Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8166/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək xahiş edib ki, cavabdehə məxsus olan 2 ədəd avtomobilin - “Toyoto Camry” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi L200” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun və həmin avtomobillər BDYPİ-nin mühafizə olunan duracağında saxlanılsın. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə qismən təmin olunsun, həmin avtomobillərin üzərinə həbs qoyulsun, ərizənin qalan hissəsi təmin edilməsin. Cavabdeh şikayət verərək xahiş edib ki, qərardad ərizənin təmin edilməsinə aid hissədə ləğv edilsin və ərizə həmin hissədə rədd olunsun. Şikayət onunla əsaslandırılıb ki, avtomobillər formal olaraq cavabdehin adına qeydə alınıb, cavabdehin sahibliyində deyil, faktiki olaraq başqa şəxsə məxsusdur. Şikayət təmin edilə bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 157-ci maddəsindən görünür ki, iddianı təmin etmə tədbirinin məqsədi qətnamənin gələcəkdə icrasını çətinləşdirən və ya qeyrimümkün edən halları aradan qaldırmaqdan ibarətdir. İddia ərizəsində həmin avtomobillərin ər-arvadın ümumi əmlakı kimi tərəflərin arasında bölünməsi barədə tələb irəli sürülüb. Avtomobil daşınar əşya olduğundan onun çevik olaraq gizlədilməsi, ölkədən kənara sürülməsi və özgəninkiləşdirilməsi imkanları mövcuddur. Bu imkanın qarşısı alınmayacağı təqdirdə gələcəkdə qətnamənin icrası qeyri-mümkün və ya çətin ola bilər. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq avtomobillərin üzərinə həbs qoyulmasını qərara alıb. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, avtomobil rəsmi reyestrdə qeydə alınan daşınar əşyadır. Reyestr məlumatına görə cavabdeh avtomobilin mülkiyyətçisidir, həmin qeydin formal sayılması üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8166/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8166/2020
06.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver