Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8150/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1402/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə icarədarı olduğu ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılmaqla mənzilin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 943 saylı 26.10.2000-ci il tarixli sərəncamına əsasən fədi ev tikintisi üçün Səbail rayonu Bibiheybət döngəsində X1 adına ayrılmış torpaq sahəsi onun adına sənədləşdirilmişdir. O, 2000-ci ildə Səbail rayonu Bayıl qəsəbəsi 2-ci Bibiheybət döngəsi 22 ünvanında 4 otaqdan ibarət mənzil tikdirmişdir. Təxminən 6 ilə yaxındır ki, həmin yeri dondurma sexi kimi işlətmişdir. Lakin sonra maddi vəziyyəti ilə əlaqədar sexin fəaliyyətini dayandırmışdır. Təxminən 2 il 6 ay olar ki, Beyləqan rayonunda məskunlaşmış məcburi köçkün Cavabdeh Caman oğlu qeyri-qanuni olaraq ona məxsus evin qapısını sındıraraq daxil olmuş və ailə üzvləri ilə birlikdə zəbt edərək orada yaşayır. Mübahisəli mənzil ona məxsus olsa da, mənzildə yaşaya bilmir. Cavabdehə ailə üzvləri ilə birlikdə ona məxsus mənzilin boşaldılmasını dəfələrlə təklif etsə də, cavabdeh mənzili zəbt edərək məcburi köçkün olduqlarını bildirməklə mənzildən çıxmaqdan imtina etmişdir. Cavabdeh onun qanunla qorunan hüquqlarını pozaraq, mənzil hüquqlarını məhdudlaşdırır. O, qanuni əsaslarla ona verilmiş mənzildən istifadə edə bilmir. Cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması barədə Səbail rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etsə də, onun bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1402/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 evdən çıxarılmaları, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki iddiaçı guya mənzilin ona məxsus olduğunu qeyd edərək buna dair sübut kimi Səbail RİHB-nın 27.05.1998-ci il və 26.10.2000-ci il tarixli sərəncamlarını göstərmişdir. Lakin, həmin Sərəncamlara nəzər salsaq görərik ki, orada mülki iş üzrə iddiaçıya torpaq sahəsinin ayrılması barədə qeyd edilmiş, lakin, orada yaşayış sahəsinin iddiaçıya verildiyi göstərilməmişdir. Maraqlıdır ki, məhkəmə həmin sərəncamlara istinad etməklə qətnamə çıxaran zaman mübahisə predmetini təşkil edən fərdi yaşayış evi üzərində iddiaçının heç bir hüququnun olmadığını, həmin evin qanunsuz tikili olduğunu nəzərə almamışdır. Bundan əlavə, məhkəmədə cavabdeh olaraq iştirakı lazımi qaydada təmin olunmadığından və iş üzrə sübutların və şahidlərin məhkəməyə təqdim edilməsi üçün şərait yaradılmadığından həmçinin o hissədə qaranlıq qalmışdır ki, iddiaçı Sərəncamlarda qeyd edilən torpaq sahəsində artıq bir neçə fərdi yaşayış evi tikərək ayrı-ayrı şəxslərə satmışdır. Bu isə onu deməyə əsas verir ki, mübahisə predmetini təşkil edən mənzil qanunsuz tikili olmaqla Səbail RİHB-nın Sərəncamlarında göstərilən torpaqda inşa edilən çoxsaylı evlərdən biridir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 27 may 1998-ci il tarixli 822 a saylı sərəncamından görünür ki, mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə torpaq sahəsi ayrılması haqqında, 7-ci Buxta döngəsi dalan 1 ev 20 «b»-də yaşayan X2 xahişi təmin olunaraq, ona İİ-ci Bibi- Heybət döngəsində (15x15) metr ölçüdə torpaq sahəsi ayrımış və ona fərdi ev tikintisinə icazə verilmişdir. Səbail rayon İcra Hakimiyyətinin Başçısının 26 oktyabr 2000-ci il tarixli 943 saylı sərəncamından görünür ki, vət. İddiaçı müraciət edərək ev tikintisi üçün Bibiheybət döngəsində qohumu R.M.Məmmədov üçün ayrılmış torpaq sahəsini qarşılıqlı razılıq əsasında öz adına sənədləşdirilməsini xahiş edir. Vət.İddiaçı xahişini təmin edərək RİHB-nın 27 may 1998-ci il tarixli 822 №-li sərəncamında dəyişiklik edilmiş, fərdi ev tikintisi üçün Bibi-Heybət döngəsində X3 ayrılmış torpaq sahəsi vət. İddiaçı adına sənədləşdirilmişdir. 01.03.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və vət. İddiaçı iddiası ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ olması izah edilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Məhkəmə hesab etmişdir ki, iş üzrə məcburi köçkünlərin mübahisəli mənzildə məskunlaşmaları həmin mənzilin sahibi olan İddiaçı hüquqlarını pozduğuna görə iddia təmin edilməli, onlar mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli əmlaka dair iddiaçının əmlak hüquqları mövcud olduğundan, əmlak hazırda qanunsuz sahiblikdə olduğundan, iddiaçı əmlakını özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Kollegiya qeyd edir ki, iş materialları ilə mübahisəli əmlakın cavabdehlərin qanunsuz istifadəsində olması müəyyən edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən apellyatorun ünvanına məhkəmə iclasının vaxtı və yeri barərə məhkəmə bildirişləri və SMS bildiriş göndərilmişdir. Eyni zamanda cavabdeh öz prosessual hüquqlarından istifadə etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq işə onun iştirakı olmadan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllə 185-ci maddəsinə uyğun olaraq baxmışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti formal xarakter daşıyır və iddiaçının subyektiv mülahizələrinə əsaslanır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-387-ci maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 382, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1402/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8150/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8150/2021
12.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver