Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7986/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1195/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 2019/00355-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 9.433.55 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1.981.73 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1.730 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13.145.28 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 72.000 manat müəyyən olunmaqla, açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu 9.433.55 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1.981.73 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1.730 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 13 145.28 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 2019/00355-01 №- li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfndən cavabdehə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 28 noyabr 2019-cu il tarixli, 2019/00355-01 İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 29.11.2019-cu il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən 72.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. İddiaçı BOKT ASC iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə vermiş və tərəflər arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 2019/00355-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 9.433.55 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2.792.76 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4.240 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 16.466.31 ABŞ dolları borcun, ekspertiza tədqiqatının dəyəri olan 500 manat və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 72.000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş, vəsaiti hesabına kreditin əsas borcu 9.433.55 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 2.792.76 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4.240 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 16.466.31 ABŞ dolları borcun, ekspertiza tədqiqatının dəyəri olan 500 manat və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1195/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28 noyabr 2019-cu il tarixli, 2019/00355-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kredit müqaviləsi üzrə 9433,55 ABŞ dolları əsas, 2.792,76 ABŞ dolları məbləğində faiz borc, 100 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 12.326, 31 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu FİNOKO” BOKT ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 nömrəli evin, 19 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcun, dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 nömrəli evin, 19 nömrəli mənzilin ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh tutularaq İddiaçı BOKT ASC-ya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, müqavilədən göründüyü kimi borc müqaviləsi 60 (altmış) ay ərzində aybaay ödəməklə həmin kredit sona çatdırılmalıdır. Digər tərəfdən cavabdeh əvvəlki iş yerini itirmiş, o cümlədən pandemiya ilə əlaqədar özünün və ailəsinin dolanışığı hədsiz çətinləşmiş, ailəyə ümumiyyətlə heç bir yerdən gəlir daxil olmamış və nəticədə həmin müqavilə öhdəliklərini lazımınca yerinə yetirə bilməmişdir. İddiaçı ASC-nin hesablamaları şəffaf aparılmamış, bəzi rəqəmlərin həqiqiliyi şübhə doğurur, iddiaçı ilə birgə hesablamalar aparılmamış, müqavilə öhdəliyinin tam bitməsi müddəti başa çatmadan iddiaçı əsassız olaraq məhkəməyə müraciət etmişdir. Faizlərin və dəbbə pulunun hesablanması üçün mütəxəssis rəyi tələb olunur. Hesab edir ki, borcun ona dair hesablanmış faizlərin və dəbbə pulunun qədərinin tam müəyyənləşdirilməsi üçün onun və ya nümayəndəsinin iştirakı ilə hesablamalarının aparılmasına ehtiyac yaranmışdır. Əslində müqavilənin mətnində öhdəliklərin yerinə yetirilməsi zamanı forsmajor halların baş verdiyi təqdirdə öhdəliyin yerinə yetirilməsində dəyişikliklərin olması bəndi yerini tutmuşdur deyə pandemiya dövrünün fors-major halı kimi nəzərə alınması lazımdır. Eyni zamanda hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilənlərin və dolların məzənnəsinin artması nəticəsində ailə vəziyyətinin ağırlaşması kimi halları nəzərə almamışdır. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etmədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının borcun tutulması hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2019/00355-01 nömrəli, 28.11.2019-cu il tarixli istehlak kredit müqaviləsindən müəyyən olunur ki, həmin müqavilə üzrə kreditor tərəfindən borcluya ilik 24% olmaqla 60 ay müddətinə qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində kreditin verməyi, borcalan isə həmin kredit məbləğini götürməyi və krediti, ondan istifadəyə görə faizləri aralarında razılaşdırılmış müddətlərdə kreditora qaytarmağı barədə öhdəlik götürmüşdür.“FİNOKO" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 2019/00355-01 nömrəli, 28.11.2019-cu il tarixli istehlak kredit müqaviləsi üzrə tərtib olunmuş maliyyə arayışından müəyyən olunur ki, 27.04.2021-ci il tarixinə Cavabdeh banka kredit borcu üzrə 9433,55 ABŞ dolları, faiz bərcu üzrə 2792,76 ABŞ dolları, dəbbə borcu üzrə 4240 ABŞ dolları, cəmi 16466,31 ABŞ dolları borcu var. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 28.11.2019-cu il tarixli, ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər 28.11.2019-cu il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Çemyayevski küçəsi, ev 9, 19 saylı mənzili “FİNOKO" BOKT ASC qarşısında ipoteka ilə yüklü edilməsinə dair razılığa gəlmişlər. “FAME-PRO" MMC-nin 01.04.2021-ci il tarixli, 01/21-146 nömrəli ekspet rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilin 01.04.2021-ci il tarixinə bazar qiyməti 88.000 manat, likvid dəyəri 80.000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də iddia tələbi əsas kredit borcu və hesablanmış faizlər hissəsində tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İlk əvvəl iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə hesablanmış borc məbləği iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş maliyyə arayışına əsasən hesablanmışdır. Qeyd olunan maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 9.433,55 ABŞ dolları əsas, 2.792,76 ABŞ dolları manat faiz borcu müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Bundan başqa iddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə düzgün nəticəyə gəlmişdir. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Kollegiya qeyd edir ki, müqavilə şərtlərinə əsasən, birinci instansiya məhkəməsi cərimə borcunu 100 ABŞ dolları müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, onun maddi vəziyyətinin qənaətbəxş olmaması və COVİD-19 pandemiyasının mövcudluğu onun bank qarşısında olan öhdəliklərinin icra edilməməsinə əsas ola bilməz. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri apellyatorun subyektiv mülahizələrinə əsaslanır və formal xarakter daşıyır. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1195/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7986/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7986/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver