Məhkəmə qərarları › İş №2(103)-826/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-826/2022

27.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-826/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X3 və X1 iştirakı ilə İddiaçı Allahverdiyev Araz Yusif oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2020ci il tarixli 2(006)-4135/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Allahverdiyev Araz Yusif oğlu cavabdeh "xxxx" ASC-yə qarş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-nin 02.07.2020-ci il tarixli K/20-02537 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa, 02.07.2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər hər ay üçün məcburi işburaxmaya görə aylıq əmək haqqının, əmək haqqının gecikdirildiyi hər gün üçün onun 2%-i həcmində ödəncin və 10.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 01.12.2015-ci il tarixdən "xxxx" ASC-nin Hüquq İdarəsində hüquqşünas vəzifəsində işləmiş, əmək funksiyalarının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə və müddətinə görə vəzifə üzrə gördüyü işlərin daimi xarakter daşımasına baxmayaraq, cavabdeh müəssisə tərəfindən hər dəfə 3 ay olmaqla onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh ASC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə 02.07.2020-ci il tarixli K/20-02537 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. O, 30.06.2020-ci il tarixdən 04.07.2020-ci il tarixədək ambulator müalicədə olmuşdur. Bu barədə 38 nömrəli şəhər poliklinikası tərəfindən 820478 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Buna baxmayaraq, əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunsuz olaraq işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Əmr əsaslandırılmamış və lazımi qaydada rəsmləşdirilməmişdir, belə ki, 01.12.2015-ci ildən hər dəfə 3 ay artırılmaqla fasiləsiz olaraq 02.07.2020-ci ilədək davam edən əmək münasibətlərinə işəgötürən tərəfindən müqavilə müddətinin bitməsi ilə bağlı qəflətən xitam verilməsinin hansı səbəblə əlaqədar olması sözügedən əmrdə əsaslandırılmamışdır. Üstəlik bu əmr müəssisənin möhürü ilə təsdiqlənməmişdir. Əmək müqaviləsinin xəstələnməyi ilə bağlı işə gəlmədiyi dövrdə ləğv edilməsini nəzərə aldıqda, işəgötürən tərəfindən sözügedən əmrin surətinin, əmək kitabçasının və son haqq-hesabın sonuncu iş günü ona verilmədiyi açıq-aydın anlaşılır. Bu hal sözügedən əmrdə xüsusilə qeyd edilməsinə baxmayaraq əmək qanunvericiliyin bu tələblərinə də işəgötürən tərəfindən əməl edilməmişdir. Cavabdeh müəssisə Əmək Məcəlləsinin maddələrini pozmaqla əmək münasibətlərinə xitam verərkən ona həmçinin mənəvi ziyan vurmuşdur. Belə ki, onun həyat yoldaşı, iki azyaşlı övladı və təqaüdçü valideynləri onun öhdəliyindədirlər. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verildiyi dövrdən hazırkı vaxtadək o, heç bir yerdə işə düzələ bilmədiyi üçün ailəsində ağır maddi durum yaranmış və bu hal ona ağır mənəvi iztirab və sarsıntı yaşatmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(006)- 4135/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC-nin 02 iyul 2020-ci il tarixli, k/20-02537 saylı əmrinin ləğv edilməsi, Allahverdiyev Araz Yusif oğlunun əvvəlki, "xxxx" ASC-nin hüquq idarəsinin hüquqşünası vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqının hesablanaraq ödənilməsi, iddianın digər hissələrdə təmin edilməməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, 30 iyun 2020-ci il tarixdən 04 iyul 2020-ci il tarixədək ambulator müalicədə olan Allahverdiyev Araz Yusif oğlunun əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar onun müalicədə olduğu dövrdə, yəni 02.07.2020-ci il tarixində xitam verilməsi barədə "xxxx" ASC-nin 02.07.2020-ci il tarixli, k/20-02537 saylı əmri əsassız olmuşdur. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin ediməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. “Əmək qabiliyyətinin olmaması vərəqəsinin” məlum olmayan şəkildə əldə edilməsi, bu barədə iş yerinə məlumat verilməməsi və təqdim edilməməsi, əksinə iddiaçının 30 iyun, 01 iyul və 02 iyul tarixlərində Cəmiyyətin ofis binasında öz əmək funksiyasında olması və icra etməsi barədə tərtib edilmiş aktla rəsmiləşdirilmiş işin faktiki hallarına və digər hallara birtərəfli hüquqi qiymət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4135/2020 saylı iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin 02 iyul 2020-ci il tarixli, k/20-02537 saylı əmri ləğv edilməsi, Allahverdiyev Araz Yusif oğlunun əvvəlki, "xxxx" ASC-nin Hüquq idarəsinin hüquqşünası vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi) hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Allahverdiyev Araz Yusif oğlu kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 avqust 2021-ci il tarixli 2(102)-4120/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsi 06 avqust 2021-ci il tarixli qərarını aşağıdakılarla əsaslandırmışdır: Apellyasiya instansiyası məhkəməsi işdə olan və məlumatları bir-birinə ziddiyyət təşkil edən iki sənədin arasında cavabdehin təqdim etdiyi cədvəli əsas götürmüş, bu zaman sübutların qiymətləndirilməsinə dair MPM-in 88-ci maddəsinin tələblərini pozaraq, Əmək qabiliyyəti olmaması vərəqəsinin mötəbər sübut qismində qəbul edilməməsini əsaslandırmamışdır. Əksinə apellyasiya instansiyası məhkəməsi mötəbər sübut qismində istinad etdiyi kompüter vasitəsi ilə tərtib edilmiş və iddiaçının 30 iyun - 02 iyul 2020-ci il tarixlərdə işdə olması qeyd olunmuş Ayların günləri üzrə işə davamiyyətin qeydiyyatı cədvəlləri iddiaçının öz imzası ilə təsdiq olunmamışdır. Bu zaman apellyasiya instansiyası məhkəməsi həmin sənədin hansı məqsədlə tərtib olunmasını, ASC-də işləyən şəxslərin davamiyyətinin hansı qaydada nəzarətdə saxlanılmasını araşdırmamış və qeyd olunan cədvəlin iddiaçının mübahisələndirilən tarixdə işdə olub-olmamasının sübutu qismində qəbul edilə bilməsi məsələsinə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının işdən azad edildiyi tarixdən 1 ay 8 gün keçdikdən sonra, yəni artıq iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra tərtib olunmuş10 avqust 2020-ci il tarixli aktı imzalayan, habelə iş üzrə şahid qismində dindirilmiş şəxslər cavabdeh təşkilatın əməkdaşları olmaqla, sonuncudan xidməti fəaliyyətləri ilə bağlı asılı olduqlarından, qeyd olunan halların müəyyən edilməsində həmin sübutların mötəbərliyinə məhkəmələr tərəfindən prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməmişdir. Nəhayət məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının xəstəliyi ilə əlaqədar ambulator müalicəyə çıxdığı halda, bu barədə işəgötürənə məlumat verməsinə dair sübutu məhkəməyə təqdim etmədiyini qeyd etsə də, nəzərə almamışdır ki, əmək qanunvericiliyində bununla bağlı işçinin üzərinə hər hansı vəzifə qoyulmasına dair norma mövcud deyildir. Əksinə, məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh təşkilatın əmri mübahisələndirildiyindən, həmin əmrin qanuniliyinin və əsaslılığının sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessual hüquq normalarının tələblərinə cavab verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olub-olmaması Ali Məhkəmənin bu qərarında göstərdiyi hüquqi mövqeyə uyğun olaraq yoxlayır. İşə təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı hüquqi mövqeni nəzərə alaraq təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. "xxxx" ASC-nin 02 iyul 2020-ci il tarixli k/20-02537 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surətindən görünür ki, "xxxx" ASC-nin hüquq idarəsinin hüquq idarəsinin hüquqşünası Allahverdiyev Araz Yusif oğlunun əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar 02.07.2020-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 38 saylı şəhər Poliklinikası tərəfindən 30 iyun 2020-ci il tarixdə verilmiş 820478 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsində qeyd edilmişdir ki, Allahverdiyev Araz Yusif oğlu 30 iyun 2020-ci il tarixdən 04 iyul 2020-ci il tarixədək ambulator müalicədə olmuşdur. İşə başlamalı olduğu tarix 05 iyul 2020-ci il tarix göstərilmişdir. İş üzrə birinci apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən 38 saylı şəhər Poliklinikasına sorğu verilmiş, bu sorğuya cavab məktubunda göstərilmişdir ki, Allahverdiyev Araz Yusif oğlu 30.06.2020-ci il tarixində halsızlıq, baş gicəllənməsi şikayətləri ilə sahə həkiminə müraciət etmiş, sahə həkimi tərəfindən müayinə edildikdən sonra “NSD hipotonik tipli” diaqnozu ilə 30.06.2020-ci il tarixdə xəstəlik vərəqəsi açılmış və işdən azad edilmişdir. 02.07.2020-ci il tarixədək artırılmışdır. 02.07.2020-ci il tarixində yenidən həkimə müraciət etmiş və müalicə davam etdiyindən, vəziyyəti nəzərə alınaraq, x/v-i 03.07.2020-ci il tarixdən 04.07.2020-ci il tarixədək artırılmışdır. Vəziyyəti nisbətən yaxşılaşdığından 04.07.2020-ci il tarixdə x/v bağlanmış və 05.07.2020-ci il tarixdən işə yazılmışdır. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, Allahverdiyev Araz Yusif oğlunun 02 iyul 2020-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən müqavilə müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Ayların günləri üzrə işə davamiyyətin qeydiyyatı cədvəlindən görünür ki, Allahverdiyev Araz Yusif oğlu 2020-ci il iyun ayının 30-cu günü, habelə iyul ayının 1-ci və 2-ci günləri iş yerində olmuşdur (Cədvəllər kompüter vasitəsilə tərtib edilmiş və Azərişıq ASC-nin İnsan hüquqları Departamentinin baş mütəxəssisi C.Nurəliyev və Hüquq idarəsinin baş hüquqşünası C.Aslanov tərəfindən tərtib edilmişdir). Birinci instansiya məhkəməsində icraat zamani şahid qismində dindirilən X4 və X2 ifadə verərək "Azərişıq” ASC-nin hüquq idarəsinin hüquqşünası vəzifəsində çalışdıqlarını, Allahverdiyev Araz Yusif oğlunun 30 iyun, 01 iyul və 02 iyul tarixlərində işdə olması ilə bağlı akt tərtib etdiklərini, Araz Allahverdiyevin əmək müqaviləsinə xitam verilən gün işdə olduğunu, lakin Araz Allahverdiyevin həmin gün konkret olaraq hansı əmək funksiyalarını yerinə yetirdiyi barədə məlumatı olmadığını göstərmişlər. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Allahverdiyev Araz Yusif oğlu 01.10.2015-ci il tarixdən "xxxx" ASC-də hüquqşünas kimi işə qəbul edilmiş, 02.07.2020-ci il tarixdə isə tərəflər arasındakı əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xitam verilmişdir. İddiaçı xəstə olduğu üçün müvəqqəti əmək qabiliyyətini itirməsini və bununla əlaqədar işdə olmadığı müddətdə cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini əmək qanunvericiliyinin tələblərinə zidd olduğu üçün qanunsuz hesab edir və sübut kimi 38 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş 820478 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə istinad edir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman, yəni 02.07.2020-ci il tarixdə onun iş yerində olduğunu və əmək funksiyalarını yerinə yetirdiyini, onun həmin vaxt xəstə olması ilə bağlı Cəmiyyətə məlumat vermədiyini və xəstəlik vərəqəsini təqdim etmədiyini bildirir və onun həmin vaxt iş yerində olmasının sübutu kimi 30 iyun - 02 iyul 2020-ci il tarixlərdə işdə olması qeyd olunmuş Ayların günləri üzrə işə davamiyyətin qeydiyyatı cədvəllərinə, habelə iddiaçı ilə bir şöbədə işləyən əməkdaşların şahid qismində verdikləri ifadələrə və onlar tərəfindən tərtib edilmiş akta istinad edirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı Araz Allahverdiyevlə bağlanmış müddətli əmək müqaviləsinə cavabdeh "xxxx" ASC tərəfindən xitam verildiyi zaman o, xəstə olması səbəbindən iş yerində olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək qanunvericiliyinin qeyd edilən normalarının təhlili onu deməyə əsas verir ki, işçi ilə bağlanmış müddətli əmək müqaviləsinəbu müddətin qurtarması əsası ilə xitam verilməsi müəyyən edilsə də, bu müddət işçinin xəstələnməsi kimi üzürlü səbəblə iş yerində olmadığı halda başa çatdığı zaman, əmək müqaviləsinə yalnız işçi işə çıxdıqdan sonra xitam verilə bilər. Lakin cavabdeh "xxxx" ASC əmək qanunvericiliyinin göstərilən tələblərinə riayət etməmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun xəstəliyi ilə əlaqədar üzürlü səbəbdən işdə olmadığı müddətdə xitam vermiş, bununla da Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası cavabdeh iddiaçı Araz Allahverdiyevin onunla əmək müqaviləsinə xitam verilməsi zamanı işdə olduğuna dair dəlilərini əsassız hesab edir. Belə ki, iddiaçının 30 iyun, habelə 1 və 2 iyul 2020-ci il tarixlərdə xəstə olması iş materiallarında olan xəstəlik vərəqəsi ilə sübuta yetir, həmin xəstəlik vərəqəsinin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. Həmin tarixlərdə iddiaçının iş yerində olması ilə bağlı cavabdeh tərəfin istinad etdiyi sübutları məhkəmə kollegiyası müzakirə edərək aşağıdakıları qeyd edir: Cavabdeh ASC-nin bir neçə əməkdaşı tərəfindən tərtib edilmiş aktdan görünür ki, həmin akt iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən 1 ay 8 gün, yəni zaman baxımından kifayət qədər uzun müddət keçdikdən və iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra tərtib edilmişdir. Həmin aktı tərtib və imza etmiş şəxslər halhazıradək cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləyirlər. Belə olan halda, həmin aktın iddiaçının həqiqətən də, 30 iyun – 02 iyul 2020-ci il tarixlərdə işdə olmasını təsdiq edə biləcək mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası eyni əsaslarla cavabdeh müəssisənin əməkdaşlarının şahid qismində verdikləri ifadələri də mötəbər sübut kimi qəbul etmir. Təsadüfi deyil ki, şahid qismində ifadə vermiş X4 və X2 hazırkı iş üzrə cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndələri kimi çıxış etməklə onun maraqlarını təmsil edirlər. Bundan başqa, cavabdehin nümayəndələri tərəfindən təqdim edilmiş “Ayların günləri üzrə işə davamiyyətin qeydiyyatı cədvəli”ndə iddiaçının 30 iyun – 02 iyul 2020-ci il tarixlərdə iş yerində olması qeyd olunsa da, həmin cədvəl iddiaçı Araz Allahverdiyev tərəfindən imzalanmadığından və orada göstərilən məlumatların nə dərəcədə mötəbər olması heç bir digər əsasla müəyyən olunmadığından, məhkəmə kollegiyası həmin sənədi də iddiaçının göstərilən tarixlərdə işdə olmasını təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Beləliklə, iddiaçı Araz Allahverdiyevin onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verildiyi 02.07.2020-ci il tarixdə iş yerində olması sübuta yetirilmir. Apellyasiya şikayətinin digər dəlili olan iddiaçının xəstəliyi ilə əlaqədar ambulator müalicəyə çıxdığı halda, bu barədə işəgötürənə məlumat verməsinə dair sübutu məhkəməyə təqdim etməməsi ilə bağlı məhkəmə kollegiyası izah edir ki, əmək qanunvericiliyində işçinin xəstəliyi ilə əlaqədar müalicədə olması və işə çıxmaması barədə işə götürənə məlumat vermək öhdəliyini müəyyən edən norma mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini verilmiş apellyasiya şikayətinin dəlilləri əsasında və bununla bağlı Ali Məhkəmənin qərarındakı göstərişləri nəzərə almaqla yoxlayaraq bu qənaətə gəlir ki, iddia tələbi apellyasiya baxışının predmeti olan hissədə əsaslı olmuş, birinci instansiya məhkəməsi iddina həmin hissədə təmin etməklə doğru nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4135/2020 saylı iş üzrə 28 sentyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar