, Cavabdeh isə kredit borcunu faizi ilə birlikdə qaytarmağı öhdələrinə götürmüş, kredit öhdəliyinin təminatı kimi qeyd olunan mənzil ipotekaya qoyularaq bununla bağlı 10 avqust 2017-ci il tarixdə ipoteka müqaviləsi rəsmiləşdirilmiş, ipoteka predmetinin bazar dəyəri 78 000 manat, likvid dəyəri 66 500 manat müəyyənləşdirilmişdir. İş materiallarından görünür ki, Cavabdeh kredit ödənişlərini gecikdirmiş və 03.05.2021-ci il tarixinə onun 45 087,13 manat əsas, 1813,16 manat faiz borcu olmaqla ümumilikdə 46 900,29 manat borcunun yarandığı hesablanmışdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın 07 aprel 2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh 01.06.2020-ci il tarixinə 45 128,84 manat əsas, 401,15 manat faiz borcu yaranmış, bununla belə bu tarixdən sonra (30.07.2020-ci il tarixdə) onun tərəfindən 300 manat ödəni həyata keçirilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası ekspert rəyi ilə faiz borcunun 01.06.2020-ci il tarixdə 401,15 manat, gündəlik faizin orta hesabla 6,00 manat təşkil etdiyinin və cavabdehin 30.07.2020ci il tarixdə 300 manat ödəni həyata keçirildiyinin müəyyənləşdirildiyini, bankın isə 30.07.2020-ci il tarixindən 03.05.2021-ci il tarixinə qədər (277 gün üçün) hesabladığı faiz borcunu tələb etdiyini nəzərə almaqla hesab edir ki, iddia tələbi 1813,16 manat faiz borcunun tutulması hissəsində qismən – 1763,15 manat həddində - təmin oluna bilər (277 gün x 6 manat = 1662 manat (30.07.2020-ci il tarixdən 03.05.2021-ci il tarixinədək yaranmış borc) + 401,15 manat (01.06.2020-ci il tarixə yaranmış borc) – 300 manat (01.06.2020-ci il tarixdən sonra həyata keçirilən ödəniş) = 1763,15 manat)). Cavabdehin iddiaçıya olan əsas borcunun məbləğinin 45 087,13 manat təşkil etdiyi isə nə iddiaçı bank, nə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Kollegiya iddianın, “Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən evin 13 saylı mənzilinə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın tələbinin satılmış əmlak hesabına ödənilməsi” hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Cavabdeh kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. İş materiallarından görünür ki, ipoteka saxlayan ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmçinin həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə onun mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən evin 13 saylı mənzilinə tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına banka ödənilməli olan pul vəsaiti ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi ipoteka qoyana (Cavabdeh) qaytarılmalıdır. Kollegiya iddia tələbinin “mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması” hissəsini isə qismən əsaslı hesab edir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kollegiyanın qənaətinə görə, ipoteka qoyan üzərinə müvafiq öhdəlik götürmüş olduğundan, “mənzil satıldıqdan 1 ay sonra onun mənzildən çıxarılması” tələbinin təmin olunması üçün dispozitiv şərtlər mövcuddur; bununla belə iddiaçı bankın iddia tələbində göstərilən “digər şəxslər” qeyri-müəyyən olduqlarından və onların belə bir öhdəlik götürübgötürmədikləri barədə sübut(lar) təqdim edilmədiyindən, göstərilən hissədə iddianın təmin olunması mümkün deyildir. Nəzərə alınmalıdır ki, yüklü edilmiş əşyaya, xüsusən də ipoteka predmetinə mülkiyyət hüququna xitam verilmə “İpoteka haqqında” qanunla tənzimlənir. Həmin Qanunun 59.1-ci maddəsinin mənasına görə isə, ipoteka predmetinə tutmanın yönəldilməsi nə hələ mülkiyyət hüququnun itirilməsi, nə də orada yaşayanların istifadə hüquqlarına xitam verilməsi üçün əsas ola bilməz (59.3-cü maddədə nəzərdə tutulmuş hal istisna olmaqla). Çünkü ipoteka predmetinin yeni mülkiyyətçisi bilinmədən kiminsə mülkiyyətinin əlindən alınması və bu kimi digər hallara yolverilməsi qadağandır və ən azından belə hallar şəxsin konstitusiya hüququnun pozulmasıdır. Buna görə də, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldilidiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Əks təqdirdə, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə görə, ipoteka qoyan və orada yaşayan digər şəxslər məhkəmənin qərarı ilə məcburi qaydada çıxarılırlar. Eyni zamanda kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, ipoteka müqaviləsi bağlanarkən əmlakın likvid qiymətinin 66 500 manat olduğu barədə rəy alınmış, birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirici isə mənzilin likvid qiymətinin 68 000 manat təşkil etdiyi nəticəsinə gəlmişdir. Kollegiya əmlakın ilkin satış qiyməti olaraq məhz 68 000 manat məbləğinin əsas götürülməsini məqsədəmüvafiq sayır; çünkü əmlakın qiymətinin 2017-ci ildən sonra kəskin şəkildə yüksəlməsi barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün iddiaçının ödədiyi 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ekspertiza tədqiqatlarının dəyəri isə cavabdehdən tutularaq müvafiq hesablara köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-202/2021 saylı iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələblərinə dair iddiası qismən təmin olunsun. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 45 087,13 (qırx beş min səksən yeddi manat 13 qəpik) manat əsas, 1763,15 (min yeddi yüz altmış üç manat 15 qəpik) manat faiz borcu olmaqla 46 850,28 (qırx altı min səkkiz yüz əlli manat 28 qəpik) manat kredit borcu, habelə ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 75,80 (yetmiş beş manat 80 qəpik) manat tutulsun. ünvan 1 ünvanında yerləşən evin 13 saylı mənzilinə tutma yönəldilsin, həmin əmlak hərracda satılsın, onun satışından əldə edilmiş pul vəsaiti hesabına 46 850,28 (qırx altı min səkkiz yüz əlli manat 28 qəpik) manat kredit borcu, habelə ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 75,80 (yetmiş beş manat 80 qəpik) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılsın. ünvan 1 ünvanında yerləşən evin 13 saylı mənzilinin ilkin satış qiyməti 68 000 (altmış səkkiz min) manat məbləğində müəyyən edilsin. ünvan 1 ünvanında yerləşən evin 13 saylı mənzili hərracda satıldıqdan 1 (bir) sonra Cavabdeh oradan çıxarılsın. İddia tələbləri qalan hissələrdə təmin olunmasın. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN **********, H/h AZ64BBTB**********1583000005, M/h AZ13NABZ********************, Kod 501554, SWİFT BBTBAZ22, VÖEN **********), mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7766/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7766/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver