Məhkəmə qərarları › İş №2(103)-7864/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7864/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7864/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi K.X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4698/2021 saylı 27.05.2021-ci il tarixli qərardadından iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4698/2021 saylı 27.05.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbiri barəsində ərizəsi qismən təmin edilmiş və “BMW730i” markalı ** HC *** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyulmuşdur. İddiaçı qərardaddan şikayət verərək iddianı təmin etmə tədbiri barədə ərizənin tam təmin edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilənə qədər, ipoteka ilə yüklü edilmiş daşınar əmlakı ipoteka qoyan cavabdeh bir qayda olaraq, etibarnamə əsasında və ya digər üsullarla özgəninkiləşdirməyə çalışır və bir çox hallarda buna nail olurlar. Eyni zamanda təcrübə göstərir ki, icra mərhələsində nəqliyyat vasitəsinin borcun ödənilməsinə yönələcəyini bilən vətəndaş avtonəqliyyat vasitəsinin istismar qaydalarını kobud səkildə pozur, bu səbəbdən nəqliyyat vasitəsi normadan artıq aşınmaya məruz qalır, original ehtiyat hissələri dəyişdirilərək satılır. Qeyd edilən hallar nəqliyyat vasitəsinin qiymətinə və müvafiq olaraq gələcəkdə borcun ödənilməsinə birbaşa təsir etdiyi üçün hesab edir ki, iddianın təmin etmə tədbiri barəsində ərizə təmin edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4698/2021 saylı 30 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi K.X2 şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ərizəsi qismən təmin edilməli, iddianı təmin etmə tədbiri qismində “BMW-730i” markalı ** HC *** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyulmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, göstərilən daşınar və daşınmaz əmlakların istifadəsinin qadağan edilməsi, avtomobillərin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi kimi göstərişlərin qərardadlara əlavə edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq deyil. Belə ki, mənzil və avtomobil kimi əmlaklar həmin əmlaklardan istifadə edən şəxslərin maddi-mənəvi, mənzil kimi ehtiyaclarını ödəməsi üçün nəzərdə tutulmuşdur. Digər tərəfdən həmin əmlakların istifadəsinin qadağan edilməsi istifadə edən şəxslərin şəxsi ehtiyaclarını ödəmələrini çətinləşdirər. Həmçinin, iddianın təmini ilə əlaqədar avtomobillərin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi avtomobillərin istifadəsiz qalmaqla texniki cəhətdən yararsız hala düşməsinə səbəb olduğuna görə məqsədəmüvafiq hesab edilmir. İddia təmin tədbirinin görülməsində məqsəd isə şəxsin həyat şəraitinin çətinləşdirilməsindən deyil, mübahisə predmetinin qorunub saxlanmasından ibarətdir. Bu səbəbdən məhkəmə hesab edir ki, gələcəkdə qəbul edilə biləcək qətnamənin icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmə tədbiri qismində girovda olan avtomobilin üzərinə həbs qoyulmalı, qalan hissədə isə ərizə təmin edilməməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər əsassız olduğundan qərardadın mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni qismən təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Çünki, ərizədə göstərilən tədbirin təmin edilməyən hissəsi qətnamənin gələcəkdə icrası ilə hər hansı formada bağlı deyildir. Belə ki, iddianı təmin etmək haqqında ərizə üzrə tətbiq olunan tədbir verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Apellyasiya instansiya məhkəməsi vurğulayır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşısada və işi qabaqcadan mahiyyəti üzrə həll etməsədə, hazırkı iş üzrə də iddianın təmini tədbirinin təmin edilməyən hissəsi verilmiş iddia tələbinin məzmununa və həddinə mütənasib olmamışdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4698/2021 saylı 27.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4698/2021 saylı 27.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar