Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7810/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı Haqverdiyeva (Sarıyeva) Nigar Müqabil qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Haqverdiyev Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Haqverdiyeva (Sarıyeva) Nigar Müqabil qızının cavabdeh Haqverdiyev Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-586/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Haqverdiyeva (Sarıyeva) Nigar Müqabil qızı cavabdeh Haqverdiyev Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona məxsus olan cədvəldə göstərilmiş - 1 dəst qarnitur 750 əyyar brilyant - 35 qr, 1 ədəd nişan üzüyü 583 əyyar brilyant qaşlı - 6 qr, zəncirvari sep 750 əyyar italyan qızılı - 28 qr, zəncirvari qolbaq 750 əyyar 9 qr, yumru sadə sırğa 583 əyyar 4,5 qr, uşaq sırğası 583 əyyar 9 qr olmaqla 6 adda qızıl-zinət əşyalarının və ya onların dəyərinin eyni zamanda tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Haqverdiyev Cavabdeh ilə xx xxxx 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx xxxxx 2014-cü il təvəllüdlü Haqverdiyeva Mədinə Cavabdeh qızı, xx xxxxxxx 2017-ci il təvəllüdlü Haqverdiyev Məcid Cavabdeh oğlu adlı iki uşaqları doğulmuşdur. 2017-ci ilədək cavabdehlə birlikdə yaşamış və birgə təsərrüfatı idarə etmişlər. O, ikinci uşağına hamilə olarkən cavabdehlə və sonuncunun valideynləri ilə münasibətləri pozulmuşdur. Eyni zamanda, cavabdeh onu, cavabdehin anası barədə polisə müraciət etdiyi üçün hamilə vəziyyətində döymüş və təhqir etmişdir. Təxminən 2017-ci ilin oktyabr ayında axırıncı dəfə cavabdehlə dalaşandan sonra o, özünü pis hiss etmiş və onu təcili tibbi yardımla xəstəxanaya aparmışlar. Bir neçə gün xəstəxanada qaldıqdan sonra evə gəlmiş və evə gələn zaman cavabdeh artıq evdə olmamış, öz əşyalarını və qızıl-zinət əşyalarını yığışdırıb evdən getmişdir. Belə ki, o, şübhələndiyi üçün dərhal qızıllar olan şkafa baxmış və şkafdan ona məxsus adları çəkilən qızılların və eyni zamanda cavabdehə toyda onun valideynləri tərəfindən hədiyyə kimi alınmış kişi nişan üzüyünü də götürüb özü ilə apardığını görmüşdür. Bununla bağlı cavabdehə zəng edib qızıllarının ona qaytarılmasını tələb etsə də, cavabdeh qızılları qaytarmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-586/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işə birtərəfli baxdığını, təqdim etdiyi sübutlara qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları tam aydınlaşdırmadığını, maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verdiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Haqverdiyeva (Sarıyeva) Nigar Müqabil qızının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-586/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Haqverdiyev Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-586/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Haqverdiyev Cavabdeh ilə Haqverdiyevə (Sarıyeva) Nigar Müqabil qızı arasında xx xxxx 2013-cü il tarixdə Bakı şəhəri, Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və 376 № ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş xx xxxxxxx 2017-ci il təvəllüdlü Haqverdiyev Məcid Cavabdeh oğlu və xx xxxxx 2014-cü il təvəllüdlü Haqverdiyeva Mədinə Cavabdeh qızı anaları X3 himayəsində salxanılması qət edilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən ümumi qızıl-zinət əşyalarının məbləği: 7500 manat təşkil edir və bununla qızılzinət əşyalarının mütəxəssisi X6 rəy verir ki, təqdim olunan sənədlərə uyğun qızıl-zinət əşyaları 7500 manat dəyərindədir. İşə iddiaçı tərəfindən əlavə edilən fotoşəkillərdə tələb edilən və cavabdehdə olması iddia edilən qızıl-zinət əşyalarının fotoşəkilləri əks edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən fotoşəkillərdən cavabdehin qız övladı ilə xx xxxxxx 2019-cu il tarixdə çəkilən şəklində uşağın qulağında sırğa əks olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin sırğa tələb edilən uşaq sırğasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi cehiz və qızıl-zinyət əşyalarının mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin əşyaların cavabdeh tərəfdə olması işin halları ilə sübut olunmur. Belə ki, qızıl zinyət əşyaların həqiqətən də mövcüd olması və hazırda cavabdehin sahibliyində olmasına dair hər hansı sübutu təqdim etməmişdir. İddiaçı tərəfin əsaslandırması mötəbər deyildir. Çünki işdən göründüyü kimi tərəflərin nikahına 2017-ci ildə son qoyulub, həmin tarixdə də, tərəflər faktiki olaraq ayrılmışlar. İddiaçı tələbində bildirir ki, qızılların yerində olmadığını aşkar edəndən dərhal sonra cavabdehlə əlaqə saxlayıb əşyalarını geri tələb etmiş, cavabdeh isə onları qaytarmaqdan imtina etmişdir. Bunun müqabilində iddiaçının iki ilə yaxın müddət gözlədikdən sonra hazırkı iddianı qaldırması inandırıcı deyil. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin münasibətlərinin faktiki pozulmasına qədər cavabdeh iddiaçıya məxsus evdə yaşamışdır və mübahisədən sonra evi cavabdeh tərk etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-586/2020 saylı iş üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7810/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7810/2020
28.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver