Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8269/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-4247/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 vəsatət təqdim edərək, qeyd etdi ki, hazırda Nəsimi Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh1 AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı "alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair mülki iş üzrə mübahisəyə dair yekun qərar qəbul olunanadək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-4247/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)- 4299/2020 saylı mübahisə üzrə yekun qərar qəbul edilənədək iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və s." tələbinə dair iddiası üzrə 2(005)-4247/2020 saylı mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və hər iki mülki işin bir icraatda birləşdirilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş şikayət məhkəmənin eyni saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iş materialları sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə icraatı dayandırarkən Azərbaycan Respublikası MPM-in 254.1.4-cü maddəsinə əsaslanmışdır. Həmin maddəyə əsasən hakim Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraatı dayandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi hazırki mülki iş üzrə MPM-nin 254.1.4-cü maddəsinin tətbiqindən öncə ilkin olaraq həmin Məcəllənin 169.3-cü maddəsinin tətbiqinin mümkünlüyü məsələsini həll etməli idi. Eyni zamanda müəyyən olunur ki, rayon məhkəməsində cavabdehlərin nümayəndəsi və vəkilinin iş üzrə icraatın dayandırılması barədə vəsatəti müzakirə olunarkən iddiaçının nümayəndəsi və vəkili iş üzrə icraatın dayandırılmasına etirazını bildirərək və MPM-nin 169.3-cü maddəsinə istinad edərək qeyd olunan işlərin bir icraatda birləşdirilməsinə dair vəsatət verməsinə baxmayaraq rayon məhkəməsi həmin vəsatətə hər hansı münasibət bildirilməmişdir (i.v. 72). Belə ki, MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Nəzərə almaq lazımdır ki, həmin normada nəzərdə tutulan qayda tərəflər arasındakı mühabisə(lər)in tez bir zamanda, ağlabatan müddətdə başa çatmasına və ədalət mühakiməsinin səmərəliliyinin təmin olunmasına xidmət edir. Araşdırmalar zamanı müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və s." iddia tələbinə dair mülki iş, eləcə də iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı "alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s." tələbinə dair mülki iş Nəsimi Rayon Məhkəməsində, həm dəeyni hakimin icraatındadır. Belə olan halda, Kollegiya qeyd edir ki, tərəflər arasında mübahisələrin ağlabatan müddətdə başa çatmasının və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi baxımından MPM-nin 169.3-cü maddəsinin hazırkı halda tətbiqi zəruri olmuşdur. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-4247/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək MPM-nin 169.3-cü maddəsinin tətbiqinin mümkünlüyü məsələsinin həll edilməsi məqsədilə mülki işin materialları həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: -398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; -398.0.2.qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; -398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəriNəsimi Rayon Məhkəməsinin 2(005)-4247/2020 saylı, xx xxxxxxxx 2020-ci iltarixli qərardadı ləğv edilsin və MPM-nin 169.3-cü maddəsinin tətbiqinin mümkünlüyü məsələsinin həll edilməsi məqsədilə mülki işin materialları həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-8269/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8269/2020
11.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver