Məhkəmə qərarları › İş №2(103)-819/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-819/2021

15.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-819/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5818/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomaşınının alınıb iddiaçıya qaytarılması və 6335,58 (altı min üç yüz otuz beş manat əlli səkkiz qəpik) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5818/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, xx xxxxxxx 2013-cü ildə adına “xxxx” X1 21% olmaqla 36 aylıq 8600 (səkkiz min altı yüz) manat kredit müqaviləsi üzrə “VAZ-21214” markalı, **- FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili alaraq etibarnamə əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vermiş, onlarla avtomobilin kreditini ödəyəcəklərinə dair razılığa gəlmişlər, lakin sonradan onların heç bir ödəniş həyata keçirmədikləri məlum olmuşdur. Daha sonra, “xxxx” X3 iddiaçıya qarşı iddia qaldırmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Bankın xeyrinə ümumilikdə 6335,58 (altı min üç yüz otuz beş, əlli səkkiz) manat tutulması, tutmanın mübahisə predmeti olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq əldə olunan gəlirin Bankın hesabına ödənilməsi qərara alınmışdır. Əlavə olaraq, Cavabdeh1 rayon məhkəməsinin iclasında sözügedən avtomobili aldıqdan 18 gün sonra etibarnamə ilə başqa şəxsə satdığını qeyd etmişdir, bunlara baxmayaraq məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmişdir, bu səbəbdən də qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-676/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “Cavabdeh1döən 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomobilinin alınıb iddiaçıya qaytarılmasının rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdeh A.Cəmiloviçdən “VAZ-21214” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq iddiaçıya qaytarılması qərara alınmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti vermiş, şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4358 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-676/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, ümumilikdə, iddiaçı da, cavabdehlər də avtomobil alveri ilə məşğuldurlar, iddiaçı cavabdehə maşını təhvil verməmiş, aralarında sadəcə sənədləşmə həyata keçmişdir. Göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6873/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə “xxxx” İKB ASC-nin xeyrinə İddiaçı 5026,86 (beş min iyirmi altı manat səksən altı qəpik) manat əsas borc, 1220,52 (min iki yüz iyirmi manat əlli iki qəpik) faiz borcu, 50 (əlli) manat cərimə borcu və iş üzrə ödənilmiş 38,20 manat dövlət rüsumu, cəmi 6335,58 (altı min üç yüz otuz beş manat əlli səkkiz qəpik) tutulması, tutma ipoteka predmeti olan İddiaçı məxsus “VAZ-21214” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 6335,58 manat məbləğində borcun “xxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi İddiaçı verilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrası üçün yetərli olmadıqda qətnamənin ümumi qaydada icra edilməsi qət edilmişdir (Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 6873/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surəti). “VAZ-21214” markalı, 99-FZ203 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdən gömrük bəyannaməsi hesab-arayış-566639 əsasında ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü İddiaçı adında qeydiyyatdadır. xx.xx.2014-cü il tarixində X4 avtomobilə dair etibarnamə verilmişdir. Avtomobil hal-hazırda axtarışdadır (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 xx.xx.2019-cu il tarixli məktubu). İddiaçı xx.xx.2013-cü il tarixli, ƏN-İ 406264 saylı etibarnaməyə əsasən, daşınmaz əmlak istisna olmaqla harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və sair səlahiyyətləri Cavabdeh1 və Cavabdeh2oviçə etibar etmişdir. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2013-cü il tarixli 7E-19569 reyestri ilə təsdiq edilmiş etibarnamə xx.xx.2016-cı il tarixdə İddiaçı ərizəsinə əsasən ləğv edilmişdir (Bakı şəhəri, 32 saylı Notariat Ofisinin X-514 saylı xx.xx.2019-cu il tarixli məktubu). Bununla yanaşı iş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2013- cü il tarixli etibarnaməyə əsasən daşınmaz əmlak istisna olmaqla harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və sair səlahiyyətləri X2 etibar etmişdir. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, həmin avtomobilə xx.xx.2014-cü il tarixində X4 dair etibarnamə verilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iş üzrə apellyasiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq mübahisə predmeti olan avtomobilin cavabdehlərin sahibliyində olması və bu sahibliyin qanunsuz olması ilə bağlı apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılma aparılmamışdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni yalnız xx.xx.2013-cü il tarixli etibarnamə ilə əsaslandırmış, mübahisə predmeti olan avtomobilin hazırda faktiki olaraq kimin sahibliyində olmasını araşdırmamışdır. Belə ki, işin halları ilə müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 avtomobilə dair etibarnamə verildikdən sonra, Cavabdeh1 tərəfindən X2 xx.xx.2013-cü il tarixdə etibarnamə verilmiş və ondan sonra isə xx.xx.2014-cü ildə Məlikov Teymur adlı şəxsə etibarnamə verilmişdir. Hal-hazırda isə mübahisə predmeti olan avtomobil axtarışdadır. Bu səbəbdən, iddiaçının apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mahiyyətindən aydın olur ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması, əmlakın naturada mövcud olması və başqasının qanunsuz sahibliyində olması hallarında mümkün olur. Hazırda mübahisəli avtomobilin cavabdehlərin faktiki sahibliyində olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, həmin qanunun mənasından müəyyən olunur ki, hazırkı qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır, qətnamədən yalnız iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 404-1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5818/2019 saylı, xx xxxxxx 2019-cu il qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar