Məhkəmə qərarları › İş №2(103)-7992/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7992/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7992/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinə qarşı “alğısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 iyun 2021-ci il tarixli qərardaddan cavabdehin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən, sahəsi 43.9 kv.m olan qeyriyaşayış sahəsinə dair “Alğı-satqı müqaviləsinin” bağlanmış hesab edilməsi və onun adına həmin qeyri-yaşayış sahəsinə dair cavabdeh DƏDRX Əİ tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” müvafiq “Çıxarışın” verilməsi vəzifəsinin həmin İdarənin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb iş üzrə yekun qərar qəbul edilənədək mübahisəli qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.06.2021-ci il tarixli qərardadla ərizənin təmin edilməsini qərara almışdır. Cavabdeh1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsindən iddianın təmini tədbiri görülmüş daşınmaz əmlak mübahisə predmeti belə deyil. Bundan əvvəl iddiaçı cavabdehə qarşı başqa iddia ilə, yəni “pul tələbi” barədə iddia ilə Rayon Məhkəməsinə müraciət etmiş və guya cavabdeh tərəfindən iddiaçıdan alınmış pulu geri qaytarılmasını tələb etmişdir. Həmin mülki iş üzrə də sözügedən daşınmaz əmlak barəsində Rayon Məhkəməsi tərəfindən iddianın təmini tədbiri görülmüş, lakin onun verdiyi şikayət əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 09.06.2021-ci il tarixli qərardadı ilə iddianın təmini tədbirinin görülməsi barədə qərardadı ləğv etmiş və həmin iş üzrə verilmiş “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəni rədd etmişdir. Həmin qərardadda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş tələblə cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. İddiaçının yeni iddia tələbi əvvəlki mülki işlə əlaqəli olmuş, yeni iddia sonuncu iddia tələbinin əksi kimi çıxış edir. Belə ki, ilkin iddiada guya ona verilmiş pul məbləğinin geri qaytarılmasını xahiş etsə də, sonuncu iddia tələbində isə iddiaçı artıq yeni fikrə düşərək mücərrəd bir alğı-satqı müqaviləsinin olduğunu, onun etibarlı hesab edilməsini və daşınmaz əmlaka dair “Çıxarışın” verilməsini xahiş etmişdir. Bununla da, bir-biri ilə ziddiyyət təşkil edən iki fərqli iddia tələbi mövcud olur ki, bu da iddiaçının ədalət mühakiməsini yanıltmağa çalışmasına dəlalət edir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 08.07.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. MPM-nin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158.1-ci maddəsinin mənasına görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula (maddə 158.1.1.), müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan edilə (maddə 158.1.2.), mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə (maddə 158.1.3.) bilər. MPM-nin 162.4-ci maddəsinə görə, iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Məhkəmə qeyd edir ki, iddianın gələcəkdə rədd edilməsi ehtimalı olduğu kimi, təmin edilməsi ehtimalı da mövcuddur. Belə olan halda işə baxılıb qurtaranadək iş üzrə mübahisəli mənzil ehtimal olunan özgəninkiləşdirilmədən qorunub saxlanılmalıdır. Əks halda təmin edilməsi istisna edilməyən iddia üzrə qəbul edilə biləcək qətnamənin icrasında müəyyən çətinliklər yarana bilər. Bu baxımdan hesab edilməlidir ki, ərizəyə baxmış Rayon Məhkəməsi işə baxılıb nəticə verilənədək, mübahisəli əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə Məhkəmə bildirir ki, iddianın əsaslı olub-olmamasına işin baxılmasının hazırki mərhələsində qiymət vermək mümkün deyil. Hazırda əmlakın özgəninkiləşdirilməsinin qarşını almaq, həmçinin mübahisəyə başqa şəxslərin cəlb edilməsinin qarşısını almaq üçün iddianın təmini tədbirinin görülməsini xahiş edir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi ərizəni təmin etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlili əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar