Məhkəmə qərarları › İş №2(103)-7833/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7833/2021

30.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Maddi zi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7833/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İB-nə qarşı "əmək müqaviləsinin ləğv edilməsi baradə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2(004)-1119/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 18.11.2020ci il tarixli, 020/460 saylı əmrinin ləğv edilməsi, “Taxtabənd işləri üzrə Supevayzer” vəzifəsinə işə bərpa, cavabdehdən onun xeyrinə 18.11.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi iş buraxmaya görə 4500 manat məbləğində orta aylıq əmək haqqının, 5.000 manat maddi və 5.000 manat mənəvi ziyana görə pulun tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin 18.11.2020-ci il tarixli, 020/460 saylı əmri ilə onunla İddiaçı arasında bağlanmış əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) ləğv edilmişdir. Həmin əmri əsassız və qanunsuz hesab edir. Belə ki, o, 01.03.2001-ci ildə "Xəzərdənizqazmatikinti” trestində əmək fəaliyyətinə başlamış, 20.05.2013-cü ildə Cavabdeh MMC-yə taxtabənd işləri üzrə briqadir vəzifəsinə işə qəbul edilmişdir. 01.10.2015-ci il tarixində həmin şirkətdə taxtabənd işləri üzrə supervayzer vəzifəsinə təyin olunmaqla vəzifədə irəli çəkilmişdir. Himayəsində həyat yoldaşı və 3 azyaşlı övladı var. Cəmiyyətin 24.08.2020-ci il tarixli, 020/304 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən karantin qaydlarının pozulmasına görə ləğv olunmuşdur. Cəmiyyətə qarşı həmin əmrin ləğv edilməsi, işə bərpa barədə, cavabdehdən onun xeyrinə 24.08.2020-ci il il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi iş buraxmaya görə 4500 manat məbləğində orta aylıq əmək haqqının, normadan artıq işə görə 51 576 manat pulun, gecə vaxtı yerinə yetirilən işə görə 29 568 manat pulun, 5.000 manat maddi və 5.000 manat mənəvi ziyan olmaqla, cəmi 10.000 manat pulun tutulması barədə iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.10.2020-ci il il tarixliı, 2(004)- 4546/2020 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən tərəfindən verilmiş apelyasiya şikayəti hazırda Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Qeyd olunan əmək mübahisəsinə baxılarkən, cavabdehin 04.09.2020-ci il tarixli, 020/331 saylı əmri ilə yuxarıda qeyd olunan əmr ləğv edilmiş və işdən çıxdığı gündən işə bərpa olunan günə qədər orta aylıq əmək haqqının ödənilməsi qərara alınmışdır. Hesab edir ki, qeyd olunan iddia ərizəsi üzrə məhkəmə prosesi davam etdiyindən və bu əmək mübahisəsi üzrə mülki iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, yəni yekun məhkəmə qərarı olmadığından, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanunsuz və əsassızdır. Cavabdeh 3 aydan az müddətdə əvvəlcə karantin qaydalarını pozmaqla əlaqədar onu işdən azad etmiş, sonradan əmrin qanunsuz olduğunu qəbul edərək bu əmri ləğv etmiş, onu işə bərpa etmiş, sonra BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin iradına görə, onun bu şirkətin layihələrinə cəlb olunmayacağını əsas tutaraq, ona dənizdən quruya keçməsini təklif etmiş və daha az maaşlı iş təklif etmişdir, daha sonra isə əmək müqaviləsini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) ləğv etmişdir. Qeyd olunanlar açıq şəkildə təsdiq edir ki, cavabdeh ona qarşı qərəzli olmuş, hansı yollarla olursa olsun əmək müqaviləsinin ləğv edilməsini qarşısına məqsəd qoymuş, qanuni əsaslarla bunu həyata keçirə bilmədiyindən qanunsuz üsullardan da çəkinməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Lakin, əmək müqaviləsinin 18.11.2020ci il tarixli, 020/460 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) ləğv edilməsi sadə bir əsas və ya əmr (məsələn: əmək müqaviləsinin müddətinin qurtarması, işçinin öz xahişi ilə Əmək müqaviləsinin ləğv edilməsi əsası və sair) deyildir və yalnız qərar hissəsindən ibarət olmamalıdır. Belə ki, bu barədə olan əmr və işdən azad olunma müvafiq qaydada əsaslandırılmalı və normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət olmaqla tərtib edilməlidir. Göstərilən əsasdan da bu əmr qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Hesab edir ki, Cavabdeh MMC-nin əmri o əsasdan da qanunsuzdur ki, bu əmrdə ştatların ixtisarı və işdən azad olunması əsaslandırılmayıb, ümumi sözlərdən istifadə edilməklə yalnız qərar hissəsindən ibarətdir. Cavabdeh müəssisə tərəfindən ştatların ixtisarı və işçilərin sayının azaldılması ilə bağlı əvvəlcədən əsaslandırılmış əmr tərtib olunmamış, ixtisarların zəruriliyi əsaslandırılmamış, şirkət üzrə ixtisarların hansı sahə və struktur bölmələri üzrə aparılması göstərilməmiş, bu ixtisarların hansı peşə və ixtisaslara şamil edilməsi göstərilməmiş, neçə nəfər işçinin sayının azaldılması və ya ştatının ixtisarı göstərilməmiş və əsaslandırılmamış, ştatların ixtisarı və işçilərin sayının azaldılmasının hansı zərurətdən yaranması əsaslandırılmamışdır. Cavabdeh MMC-də onunla eyni vəzifədə 40 nəfərdən artıq işçi işləyir. Nədənsə bu ixtisarlar digər işçilərə deyil, yalnız ona şamil edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyala keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşində bu qədər yüksək göstəricilərinin, peşəkarlığının və iş təcrübəsinin olmasına baxmayaraq, cavabdeh müəssisə ondan aşağı göstəricilər göstərmiş və peşəkarlığı aşağı olan işçiləri işdə saxlayaraq, onun tutduğu vəzifəni qanunsuz olaraq ixtisar etmişdir. Əgər peşəkarlığı yüksək olmasaydı işəgötürən tərəfindən yüksək vəzifəyə irəli çəkilməz və mükafatlandırılmazdı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara. Məhkəməyə təqdim etdiyi sənədlər də təsdiq edir ki, 16 yaşınadək 3 azyaşlı övladı var. Lakin ixtisarlar aparılarkən Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinin tələblərinə də əməl edilməmişdir. Göstərilən əsasdan bu əmr qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən 5.000 manat maddi, həmin Məcəllənin 290-cı maddəsinə əsasən 5.000 manat mənəvi ziyanın əvəzi kimi cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2(004)-1119/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni əsaslarla əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından əsassız və qanunsuzdur. Belə ki, onun barəsində Cavabdeh MMC tərəfindən 18.11.2020-ci il tarixli, 020/460 saylı əmr verilərkən əmək qanunvericiliyinin tələblərinin ciddi şəkildə pozulması ilə bağlı iddia ərizəsində ifadə etdiyi və məhkəmə iclasında bildirdiyi mövqeyinə qətnamədə lər hansı bir münasibət bildirilməmişdir. Belə ki, işə baxan hakim qətnamənin əsaslandırıcı hissəsində Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci bəndinə istinad edərək işəgötürənin hüquqlarını sadalayır, sonra isə işəgötürənin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin icra olunmasına hər cür müdaxilə və maneələr edilməsinin yolverilməz olduğunu vurğulayır. Sonda da bunun, yəni müdaxilələrin məsuliyyət yaratdığını qeyd etməklə, sanki, işəgötürənə toxunulmazlıq statusu verərək onun qərarlarının müzakirə olunmaz, dartışılmaz olduğu qənaətinə gəlir. Halbuki, işəgötürənin istinad olunan maddədə nəzərdə tutulmuş hüquqlarının, o cümlədən əmək müqavilələrini ləğv etmək hüququnun həyata keçirilməsi yalnız qanuni əsaslar üzərində olmalıdır. Əks təqdirdə, hüquqdan sui-istifadə yaranır ki, işçinin hüquqlarını pozduğu üçün bununla da razılaşmaq olmaz. Hesab edir ki, qərəzlə əhatə olunmuş məhz bu cür yanlış yanaşma işə baxan hakimin işəgötürənin ona qarşı olan qərəzli mövqeyini və bu mövqedən doğan qanunsuz hərəkətlərini görməsinə mane olmaqla qətnamədə “iddiaçı hüquqlarının pozulduğunu sübut edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir” şəklində nəticəyə gəlməsinə səbəb olmuşdur. Cavabdeh müəssisə tərəfindən verilmiş 18.11.2020-ci il tarixli əmrin qanunsuzluğunu təsdiqləyən istinad etdiyi maddi normalara məhkəmə tərəfindən nəzər alınmaması və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmamsı birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsini şərtləndirir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsivəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətiinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan Cavabdeh MMC-nin baş direktoru X3 ilə İddiaçı arasında bağlanmış 01.05.2017-ci il tarixli Off/SC 0160/3041 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı 01.05.2017-ci il tarixdə taxtabənd işləri üzrə supervayzer vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanlandığı 17.09.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı 2020-ci il 14 avqustdan 15 avqusta keçən gecə Holiday İnn otelində karantində olduğu müddət ərzində oteli tərk etmiş, bununla da karantin qaydalarının pozuntusuna yol vermişdir. Belə olan halda, onun ya Socar Cape şirkətinin müştərisi olan BP Exploration (Caspian Sea) LTD şirkətinin idarə etdiyi layihəyə tutduğu vəzifə üzrə işə cəlb olunması qeyri-mümkündür. Göstərilmişdir ki, hazırda Cavabdeh şirkətinin cəlb olunduğu digər layihələrdə əlavə taxtabənd işləri üzrə supervayzerin işlərə cəlb olunmasına da zərurət yoxdur. Ona görə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq, İddiaçı 21 sentyabr 2021-ci il tarixdən etibarən əmək müqaviləsinin qüvvədə olma müddəti ərzində Cavabdeh şirkətində Neft Emalı zavodunda taxtabənd işləri üzrə briqadir köməkçisi vəzifəsinə keçirilməsi təklif edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanlandığı 23 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, 17.09.2020-ci il tarixli bildirişə münasibət bildirmədiyi üçün həmin bildiriş təkrarən iddiaçıya göndərilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanlandığı 08.10.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçıya Socar Cape şirkətində Neft Emalı zavodunda taxtabənd işləri üzrə briqadir köməkçisi vəzifəsinə keçirilməsinin (başqa işə keçirmə) təklif edilməsinə baxmayaraq, o, təklifə heç bir münasibət bildirməmiş və işə çıxmamışdır. Qeyd edilənləri nəzərə alaraq bildirilmişdir ki, onunla bağlanmış Off/SCO0160/3041 saylı 01.05.2017-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (b) maddəsinə əsasən, tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar, 19.11.2020ci il tarixdə ləğv ediləcəkdir. Müqavilənin ləğvinədək və ləğvi zamanı Azərbaycan Respublikasının əmək qanunvericiliyinin bütün müvafiq qaydalarına riayət olunacaqdır. Bildirilmişdir ki, xəbərdarlıq müddəti ərzində (bu bildiriş təqdim edildiyi tarixdən) iş axtarmaq məqsədilə əmək funksiyalarının icrasından tamamilə azad olunur və bu səbəbdən işə çıxması tələb olunmur. İş materiallarında olan Cavabdeh MMC-nin 18 noyabr 2020-ci il tarixli, 020/460 saylı “əmək müqaviləsinin ləğv olunması haqqında” əmrindən görünür ki, “SOCAR Cape» MMC-də “Taxtabənd işləri üzrə supervayzer” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış off/0160/3041 saylı 01.05.2017-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən və Məcəllənin 77-ci maddəsinin 1-3-cü hissələrində nəzərdə tutulmuş qaydada 19.11.2020-ci il tarixdən etibarən xitam verilməsi, əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar bu əmrin surətinin, işçinin əmək kitabçası və son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ışdənçıxarma müavinəti də daxili olmaqla) sonuncu iş günü işçiyə təqdim edilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 07.10.2020-ci il tarixli 020/374/2 saylı ştat vahidlərinin ixtisan haqqında əmrindən görünür ki, ştat cədvəlində iddiaçının işlədiyi taxtabənd işləri üzrə supervayzer vəzifəsi və X1 işlədiyi taxtabənd işləri üzrə baş superintendent vəzifəsi üzrə ştatlar ixtisar edilmişdir. Mülki işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh MMC ilə arasında bağlanmış 01.05.2017-ci il tarixli Off/SC 0160/3041 saylı müddətli əmək müqaviləsi əsasında taxtabənd işləri üzrə supervayzer vəzifəsinə işə qəbul edilmiş, onunla bağlanmış əmək müqaviləsinə 18 noyabr 2020-ci il tarixli, 020/460 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən, tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar 19.11.2020-ci il tarixdən etibarən xitam verilmişdir. Hazırda iddiaçı qeyd edilən əmri mübahisənləndirərək ləğv edilməsini, işə barpa edilməsini, məcburi işburaxmaya görə əmək haqqının tutulmasını, maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, iddiaçı hüquqlarının pozulduğunu sübut edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. İş materialları ilə müəyyən edilmişdir ki, hazırki iddia İddiaçı ilə cavabdeh “SOCAR Cape» MMC arasında ikinci əmək mübahisəsidir. Belə ki, işəgötürən “SOCAR Cape» MMC-nin 24.08.2020-ci il tarixli, 020/304 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmiş, iddiaçı bu barədə iddia ilə məhkəməyə müraciət etmiş, əmək mübahisəsinə məhkəmədə baxılması zamanı cavabdehin 04.09.2020-ci il tarixli, 020/331 saylı əmri ilə 24.08.2020-ci il tarixli, 020/304 saylı əmr ləğv edilmiş və iddiaçı “Taxtabənd işləri üzrə supervayzer” vəzifəsi üzrə işə bərpa edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 76-cı maddəsinin birinci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İlkin olaraq Kollegiya iddiaçının apellyasiya şikayətində qeyd etdiyi yüksək göstəricilərinin, peşəkarlığının və iş təcrübəsinin olması, lakin buna baxmayaraq, cavabdehin peşəkarlığı aşağı olan işçiləri işdə saxlayaraq, onun tutduğu vəzifəni qanunsuz olaraq ixtisar etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Lakin həmin maddənin tələbindən görünür ki, işçinin peşəkarlıq səviyyəsini işçi özü deyil, işəgötürən müəyyən edir. İddiaçı özünün yüksək peşəkarlığına görə işəgötürən tərəfindən yüksək vəzifəyə irəli çəkilməsini və mükafatlandırılmasını iddia etsə də, iş materiallarında bu hal öz təsdiqini tapmır. Əksinə, iş materiallarında olan Cavabdeh MMC-nin 12 mart 2018-ci il tarixli 018/106 nömrəli əmrindən görünür ki, İddiaçı şirkətin daxili nizam-intizam qaydalarını pozduğuna görə ona sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan edilmişdir. Apellyasiya şikayətində iddiaçının cavabdehin ona qarşı qərəzli olması və hansı yollarla olursa olsun, əmək müqaviləsinin ləğv edilməsini qarşısına məqsəd qoyması barədə qeyd etdikləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh MMC-nin müştərisi olan BP Exploration (Caspian Sea) LTD şirkətinin idarə etdiyi layihədə tutduğu “taxtabənd işləri üzrə supervayzer” vəzifəsində işləməsi onun 14-15 avqust 2020-ci il tarixdə Holiday İnn otelində karantində olduğu müddət ərzində oteli tərk edərək karantin qaydalarının pozuntusuna yol verməsi səbəbindən mümkün olmamış, eyni zamanda, pandemiya dövrü ərzində onlardan asılı olmayan səbəblərdən işlərin azalması baş vermiş, bununla əlaqədar olaraq da “taxtabənd işləri üzrə supervayzer” vəzifəsi üzrə ştat vahidlərinin sayının azaldılması zərurəti yaranmışdır. Bu barədə iddiaçıya da yazılı şəkildə məlumat verilmiş və cavabdeh ona özünün Neft Emalı zavodunda taxtabənd işləri üzrə briqadir köməkçisi vəzifəsinə keçməsini təklif etmişdir. Lakin iddiaçı tutduğu vəzifə üzrə işçilərin sayının ixtisar olunacağına dair məlumatlanmasına və bu barədə bildirişləri almasına baxmayaraq, bildirişlərə münasibət bildirməmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh MMC-nin ştat vahidlərinin ixtisarı haqqında 07.10.2020-ci il tarixli 020/374/2 saylı əmrindən də aydın olur ki, ştat vahidlərinin ixtisarı ilə əlaqədar yalnız iddiaçının tutduğu taxtabənd işləri üzrə supervayzer vəzifəsi deyil, həmçinin taxtabənd işləri üzrə baş superintendent vəzifəsi üzrə ştat da ixtisar edilmiş, həmin vəzifə üzrə də bir işçinin əmək müqaviləsi ləğv edilmişdir. Bununla yanaşı, Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi əsas hüquqları olduğu kimi, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək kimi əsas hüquqları da vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1. maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2. maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırki mülki iş üzrə işəgötürən cavabdeh tərəfindən hüquqdan sui-istifadəyə yol verilməsi, yəni cavabdeh tərəfindən əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarından sui-istifadə etməklə işçilərin sayını ixtisar etməsi və iddiaçı ilə bağladığı əmək müqaviləsini ləğv etməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilən hallarından və qanunvericiliyin yuxarıda sadalanan müddəalarından çıxış edərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsaslarının və işdən çıxarılmanın işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin pozulmaqla yerinə yetirilməsi halları, nəticədə iddiaçıya maddi və mənəvi zərər yetirilməsi, həmçinin Cavabdeh MMC-nin 18.11.2020-ci il tarixli, N020/460 saylı əmrinin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir və qeyd edir ki, mübahisələndirilən qətnamə apellyasiya şikayətlərinin dəlilləri əsasında yoxlanılarkən müəyyən edilir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və mübahisə üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2(004)-1119/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar