Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-80/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, ona qaytarılması və cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlundan və X4 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddia İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, ona qaytarılması və cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması tələbinə dair” Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(094)-3/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dölət Reyestrindən çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 11 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dölət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin AN seriyalı 413743 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 11 saylı bağ sahəsi yanında yerləşən sənəd üzrə sahəsi 0.06 olmaqla faktiki sahəsi 0.0425 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, ona qaytarılması və cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 11 saylı bağ sahəsi ünvanında yerləşən 0.0425 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Həmçinin bildirir ki, cavabdeh ona məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin sahibidir və orada yaşayır. Torpaq sahəsinə çıxarış aldıqdan sonra ona məlum oldu ki, mülkiyətində olan torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və daş hasara alınmışdır. Dəfələrlə cavabdehi şifahi xəbərdar edərək, həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və zəbt edilmiş torpaq sahəsindən çıxmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bununla bağlı Pirallahı Rayon Polis şöbəsinə müraciətlərinə cavab olaraq bildirilmişdir ki, hazıkı mübahisə mülki xarakterli olduğu üçün, cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququ var. Amma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində qeyd olunur ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Belə olan halda pozulmuş hüquqlarının bərpası ilə bağlı Pirallahı Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğu üçün, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 11 saylı bağ sahəsi yanında yerləşən 0.0425 ha torpaq sahəsi cavabdehdən alınaraq ona qaytarılmalı, onun xüsusi mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsi üçün cavabdeh tərəfindən yaranmış maneələr aradan qaldırılmalıdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 11 saylı bağ sahəsi ünvanında yerləşən 0.0425 ha torpaq sahəsinin boşaldılması və cavabdehdən alınaraq ona qaytarılması, mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsi üçün Cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətləri qadağan edilməsi barədə qətnamə qəbul edilməsini və Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsinin («torpaq üzərində mülkiyyət hüququnu pozma» cinayətinin) əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmaqla, prokurora xəbər verilməsini xahiş etmişdir.
5. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(094)-3/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 11 saylı bağ sahəsi ünvanında yerləşən 0,0425 ha torpaq sahəsinin boşaldılması və cavabdehdən alınaraq İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusuyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Füzuli rayonundan məcburi köçkün olub Bakı şəhəri Pirallahı qəsəbəsində müvəqqəti məskunlaşan qohumları X2 və onun oğlu X5 yerli icra orqanlarına müraciət etdikdən sonra onlara müvəqqəti istifadə etmək məqsədilə Dübəndi bağçılıq massivində istifadəsiz qalmış boş torpaq sahəsindən 0,20 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində hasarlama işləri apardıqdan sonra, istixana inşa edilmiş, yaşayış evi tikilmişdir və hal hazıradək istifadə edilmişdir, bu işlərin həyata keçirilməsində o, da qohum kimi fəal iştirak etmişdir. Külli miqdarda vəsait xərclənmişdir. 2019-cu ildə İddiaçı əraziyə gələrək istifadə etdiyi torpaq sahəsindən bir hissəsinin ona məxsus olmasını bildirmiş və həmin torpaq sahəsinə görə onlardan böyük məbləğdə pul tələb etmişdir. Dübəndi bağ massivində torpaq sahəsinin hər sotu üçün ***- **** manat qiymət müəyyən edildiyi halda, iddiaçı onlardan 0,0425 ha torpaq sahəsinə görə 25000 (iyirmi beş min) manat pul tələb etmişdir. Tələb edilən məbləğdə pulu ödəyə bilməyəcəyini bildirdikdə o, onlara polis və prokurorluqla hədələmişdir. Sonrakı mərhələdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəxsi araşdırmalar zamanı məlum olmuşdur ki, istifadəsində olan torpaq sahəsi vaxtilə keçmiş Bakı şəhəri İcarə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarı ilə bağçılıq yoldaşlıq cəmiyyəti yaratmaq üçün Azərbaycan Dövlət İncəsənət İnistitutunun əməkçi kollektivindən 61 nəfərə ayrılmışdır. Lakin incəsənət İnstitunun əməkçi kollektivi onlara ayrılmış torpaq sahəsində heç bir praktiki iş görməmişlər. Ayrılmış torpaq sahəsi hasarlamamış, heç bir tikinti işləri aparılmamışdır. Hətta ayrılmış torpaq sahəsində bölgü sxemi belə tərtib edilməmişdir. Nəticədə istifadə edilməyən ərazi zibilxanaya çevrilmiş, tullantılar məkanı olmuşdur. Bakı şəhəri icra Hakimiyyətinin 04 oktyabr 1996-ci il tarixli, 1342 saylı sərəncamı olmadığı üçün bağçılıq yoldaşlıq cəmiyyəti yarada bilməmişlər və bu səbəbdən də onlara ayrılmış torpaq sahəsindən imtina edirlər. “Həqiqətən də 1987-ci ildən 1998-ci ilədək İncəsənət İnstitutunun əməkçi kollektivinə ayrılmış torpaq sahəsində bağçılıq yoldaşlıq cəmiyyəti yaratmaq üçün heç bir iş görülməmişdir. 1998-ci ildə aparılan monitorinqdən sonra Bakı şəhəri İcra Hakimiyyəti bağçılıq yoldaşlıq cəmiyyətlərinə ayrılmış ərazilərdə istifadəsiz qalan çoxlu boş torpaq sahələrinin olduğunu nəzərə alaraq özünün 13 fevral 1998-ci il tarixli, 124 saylı sərəncamı ilə boş və istifadəsiz qalan torpaq sahələrinin istismarını həyata keçirməyən şəxslərin onlara verilən torpaq hüquqlarını ləğv etmiş, üzvlük kitabçalarını etibarsız elan etmişdir. 2007-ci ildə Bakı şəhəri X3 və İstismarı birliyi ləğv edilmişdir. Onun səlahiyyətləri heç bir hüquqi şəxsə həvalə edilməmişdir. Buna baxmayaraq İddiaçı 2007-ci ildə ləğv edilmiş Birliyin adından saxta tərtib edilmiş protokoldan çıxarışı təqdim edərək, həmin saxta çıxarış əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Pirallahı rayonu Dübəndi bağ massivində 5-ci cənub küçəsində yerləşən guya 11 saylı bağ torpaq sahəsinə dair Reyestrdən çıxarış almışdır. Sonradan tərtib edilmiş və heç bir səlahiyyətli orqan tərəfindən təsdiq edilməmiş bölgü sxemindən də görünür ki, çıxarışda göstərilən 11 saylı bağ tarpaq sahəsi ilə onların istifadə etdiyi torpaq sahəsi arasında 400 (dörd yüz) metr məsafə vardır. Bu hal bir daha təsdiq edir ki, İddiaçı adına verilmiş çıxarış saxta sənədlər əsasında verilmişdir. Həmin çıxarışın istifadə etdikləri torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi işi tam və hərtərəfli araşdırmamışdır. Nəticədə qeyri obyektiv, qərəzli, əsassız və ədalətsiz qətnamənin çıxarılmasına səbəb olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılnmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
13. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində isə qeyd olunub ki, «Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur».
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu:
16. Maddə 21. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
17. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dölət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin AN seriyalı 413743 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 11 saylı bağ sahəsi yanında yerləşən sənəd üzrə sahəsi 0.06 olmaqla faktiki sahəsi 0.0425 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
28. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1416 nömrəli rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 425.0 kv.m təşkil edir. Ərazidə 4 (dörd) torpaq sahəsi bir hasar daxilində olmaqla ara sərhədləri şərtidir. Ərazidən Cavabdeh adlı şəxs istixana kimi istifadə edir. Mülk mübahisəlidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 425.0 kv.m olan sahə iddiaçı X1 (**********53 reyestr nömrəsi) mülkiyyətindədir. Cavabdeh sahibləndiyi əraziyə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən torpaq sahəsinin sənəd üzrə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır.
29. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır.
30. Belə ki, cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilərək, iddiaçının mükiyyətində olan torpaq sahəsi daş hasara alınmış, bu isə iddiaçının qanunla qorunan hüquq və mənafelərinə ziddir.
31. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq,
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(094)-3/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.