Məhkəmə qərarları › İş №2(103)-79/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-79/2023

10.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-79/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, ona qaytarılması və cavabdeh tərəfindən yaranmış manelərin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, ona qaytarılması və cavabdeh tərəfindən yaranmış manelərin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Pirallahı rayon Məhkəməsinin 2(094)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dölət Reyestrindən Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 6cı Cənub küçəsi, “ADMİU” b/y-nın 12 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dölət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin AN seriyalı 413743 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 6-cı Cənub küçəsi, “ADMİU” b/y-nın 12 saylı bağ sahəsi ünvanında 0.0425 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, ona qaytarılması və cavabdeh tərəfindən yaranmış manelərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 6-cı Cənub küçəsi, “ADMİU” b/y-nın 11 saylı bağ sahəsi ünvanında yerləşən 0.0425 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Həmçinin bildirir ki, cavabdeh ona məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin sahibidir və orada yaşayır. Torpaq sahəsinə çıxarış aldıqdan sonra ona məlum oldu ki, mülkiyətində olan torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və daş hasara alınmışdır. Dəfələrlə cavabdehi şifahi xəbərdar edərək, həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və zəbt edilmiş torpaq sahəsindən çıxmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bununla bağlı Pirallahı Rayon Polis şöbəsinə müraciətlərinə cavab olaraq bildirilmişdir ki, hazıkı mübahisə mülki xarakterli olduğu üçün, cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə mülki idda qaldırmaq hüququ var. Amma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində qeyd olunur ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət ququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Belə olan halda pozulmuş hüquqlarının bərpası ilə bağlı Pirallahı Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğu üçün, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 6-cı Cənub küçəsi, “ADMİU” b/y-nın 12 saylı bağ sahəsi yanında yerləşən 0.0425 ha torpaq sahəsi cavabdehdən alınaraq ona qaytarılmalı, onun xüsusi mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsi üçün cavabdeh tərəfindən yaranmış maneələr aradan qaldırılmalıdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 6-cı Cənub küçəsi, “ADMİU” b/y-nın 12 saylı bağ sahəsi ünvanında yerləşən 0.0425 ha torpaq sahəsinin boşaldılması və cavabdehdən alınaraq ona qaytarılması, mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsi üçün Cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətləri qadağan edilməsi barədə qətnamə qəbul edilməsini və Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsinin («torpaq üzərində mülkiyyət hüququnu pozma» cinayətinin) əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmaqla, prokurora xəbər verilməsini xahiş etmişdir.

5. Pirallahı rayon Məhkəməsinin 2(094)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi, 6-cı Cənub küçəsi, “ADMİU” b/y-NİN 12 saylı bağ sahəsi ünvanında yerləşən 0,0425 ha torpaq sahəsinin boşaldılması və cavabdehdən alınaraq İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi 6-cı Cənub küçəsi, “ADMİU” b/y-nın 12 saylı bağ sahəsində yerləşən 0,0425 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Lakin həmin torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilərək iddiaçının mükiyyətində olan torpaq sahəsini daş hasara almışdır. Bu isə iddiaçının qanunla qorunan hüquq və mənafelərinə zəddir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdeh tərəfindən qanunsuz olaraq zəb edilmiş torpaq sahəsi boşaldılması və cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində təmin olunmalıdır.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusuyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-ci maddələri, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi, ı Torpaq Məcəlləsinin 68-ci maddəsi, nsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarına, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Pirallahı rayon Məhkəməsinin 2(094)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri icra Hakimiyyətinin 04 oktyabr 1996-ci il tarixli 1342 saylı sərəncamı ilə Bakı şəhəri ərazisində olan bütün bağçılıq yoldaşlıq cəmiyyətlərinə ayrılmış torpaqlar Bakı şəhəri X1 və İstismarı birliyinin sərəncamına verilmişdir. Bundan sonra idarə və təşkilatlara 23 dekabr 1998-ci il tarixli məktubu ilə müraciət edən birlik, həmin idarə və təşkilatların bağçılıq yoldaşlıq cəmiyyətləri barədə məlumatlar tələb edilmişdir. Azərbaycan Dövlət İncəsənət İnstitunun rəhbərliyi birliyə göndərdiyi 16 yanvar 1999-cu il tarixli 01.- 08-06/290 saylı məktubu ilə məlumat vermişdir ki, əməkçi kollektivin imkanı olmadığı üçü bağçılıq yoldaşlıq cəmiyyəti yarada bilməmişlər və bu səbəbdən də onlara ayrılmış torpaq sahəsindən imtina edirlər. “Həqiqətən də 1987-ci ildən 1998-ci ilədək İncəsənət İnstitutunun əməkçi kollektivinə ayrılmış torpaq sahəsində bağçılıq yoldaşlıq cəmiyyəti yaratmaq üçün heç bir iş görülməmişdir. 1998-ci ildə aparılan monitorinqdən sonra Bakı şəhəri İcra Hakimiyyəti bağçılıq yoldaşlıq cəmiyyətlərinə ayrılmış ərazilərdə istifadəsiz qalan çoxlu boş torpaq sahələrinin olduğunu nəzərə alaraq özünün 13 fevral 1998-ci il tarixli 124 saylı sərəncamı ilə boş və istifadəsiz qalan torpaq sahələrinin istismarını həyata keçirməyən şəxslərin onlara verilən torpaq hüquqlarını ləğv etmiş, üzvülük kitabçalarını etibarsız elan etmişdir. 2007-ci ildə Bakı şəhəri X1 və İstismarı birliyi ləğv edilmişdir. Onun səlahiyyətləri heç bir hüquqi şəxsə həvalə edilməmişdir. Buna baxmayaraq İddiaçı 2007-ci ildə ləğv edilmiş Birliyin adından saxta tərtib edilmiş protokoldan çıxarışı təqdim edərək, həmin saxta çıxarış əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Pirallahı rayonu Dübəndi bağ mossivində 6-cı Cənub küçəsində yerləşən guya 12 saylı bağ torpaq sahəsinə dair Reyestrdən çıxarış almışdır. Sonradan tərtib edilmiş və heç bir səlahiyyətli orqan tərəfindən təsdiq edilməmiş bölgü sxemindən də görünür ki, çıxarışda göstərilən 11 saylı bağ tarpaq sahəsi ilə onların istifadə etdiyi torpaq sahəsi arasında 400 (dörd yüz) metr məsafə vardır. Bu hall bir daha təsdiq edir ki, İddiaçı adına verilmiş çıxarış saxta sənədlər əsasında verilmişdir. Həmin çıxarışın istifadə etdiyi torpaq sahəsi ilə heç bir aidiyyatı yoxdur.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

11. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, ekspert rəyində qeyd edilir ki, sahibliyin sənədlə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. 1999-cu ilin bələdiyyə müqaviləsi cavabdehdə var. Ekspert baxış keçirən zaman heç 12-ci bağı tapa bilmədi. Hər 20 metrdən bir sayılsa 20-ci yerə düşür.Ona görə ekspert qeyd edib ki, müəyyənləşdirmək mümkün olmadı. Pirallahı Məhkəməsi onun iştirakı olmadan qətnamə qəbul edib. Çıxarışda olan sahə 58-ci bağ sahəsidir. Bütün olanlar onu yerindən çıxarmaq üçündür. O qazidir. Həmçinin, bölgü sxeminə əsasən mübahisələndirilən ərazi 58-ci bağ sahəsidir, iddiaçıya məxsus deyil. Bütün torpaqlar o vaxt nömrə ilə bölünüb. Qaydasız bölünə bilməz. Ekspertizanın rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan sahəyə uyğun gəlir. Amma, ekspert ona deyib ki, uyğun gəlməyə də bilər. Onun bələdiyyə sənədi var, orada koordinatlar da var. İş materiallarına əlavə edilməlidir. Ona vəkil də izah edib ki, bələdiyyənin sənədi olduğu üçün çıxarış verilə bilməz. 30 ildir ki, bələdiyyəyə ödənişlərini də edir. Çıxarışı bir dəfə inzibati məhkəmədə mübahisələndirib, lakin, məhkəmə baxışsız keçirildi. Heç məhkəmə də olmadı. İddiası rədd edildi. İnzibati məhkəməsinin qərarından şikayət verməyib, çünki həmin zaman rayon məhkəməsində iclas keçirilməyə başladı. O daha sonra Pirallahı Məhkəməsinin qərarını mübahisələndirib. Ekspertə onda olan bütün sənədləri verib. O, bütün sənədləri təqdim edib.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13, İ bənd. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ bənd. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29, İİİ bənd. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

15. Torpaq Məcəlləsi Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 6-cı Cənub küçəsi, “ADMİU” b/y-nın 11 saylı bağ sahəsi ünvanında yerləşən 0.0425 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq ona qaytarılması, torpaq sahəsi ilə bağlı cavabdeh tərəfindən yaranmış manelərin aradan qaldırılmasını xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi, 6-cı Cənub küçəsi, “ADMİU” b/y-NİN 12 saylı bağ sahəsi ünvanında yerləşən 0,0425 ha torpaq sahəsinin boşaldılması və cavabdehdən alınaraq İddiaçı qaytarılması qət edilmişdir.

22. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, onun istifadəsində olan torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsi arasında 400 metr məsafə vardır, İddiaçı adına verilmiş çıxarış saxta sənədlər əsasında verilmişdir, həmin çıxarışın istifadə etdiyi torpaq sahəsi ilə heç bir aidiyyatı yoxdur.

23. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(103)-9842/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilmişdir.

24. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq verilmiş 02 iyun 2023-cü il tarixli, 10/840 nömrəli Ekspert rəyində qeyd edilir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə baş mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 425,0 kv.m metr təşkil edir. Ərazidə dörd torpaq sahəsi bir hasar daxilində olmaqla ara sərhədləri şərtidir. Ərazidən Cavabdeh adlı şəxs istixana kimi istifadə edir. Mülk mübahisəlidir. Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən sahə bütövlükdə İddiaçı (**********41 reyestr nömrəsi) mülkiyyətində olan sahəyə uyğun gəlir. Cavabdeh sahibləndiyi sənəd üzrə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır.

25. Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

26. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

27. Ekspert rəyindən görünür ki, mübahisəli torpaq sahəsi vahid elektron kadastr baza məlumatına əsasən bütövlükdə İddiaçı mülkiyyətində olan sahəyə uyğun gəlir.

28. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

29. Cavabdeh şikayətinin dəlili olaraq mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olmasını, iddiaçının təqdim etdiyi çıxarışın saxta olmasını qeyd etsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

31. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).

32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Pirallahı rayon Məhkəməsinin 2(094)-4/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar