Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8228/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən cavabdehlərin birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, iddiaçının nümayəndəsi (atası) X1 və Cavabdeh2 vəkili (nümayəndəsi) X2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, keçmiş əri Cavabdeh1 ilə keçmiş qaynanası Cavabdeh2 mənzilinə onun tərəfindən çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 15.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 2011-ci ildə nikaha daxil olmaq arzusunda olmuşlar. Aralarında olan razılığa görə, nikah bağlandıqdan sonra iddiaçı cavabdehlərə məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Q.Şabanov küçəsi, bina 21 “B”-də yerləşən 79 saylı mənzilə gəlin köçməli idi. Ailə quran ərəfədə mənzil təmirsiz olmuş və cavabdehlər bankdan 15.000 manat məbləğində kredit almaq istəmişlər. Lakin iddiaçı atası ilə söhbət etdikdən sonra atası razılıq vermişdir ki, cavabdehlər bankdan kredit götürməsin deyə, təmiri öz vəsaiti hesabına elətdirəcək. Bundan sonra atası mənzili əsaslı təmir etdirmişdir. xx.xx.2011-ci il tarixdə iddiaçı ilə Cavabdeh1 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikaha daxil olduqdan sonra iddiaçı həmin mənzilə gəlin köçmüşdür. İddiaçı ilə Cavabdeh1 nikahdan bir uşaqları doğulsa da, onların münasibətləri tədricən pozulmuş və onlar ayrılmışlar. İddiaçı cavabdehlər tərəfindən yaşadığı mənzildən qovulduğu üçün azyaşlı uşağı ilə birlikdə valideynlərinin evinə köçmək məcburiyyətində qalmışdır. İddiaçıya məxsus əmlaklar sonradan iddiaçıya verilsə də, cavabdehlər mənzilin təmiri üçün iddiaçının çəkdiyi xərcin əvəzini iddiaçıya ödəməkdən imtina etmişlər. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş maddi ziyanın əvəzi olaraq 14.570 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya verilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin əvəzinin ödənilməsi məqsədi ilə 100 manat məbləğində pulun cavabdehlərdən birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. Cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı cavabdehlərə məxsus mənzilə gəlin köçdüyü zaman həmin mənzil tam təmirli olmuşdur. Əsaslı təmirə heç bir ehtiyac olmasa da, mənzili yaxşılaşdırmaq üçün cavabdehlər öz vəsaitləri hesabına mənzildə bəzi xırda təmir işləri aparmışlar. Görülmüş təmir işləri ilə bağlı iddiaçıdan pul alınmamışdır. Ekspertiza tərəfindən verilmiş rəydə göstərilmiş məbləğ isə şişirdilmişdir. Bundan başqa Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş və guya mənzildə təmir işlərini görmüş X3 ifadəsi nəzərə alınmamalı idi. Çünki, Kamal Rzaquliyev ilə iddiaçının atasının dostudur və təbii olaraq o, iddiaçının xeyrinə ifadə vermişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, ekspertiza tərəfindən verilmiş əsassız rəyə, şahid Kamal Rzaquliyevin əsassız ifadəsinə və iddiaçının əsassız dəlillərinə inanmışdır. Cavabdeh2 vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Cavabdeh1 işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında iştirak etməmiş, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı və iddiaçının nümayəndəsi (atası) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdehlər isə iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticəni mübahisələndirirlər. MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə tərəflərin məhkəmələrə verdikləri yazılı və şifahi məlumatlardan müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikaha daxil olduqdan sonra iddiaçı cavabdehlərə məxsus və iddia ərizəsində göstərilən ünvanda yerləşəm mənzilə gəlin köçmüşdür. İddiaçı ilə Cavabdeh1 nikahdan bir uşaqları doğulsa da, onların münasibətləri tədricən pozulmuş və onlar ayrılmışlar. İddiaçı həmin mənzili tərk edərək uşağı ilə birlikdə valideynlərinin evinə köçmək məcburiyyətində qalmışdır. İddiaçı ilə Cavabdeh1 nikaha daxil olmamışdan əvvəl mənzildə təmir işləri aparılmışdır. İş üzrə tərəflər arasında mübahisə doğuran hal mənzildə aparılmış təmirin əsaslı olub-olmaması və iddiaçının verdiyi vəsait hesabına həyata keçirilib-keçirilməməsidir. Belə ki, iddiaçı bildirir ki, mənzil təmirsiz olduğu üçün mənzildə əsaslı təmir işləri görülüb və bu məqsədlə onun tərəfindən cavabdehlərə 15.000 manat məbləğində pul verilib. Cavabdehlər isə bildirirlər ki, mənzil təmirli olduğu üçün əsaslı təmirə ehtiyac olmamış, lakin onlar mənzili yaxşılaşdırmaq üçün öz vəsaitləri hesabına mənzildə bəzi xırda təmir işləri aparmışlar. Görülmüş təmir işləri ilə bağlı iddiaçıdan pul almamışlar. İşin mübahisəli hallarını nəzərə almış Rayon Məhkəməsi iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2020ci il tarixli, 4211 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Q.Şabanov küçəsi, bina 21 “B”-də yerləşən 79 saylı mənzildə (hamam və ayaqyolundan başqa) eyvanın sökülməsi və yenidən tikilməsi, eyvanda pəncərələrin dəyişməsi, döşəmənin vurulması (metlax), mənzildəki pəncərələrin dəyişməsi, döşəmə üçün taxtanın alınması, mənzildəki 4 qapının yenidən düzəlməsi, alçipan işlərinin görülməsi və işıq sisteminin yığılması kimi aparılan təmir işlərinin ümumi dəyərinin təqribən 14.570 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa işin mübahisəli hallarını nəzərə almış Rayon Məhkəməsi iddiaçı tərəfindən ona şahid qismində təqdim edilmiş və mənzildə təmir işlərini aparmış X4 şahid qismində dindirmişdir. K.Rzaquliyev Rayon Məhkəməsinə verdiyi ifadəsində göstərmişdir ki, o 40 ilə yaxındır ki, usta kimi təmir işləri ilə məşğuldur. Onun dostu, iddiaçının isə atası Akif Mirzəliyev ona müraciət edərək iddiaçının ərə getməyə hazırlaşdığını, iddiaçının köçməli olduğu mənzilin təmirsiz olduğu bildirərək mənzilin onun tərəfindən təmir edilməsini xahiş etmişdir. O Akifin xahişini nəzərə alaraq həmin mənzili təmir etmişdir. Təmir zamanı mənzilin eyvanın sökülmüş və yenidən tikilmiş, eyvanın və mənzilin pəncərələrin dəyişdirlmiş, döşəməyə metlax vurulması, döşəmə üçün taxta alınıb vurulmuş, mənzilin 4 qapısı yenidən düzəldilmiş, mənzildə alçipan işləri görülmüş, işıq sistemi yenidən yığılmışdır. Təmir işləri Akifin vəsaiti hesabına həyata keçirlmiş, cavabdehlər isə mənzildə təmir aparılan zaman mənzilə gəlib-getmişlər. İşə baxmış Rayon Məhkəməsi iş üzrə verilmiş ekspert rəyini və şahid Kamal Rzaquliyevin ifadəsini nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli və mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 14.570 manat pulu cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, ekspertiza tərəfindən verilmiş rəydə göstərilmiş məbləğ şişirdilmişdir. Bu dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddələr: 14.2. və 77.1.). Belə olan halda cavabdehlərin üzərinə vəzifə düşür ki, ekspert rəyini şübhə altına ala biləcək sübutları (məsələn: başqa ekspertin rəyini və ya təmir üzrə mütəxəssisin hesablamalarını) məhkəmələrə təqdim etsinlər. Lakin onlar bu kimi sübutları məhkəmələrə təqdim etməmişlər. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin ekspertiza tərəfindən verilmiş rəyə aid olan dəlili əsassızıdır; rəy mötəbər sübut kimi qəbul edilə bilər; Rayon Məhkəməsi rəyi nəzərə almaqda haqlı olmuşdur. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin başqa dəlili ondan ibarətdir ki, iddiaçı onlara məxsus mənzilə gəlin köçdüyü zaman həmin mənzil tam təmirli olmuş, mənzilin əsaslı təmirə heç bir ehtiyac olmamışdır. Məhkəmə bu dəlili də, əsassız sayır. Çünki artıq mötəbər sübut kimi qəbul edilmiş rəydə göstərilənlərdən müəyyən edilir ki, mənzildə əsaslı təmir işləri aparılmışdır. Apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş və guya mənzildə təmir işlərini görmüş X3 ifadəsi nəzərə alınmamalı idi. Çünki, K.Rzaquliyev ilə iddiaçının atasının dostudur və təbii olaraq o, iddiaçının xeyrinə ifadə vermişdir. Cavabdehlərin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, şahid K.Rzaquliyev özü də iddiaçının atasının onun dostu olmasını bildirsə də, onun ifadəsinin qeyri-səmimi olduğunu bildirən cavabdehlər bu halı təsdiq edə biləcək və K.Rzaquliyevin ifadəsini şübhə altına ala biləcək sübutu məhkəmələrə təqdim etməmişlər. Halbuki, K.Rzaquliyevin Rayon Məhkəməsinə verdiyi ifadəsində göstərilən xüsusatlar yuxarıda qeyd edilmiş və artıq mötəbər sübut kimi qəbul edilmiş rəy ilə təsdiqlənir. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin şahid ifadəsinə aid olan dəlili əsassızıdır; şahid ifadəsi mötəbər sübut kimi qəbul edilə bilər; Rayon Məhkəməsi bu ifadəni nəzərə almaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı mübahisəli yaşayış sahəsindən cavabdehlərin razılığı ilə istifadə etməklə mənzildə təmir işlərinin aparılmasını maliyyəşdirmişdir və bunun nəticəsində həmin sahənin şəraiti yaxşılaşdırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin sahədə aparılmış yaxşılaşdırılma sahənin ayrılmaz elementidir və onun ayrılması qeyri-mümkündür. Belə olan halda təmirə çəkilmiş xərcin əvəzi cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 157.7-ci maddəsinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir (maddə 1092.1.). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (maddə 1092.2.). Qeyd edilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş hallarına və apellyasiya şikayətinin dəlillərinə yanaşdıqda müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2ın birgə verdikləri apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8228/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8228/2020
27.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver