Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8068/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" İKB ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(005)-77/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" İKB ASC Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinədair iddia ərizəsi və ona əlavə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 15.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə 25145,38 manat əsas, 5326,81 manat faiz, 7602,12 manat cərimə, 15.04.2017-ci il tarixdən 09.01.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2176,55 manat əldən çıxmış fayda olmaqla, cəmi 40250,86 manatın və 18.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 38100,62 ABŞ dolları əsas, 22150,35 ABŞ dolları faiz, 6834,87 ABŞ dolları cərimə, 18.09.2018-ci il tarixdən 09.01.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 588,2 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 67674,04 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, Saray (Sarıqaya) bağlar massivində yerləşən, 6 otaqlı, 165,13 kv.m. yaşayış, 193,76 kv.m. köməkçi sahədən ibarət 372 və B-372 nömrəli bağ evinə və 0,22 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əşyaların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan daşınmaz əşyalara tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin həmin bağ evinə və torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, bağ evindən çıxarılması, evin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(005)- 77/2019 saylı qətnaməsi ilə (hakim Tural Ələkbərov) iddia qismən təmin edilərək, cavabdehdən 15.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə 25145,38 manat əsas, kreditin bitmə tarixinə hesablanmış 5326,81 manat faiz, illik 5% olmaqla hesablanmış 2176,55 manat, 2500 manat cərimə borcu olmaqla, cəmi 35148,74 manat borcun, 18.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 38100,62 ABŞ dolları əsas, kreditin bitmə tarixinə hesablanmış 22150,35 ABŞ dolları faiz, illik 5% olmaqla hesablanmış 588,2 ABŞ dolları, 3800 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 64639,17 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borcun, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın 14.04.2014-cü il tarixli əsas kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Saray (Sarıqaya) bağlar massivində yerləşən, 6 otaqlı, 165,13 kv.m. yaşayış, 193,76 kv.m. köməkçi sahədən ibarət 372 və B- 372 nömrəli bağ evinə və 0,22 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əşyaların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin iddiaçıya ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - cavabdehə qaytarılması, ipoteka predmeti olan daşınmaz əşyaların ilkin satış qiymətinin 215000 manat (bağ evinin ilkin satış qiyməti 170000 manat, 0,22 ha torpaq sahəsinin ilkin satış qiyməti 45000 manat olmaqla) məbləğində müəyyən edilməsi, açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh mənzildən çıxmazsa, onun məcburi qaydada çıxarılması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 28 manatının cavabdehdən iddiaçının xeyrinə tutulması, 2 manatının isə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspert tədqiqatının dəyəri kimi 145 manatın 134 manat hissəsinin cavabdedən, 11 manat hissəsinin isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması və ekspert rəyi əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2020-ci il tarixli, 2(103)-349/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, qətnamənin cərimə məbləğləri hissəsində dəyişdirilməsi, cavabdehdən iddiaçının xeyrinə 15.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan cərimə borcunun məbləğinin 760 manat, cəmi borcun 33408,74 manat, 18.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcunun məbləğinin isə 683 ABŞ dolları, cəmi borcun 61522,17 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(102)- 2946/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya insatansiya məhkəməsinin qətnaməsi tərəflər arasında bağlanmış 18.09.2015ci il tarixli kredit müqaviləsi üzrə faiz borcuna aid hissədə ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti, iddiaçı tərəfindən faiz və cərimə borcunun şişirdilməsi, həmçinin məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatında da bu məbləğlərin düzgün hesablanmadığı, ona görə də təkrar ekspertizanın keçirilməsinə zərurət olması ilə əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : İlk öncə qeyd edilməlidir ki, məhkəmə kollegiyası, qətnaməni 18.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcuna aid hissədə yoxlamışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(102)-2946/2021 saylı qərarına əsasən). Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin bu hissədə həddi və dəlilləri ilə bağlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi 18.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcuna aid hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-in 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Baxılan hissədə işin məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallarına görə, 14.04.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, iddiaçı "xxxx" İKB ASC tərəfindən Cavabdeh 60 ay müddətinə 200.000 manat (ABŞ dolları və ya Avro ekvivalentində) məbləğində kredit xətti açılmış və cavabdeh həmin tarixli ipoteka müqaviləsinə əsasən, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən, 165,13 kv.m. yaşayış, 193,76 kv.m. köməkçi sahədən ibarət 372 və B-372 nömrəli bağ evini və 0,22 ha torpaq sahəsini ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. 18.09.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 21 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmiş və bank tərəfindən tərtib edilmiş 09.01.2019-cu il tarixli maliyyə arayışına əsasən, həmin tarixə 38100,62 ABŞ dolları əsas borcu, 22150,35 ABŞ dolları faiz, 6834,87 ABŞ dolları cərimə borcu və 18.09.2018-ci il tarixdən 09.01.2019-cu il tarixinə qədər əsas borca illik 5 faiz olmaqla hesablanmış 588,2 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 67674,04 ABŞ dolları məbləğində borcu qalmışdır. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.12.2018-ci il tarixli, 18704 saylı ekspert rəyinə əsasən, 18.09.2015-ci il tarixli, 24-S2-0-47-15 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alaraq cavabdehin banka 38100,62 ABŞ dolları əsas və 16683,00 ABŞ dolları faiz bocunun olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi, sözügedən müqavilə üzrə faiz borcunun (22150,35 ABŞ dolları) tutulması hissəsində iddianı tam təmin edərkən, bank tərəfindən tərtib edilmiş 09.01.2019-cu il tarixli maliyyə arayışını əsas götürmüşdür. Ali Məhkəmə, bu hissədə rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşan əvvəlki apellyasiya icraatında qəbul edilmiş qətnaməni ləğv edərkən, 02.06.2021-ci il tarixli qərarında vurğulamışdır ki, iddiaçı həmin müqavilə üzrə 22150,35 ABŞ dolları məbləğində faiz borcu tələb etsə də, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.12.2018-ci il tarixli, 18704 nömrəli rəyinə əsasən, cavabdehin faiz borcu 16683 ABŞ dolları müəyyən edilmişdir. Buna baxmayaraq, qeyd edilən müqavilə üzrə iddiaçının faiz borcu tələbi 22150,35 ABŞ dolları məbləğində təmin olunmuşdur. Belə olan halda, apellyasiya məhkəməsi tərəfindən ekspertiza rəyinin nəzərə alınmamasının səbəbi, həmin faiz borcunun məhz 22150,35 ABŞ dolları məbləğində tutulması əsaslandırılmamışdır. Halbuki, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası, kassasiya instansiya məhkəməsinin mövqeyini nəzərə alaraq, həmçinin bildirir ki, kredit müqaviləsi üzrə borc məbləğlərinin hesablanması bununla bağlı mürəkkəb riyazi əməliyyatların tətbiq edilməsini tələb etməklə, bu sahədə xüsusi bilik tələb edir. Ona görə də, həmin məbləğlərin dəqiq şəkildə müəyyən olunması çox hallarda bu sahədə xüsusi biliyə malik olan şəxslərin məhkəmə prosesinə cəlb edilməsi və ya ekspert rəyinin alınması nəticəsində mümkün olur. Birinci instansiya məhkəməsi isə baxılan hissədə iş üzrə keçirilmiş ekspertizanın rəyini nəzərə almadan bankın hesablamalarını mötəbər hesab etmiş, lakin qətnamədə bununla bağlı hər hansı əsaslandırma aparmamışdır. Halbuki, MPM-in 103.2-ci maddələrinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Kollegiya, bu qənaətə gələrkən onu da vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi baxılan - 18.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcuna aid hissədə dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə qeyd olunan müqavilə üzrə ekspert rəyinə uyğun 16683 ABŞ dolları məbləğində faiz bocu tutulmalıdır. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" İKB ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(005)-77/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(005)-77/2019 saylı qətnaməsi yoxlanılan hissədə, yəni 18.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcuna aid hissədə dəyişdirilsin, qeyd olunan müqavilə üzrə Cavabdeh iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 16683 (on altı min altı yüz səksən üç) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8068/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8068/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver