Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7960/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdeh X1 və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən olunması tələbinə dair e-2(005)-2549/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər 14 oktyabr 2009-cu il tarixində rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X8 doğulmuşdur.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2(005)- 2253/2020 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar anaları İddiaçı yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 340 manat məbləğində alimentin İlkin Qəhrəmanovdan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 14420 nömrəli müqaviləyə əsasən İlkin Qəhrəmanov Bakı şəhəri Nərimanov rayonu 1937 saylı məhəllə Əliyar Əliyev küçəsi 8 saylı bina 7-ci blok 7-ci mərtəbədə 75,32 m ümumi sahəsi olan 823 saylı mənzili almışdır.
4. "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19083 nömrəli müqaviləyə əsasən, İlkin Qəhrəmanov Bakı şəhəri Nərimanov rayonu 1937 saylı məhəllə Əliyar Əliyev küçəsi 8 saylı bina 5-ci blok 1-ci mərtəbədə 3 otaqdan ibarət, ümumi sahəsi 129,39 kv.m olan 532 saylı mənzili almışdır.
a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri həmin mənzillərə özünün ½ hissədə pay hüququnun tanınması, habelə birgə nikah dövründə əldə edilmiş “Mercedes C230” minik markalı Az **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin tarixə real bazar dəyəri kimi 14000 manat pulun ½ hissəsinin, yəni 7000 manat pul vəsaitinin və iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzillər və avtomobil birgə nikah dövründə ailənin birgə gəlirləri hesabına alındığına görə iddiaçının həmin əmlaklar üzərində ½ hissədə payı var. Avtomobil boşanma ərəfəsində cavabdeh tərəfindən satıldığına görə avtomobilin real bazar dəyərinin yarısı cavabdehdən alınıb iddiaçıya verilməlidir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2549/2022 saylı mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayonu 1937 saylı məhəllə Əliyar Əliyev küçəsi 8 saylı bina 7-ci blok 7-ci mərtəbədə yerləşən 75,32 kv.m ümumi sahəsi olan 823 saylı mənzilə və Bakı şəhəri Nərimanov rayonu 1937 saylı məhəllə Əliyar Əliyev küçəsi 8 saylı bina 5-ci blok 1-ci mərtəbədə 3 otaqdan ibarət ümumi sahəsi 129,39 kv.m olan 532 saylı mənzilə dair İddiaçı ½ hissədə pay hüququnun tanınması qət edilmişdir. (hakim Səbinə Nuriyeva)
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisələndirilən əmlaklar tərəflərin birgə nikah dövründə alqı-satqı yolu ilə əldə edildiyindən iddia tələbi daşınmaz əmlaklara münasibətdə təmin edilməlidir. İddia tələbinin nəqliyyat vasitəsinə dair hissəsində isə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı nəqliyyat vasitəsinin satılmasından əldə edilmiş pulun ailənin birgə gəlirlərinə deyil, cavabdehin şəxsi məqsədləri üçün xərcləməsi, habelə özündə saxlamasına dair sübutları məhkəməyə təqdim edə bilmədiyindən həmin hissədə iddia tələbi təmin edilə bilməz.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 33, 36, 37-ci maddələrinə və Mülki Məcəllənin 213, 225-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh X7 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və əmlak bölgüsünün yenidən aparılaraq birgə nikah dövründə əldə edilmiş mənzillər üzərində İddiaçı 1/3 hissədə pay hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların birgə nikahlarından doğulmuş uşaqlar faktiki olaraq cavabdehin himayəsindədir və onlara aid bütün xərcləri cavabdeh, yəni İlkin Qəhrəmanov qarşılayır. Bu səbəbdən cavabdeh hesab edir ki, birgə nikah dövründə əldə edilmiş, lakin iddiaçının heç bir vəsait sərf etmədiyi, heç bir əmək və maliyyə ortaya qoymadan sahiblənməyə çalışdığı əmlaklar yarı hissədə deyil, 1/3-2/3 nisbətində bölünməli idi. Məhkəmə qətnamə qəbul edərkən cavabdehin diqqətəlayiq mənafeyini nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 37.1. Ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə birgə nikah dövründə əldə edilmiş mənzillər üzərində payların nisbəti hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. İş materiallarından görünür ki, tərəflər 2009-2020-ci illərdə rəsmi nikahda olmuş, üzərində payların müəyyən olunması tələb olunan mənzillərdən biri 2011-ci ildə, digəri isə 2014-cü ildə alınmışdır. Ailə Məcəlləsinə əsasən, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İş materiallarından göründüyü kimi, tərəflər arasında nikah müqaviləsi olmamış, mənzillər əldə olunan dövrdə iddiaçı ev təsərrüfatı və uşaqlara qulluq etməklə məşğul olmuşdur. Ailə qanunvericiliyinə əsasən, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Cavabdeh apellyasiya şikayətində birgə nikahlarından doğulmuş uşaqların faktiki olaraq onun himayəsində olduğunu bildirərək mənzillər üzərində iddiaçının ½ hissədə deyil, 1/3 hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşaqlar anaları İddiaçı yanında saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların faktiki olaraq cavabdehin himayəsində olması birgə nikah dövründə əldə edilmiş mənzillər üzərində payların qeyri-bərabər bölünməsinə əsas vermir. Bundan əlavə, məhkəmə araşdırması zamanı mənzillər üzərində cavabdehin payının daha çox müəyyən olunması üçün hər hansı diqqətəlayiq mənafeyi müəyyən edilməmişdir.
18. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
19. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2549/2022 saylı mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.