Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7951/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 06.11.2003-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında inşa edilməkdə olan binanın A4 korpusunun 11-ci mərtəbəsində 3 otaqdan ibarət sahəsi 138,97 m2 olan mənzilin ona verilməsi barədə müqavilə bağladıqlarını, mənzilin müqavilədə nəzərdə tutulmuş dəyərini ödədiyini, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini irəli sürmüş, həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin, mənzilin açarının iddiaçıda olduğunun və mənzilə gedibgəldiyinin onun özü tərəfindən bildirilməsinə baxmayaraq MMC-nin ona hansı maneəni yaratdığını araşdırmadığı və beləliklə də MMC-nin üzərinə vəzifə qoymaqda haqlı olmadığı, mənzilin hazırda boş olub-olmadığını aydınlaşdırmadığı, maddi hüquq normasını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri-vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh MMC nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə iddia ərizəsinin məzmununa uyğun izahat verməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, Cavabdeh MMC ilə İddiaçı arasında 06 noyabr 2003-cü il tarixdə 148 saylı müqavilə bağlanmış, müqaviləyə görə adı çəkilən MMC, Bakı şəhəri, Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının A4 korpusunda, 11-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78,32 kv.m olan mənzili müqavilənin 2-ci bəndində sadalananlarla təchiz etməklə (ümumi TQİ, daxili elektrik xətti, daxili sanitariya xətləri, mövsümi isti-soyuq su, xarici qapı pəncərə, girişdə dəmir qapı, mənzillərə dəmir seyf qapı, lift, yüksək keyfiyyətli suvaq işi, pilləkən meydançası, pilləkən qəfəsinin plitələrlə üzlənməsi, rənglənməsi, məhəccərələrin quraşdırılması, otaqlara bir üz şpaklovka vurulması, daxili televiziya antena quraşdırılması) alıcıya, yəni X1 təhvil verməyi, alıcı isə həmin mənzilin müqabilində 3 gün ərzində 41 691 ABŞ dolları pulu MMC-yə ödəməyi öhdələrinə götürmüşlər. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, iddiaçı, mənzilin dəyərini MMC-yə ödəmiş və borcunun olmamasına dair ona müvafiq maliyyə arayışı verilmişdir. İddiaçının iddiasına görə, Cavabdeh MMC onunla bağlamış olduğu müqavilə şərtlərinə əməl etməyərək mənzili ona təhvil verməmişdir; MMC-nin nümayəndəsi isə ona hər hansı maneənin yaradılmadığını irəli sürməkdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məcəllənin 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı mənzilin dəyərini tam ödəməklə onun üzərində hüquqlar əldə etdiyi, cavabdehin hərəkətləri nəticəsində isə onun bu hüquqlarının pozulduğu qənaətinə gəlmişdir. Cavabdehin nümayəndəsinin “məhkəmənin MMC-nin iddiaçıya hansı maneəni yaratdığını araşdırmadığı və beləliklə də MMC-nin üzərinə vəzifə qoymaqda haqlı olmadığı” arqumenti ilə bağlı kollegiya qeyd edir ki, yaradılan maneənin xarakteri iddiaya qiymət verilməsi baxımından əhəmiyyət kəsb etmir və MMC-nin qətnamədən apellyasiya şikayəti verməsi onun iddiaçıya müəyyən maneə yaratdığı qənaətinə gəlməyə əsas verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2711/2021 saylı iş üzrə 30 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdehnə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7951/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7951/2021
19.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver