Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-830/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Həbib Əliyevin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusuna qarşı “ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evdən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 3 ünvanında yerləşən evlə bağlıdır (bundan sonra – ev). Ev özbaşına tikinti obyektidir. İddiaçı evin əvvəlki sahibidir, 1-ci Cavabdeh1 evi iddiaçıdan alan şəxsdir, 2-ci Cavabdeh2 iddiaçı ilə bilikdə yaşamış şəxsdir, 3-cü cavabdeh 26 saylı Notariat Ofisinin xüsusi notariusu isə iddiaçı ilə 1-ci cavabdehin arasındakı müqaviləni təsdiq etmiş notariusdur. xx.xx.2020-ci il tarixdə iddiaçı ilə 1-ci cavabdehin arasında evə dair ilkin alqısatqı müqaviləsi bağlanıb və həmin tarixdə müqavilə 3-cü cavabdeh tərəfindən təsdiq edilib (iş v. 5). Müqavilə “ilkin alqı-satqı müqaviləsi” adlandırılsa da evin faktiki alqı-satqısı həyata keçirilib. Belə ki, müqavilədə “satıcı” kimi qeyd olunan iddiaçı 3 gün müddətində evi 1-ci cavabdehə təhvil verməyi öhdəsinə götürüb. Müqavilədə evin qiyməti 38.000 manat müəyyən edilib və həmin məbləğin müqavilədə “alıcı” kimi göstərilən 1-ci cavabdeh tərəfindən iddiaçıya ödənilməsinin qaydası belə müəyyən olunub: 1) 500 manat beh kimi artıq ödənilib; 2) 32.500 manat notariusun bankdakı depozit hesabı vasitəsilə ödənilməsi öhdəlik kimi müəyyən olunub; 3) qalan 5.000 manatın isə 5 gün müddətində nağd şəkildə ödənilməsi öhdəlik kimi müəyyən olunub. Ev iddiaçı tərəfindən 1-ci cavabdehə təhvil verilib, bu, mübahisə doğurmur. Beh kimi göstərilən 500 manat pulun iddiaçıya ödənilməsi faktını iddiaçının özü müqaviləni imzalamaqla təsdiq edib. 32.500 manat pul notariusun bankdakı depozit hesabına mədaxil edilib. Belə ki, notarius banka xx.xx.2020-ci il tarixdə məktub yazıb, həmin məbləğin iddiaçıya verilməsi üçün depozit hesaba qəbul edilməsini xahiş edib (iş v. 10) və 1-ci cavabdeh həmin tarixdə pulu hesaba köçürüb (iş v. 11). 5.000 manatın nağd şəkildə ödənildiyini təsdiq edən sübut yoxdur: iddiaçı bu məbləğin ona verilmədiyini bildirir, 1-ci cavabdeh isə bu barədə sübut təqdim etməyib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, ilkin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, 1-ci cavabdeh evdən çıxarılsın və ev iddiaçıya təhvil verilsin. 2-ci cavabdehə qarşı heç tələb irəli sürülməyib, ancaq onun adı iddia ərizəsində cavabdeh kimi göstərilib. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddi təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apelyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Mübahisə işin halları 2 yerə bölünməklə həll edilməlidir: 1) əqdin etibarsızlığına aid hallar; 2) etibarsızlığın nəticələrinin tətbiqinə aid hallar. Əqdin etibarsızlığına aid hallar: İddiaçı ilə 1-ci cavabdehin arasında bağlanmış “ilkin alqı-satqı müqaviləsi” adlandırılan müqavilə əhəmiyyətsiz əqddir. Bunu 2 səbəbi var: 1-ci, özbaşına tikililərə münasibətə belə müqavilələr bağlana bilməz. Mülki Məcəllənin 180.2-ci maddəsindən görünür ki, özbaşına tikinti aparmış şəxs tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 2-ci, ilkin müqavilə əmlakın özgəninkiləşdirilməsi ilə nəticələnən öhdəliklər yarada bilməz, bu müqavilə yalnız gələcəkdə müqavilə bağlamaq öhdəliyi yarada bilər. Ümumiyyətlə qanunvericilikdə “ilkin alqı-satqı müqaviləsi” deyilən bir anlayış yoxdur, “ilkin müqavilə” anlayışı var. Mülki Məcəllənin 402.1-ci maddəsindən görünür ki, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Ancaq, yuxarıda qeyd olunduğu kimi “ilkin alqısatqı müqaviləsi” adlandırılan müqavilə ilə faktiki olaraq özbaşına tikinti obyektinin alqısatqısı həyata keçirilib: tərəflər bir-birinə pul və ev veriblər. Tərəflər ilə yanaşı notarius da bu əməliyyatda iştirak edib: əhəmiyyətsiz əqdi təsdiq edib və pulun depozit hesaba qəbul edilməsi üçün banka müraciət edib. Halbuki, “Notariat haqqında” Qanunun 45-ci maddəsinin 2-ci hissəsinə görə notariuslar təsdiq etdikləri əqdin məzmununun qanuna uyğunluğunu yoxlamalıdırlar. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu, Mülki Məcəllənin 337.3-cü maddəsinin göstərişidir. Ona görə də “ilkin alqı-satqı müqaviləsi” adlandırılan müqavilə əhəmiyyətsiz əqd kimi etibarsızdır. Etibarsızılığın nəticələrinin tətbiqinə aid hallar: Əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Bu, Mülki Məcəllənin 337.5-ci maddəsinin göstərişidir. O cümlədən Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli qərarının 6.10-cu bəndinə görə əqd məhkəmə tərəfindən etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Ona görə də 1-ci cavabdeh evdən çıxarılmalı və ev iddiaçıya təhvil verilməlidir. Habelə, müqavilədə göstərilən 38.000 manat pulun bir hissəsi olan 33.000 manat, yəni “beh” adı ilə verilmiş 500 manat və depozit hesab vasitəsilə verilmiş 32.500 manat iddiaçıdan alınaraq 1-ci cavabdehə verilməlidir. 38.000 manatın qalan hissəsi, yəni müqavilə bağlandıqdan sonra nağd şəkildə verilməli olan 5.000 manatın 1-ci cavabdeh tərəfindən iddiaçıya verildiyini təsdiq edən sübut yoxdur. Ona görə də 5.000 manatın tutulması hazırkı işdə qət oluna bilməz. Əgər 1-ci cavabdehin bu barədə sübutları varsa, o, 5.000 manatın qaytarılması üçün ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə və həmin iddia ərizəsinə baxılarkən sübutlarını məhkəməyə təqdim edə bilər. O cümlədən 1ci cavabdeh evin təmirinə çəkdiyi xərcin və digər bu kimi xərclərin ona ödənilməsi üçün ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddianın əsası nəzərə alınmaqla iddia tam deyil, qismən təmin olunmuş sayılmalıdır. Belə ki, iddia onunla əsaslandırılıb ki, iddiaçı əqdi fiziki və psixoloji təsir nəticəsində bağlayıb. Yəni iddiaçı əqdi mübahisələndirilən əqd kimi etibarsız sayır, lakin müəyyən olunur ki, əqd əhəmiyyətsiz əqd kimi etibarsızdır. İddiaçının mübahisələndirdiyi əqdin məhkəmə tərəfindən əhəmiyyətsiz əqd kimi etibarsız sayılması iddiadan kənara çıxma (iddianın əsasından kənara çıxma) hesab olunmur. Bunun 2 səbəbi var: 1-ci səbəb qanunun göstərişi ilə bağlıdır. Belə ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanun əhəmiyyətsiz əqdi “özlüyündə etibarsız olan əqd” adlandırıb, onun etibarsızlığının məhkəmə tərəfindən tanınmasını zəruri şərt kimi müəyyən etməyib. Əgər bir əqdin etibarsızlığının məhkəmə tərəfindən tanınması zəruri şərt deyilsə, deməli, onun etibarsızlığının tanınması üçün bu əsasla iddianın verilməsi də zəruri şərt deyil. Odur ki, belə əqdlərin etibarsızlığı işin halı kimi müəyyən oluna bilər, bu, iddiadan kənara çıxma sayılmır. 2-ci səbəb əhəmiyyətsiz və mübahisələndirilən əqdlərin xüsusiyyətləri ilə bağlıdır. Belə ki, “əhəmiyyətsiz” ifadəsi “puç” mənasını verir. Puç olan əqdin (əhəmiyyətsiz əqdin) mövcud olan əqd kimi (mübahisələndirilən əqd kim) məhkəmə tərəfindən yoxlanılması mümkün deyil, əks təqdirdə belə yoxlama “puç” mənasının təkzibi sayılacaq və ziddiyyət yaradacaq. Ona görə də hər hansı əqdin mübahisələndirilən əqd kimi (hədə təsiri nəticəsində bağlanmış əqd kimi və s.) etibarsız sayılması barədə iddiaya baxılarkən işin halı kimi bu əqdin əhəmiyyətsiz olduğu müəyyən edilərsə, məhkəmə həmin əqdin əhəmiyyətsizliyini tanımaqla buna uyğun olan nəticələri qət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən həmin tarixdə notariat qaydasında təqdiq edilməklə 3M-141 nömrə ilə reyestrdə qeydə alnmış ilkin alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd kimi etibarsız sayılsın. Vəliyev X2 rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 3-də yerləşən evdən çıxarılsın və ev İddiaçı təhvil verilsin. 33.000 (otuz üç min) manat pul İddiaçı alınaraq X1 verilsin. Evin və pulun verilməsi eyni zamanda icra olunsun. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-830/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-830/2021
29.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver