Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8319/2020 01.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə qarşı “protokol və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair 2(005)-1614/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə xx.xx.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2nə qarşı “protokol və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 106/44a ünvanında yerləşən 36 nömrəli mənzilə dair hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 47/01 saylı protokol və sözügedən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hərracı keçirən cavabdeh "xxxx” MMC ona bu barədə heç bir məlumat vermədən, bildiriş göndərmədən ardıcıl olaraq bir neçə dəfə hərrac keçirmiş və hərraca çıxarılan daşınmaz əmlakın bu günki, qiyməti 125000 manat olmasına baxmayaraq həmin əmlakı 54187,5 manata digər Cavabdeh1 satmışdır. Bu barədə hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli 47/01 nömrəli protokol tərtib olunmuşdur. Həmin protokolu qanunsuz, etibarsız sayır. Eləcə də qeyd edir ki, sözügedən daşınmaz əmlakın real qiyməti də 3 dəfə az qeyd olduğuna görə də yuxarıda qeyd olunan protokol əsassız sayılmalıdır. Bununla yanaşı qeyd edir ki, "xxxx” MMC-nə qarşı hərrac təşkilatının hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 47/01 nömrəli protokolu əsasında Cavabdeh1 RX seriyalı ******* nömrəli çıxarış almışdır ki, həmin çıxarışı da qanunsuz və etibarsız sayır. Hərrac və onu udmuş səxslə bağlanmış müqavilə də etibarsız hesab edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 1614/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, hərracın iddiaçının iştirakı olmadan keçirilməsini yeganə sübut edən arqument, onun hərraca dəvət edilməsi barəsindəki bildirişin alınması haqda imzanın ona məxsus olmamasıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdehlər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, cavabdeh "xxxx” MMC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə, «xxxx» MMC-nə, İddiaçı, X2 və X1 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 01 nömrəli və xx.xx.2018-ci il tarixli, 01/2 nömrəli bildirişlərlə İddiaçı və digər şəxslər Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 106/44a ünvanında yerləşən, ümumi sahəsi 58,25 kv.metr olan 36 nömrəli mənzilin müvafiq olaraq açıq hərracdan satılacağı (hərracın xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi) barədə xəbərdar edilmişdir. Bundan sonra, “xxxx” MMC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə, «xxxx» MMC-nə, İddiaçı oğluna, X4 və X1 açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 02 nömrəli və xx.xx.2018-ci il tarixli, 02/2 nömrəli bildirişlər göndərilərək İddiaçı və digər şəxslər yuxarıda qeyd olunan daşınmaz əmlakın müvafiq olaraq açıq hərracdan satılacağı (hərracın xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi) barədə xəbərdar edilmişdir. "xxxx” MMC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə, «xxxx» MMC-nə, İddiaçı, X2 və X1 ünvanlanmış xx.xx.2018-ci il tarixli, 01/3324 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin 7621- 130652-15/2A saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu, X5 küçəsində yerləşən 106/44a saylı evin, 36 saylı mənzilinin ipoteka yüklü satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin xx.xx.2018-ci il tarixli nömrəsində elan dərc edilmişdir. "Birja yenilikləri” qəzetinin surətlərindən görünür ki, iddiaçıya məxsus daşınmaz əmlakların açıq hərracdan satılması barədə elanlar verilmişdir. Xəbərnamələrin surətlərindən görünür ki, qeyd olunan bildirişlər İddiaçı tərəfindən qəbul edilmişdir. "xxxx” MMC-nin Hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 47/01 saylı protokolun surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-198/2017 saylı icra vərəqəsinin və Bakı Şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli, 7621- 130652/2018-15-2A saylı məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 85.000 manat olan ipoteka predmeti (İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 106/44a ünvanında yerləşən, ümumi sahəsi 58,25 kv.metr olan 36 nömrəli mənzil olmaqla) fərdi yaşayış evi təkrar hərracdan, 25% aşağı olan qiymətlə, yəni 54.187,5 manata tələbkar Cavabdeh1 tərəfindən alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 673/2019 saylı qətnaməsi ilə iddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxxxx 2019-cu il tarixli, 2(103)-6679/2019 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-673/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və mülki iş üzrə apelyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(102)- 5013/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxxxx 2019-cu il tarixli, 2(103)-6679/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hərracla bağlı proseslər 2018-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.8-cü maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə görə icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 415.1-ci və 415.2-ci maddələrinə görə, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 9.22-ci bəndinə əsasən, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Qaydaların 9.25ci bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Məhkəmə bildirişi. Sifarişli xəbərnamə ilə” və “İcra qeydi bildirişi. Sifarişli xəbərnamə ilə” qeydli sifarişli məktublar ünvançıya şəxsən verilir. Ünvançı olmadıqda, poçt göndərişi onunla bir ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvançının yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Bu halda ünvançının əvəzinə məktubu alan şəxs sifarişli xəbərnamədə öz soyadını, adını, atasının adını, ünvançıya münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Qaydaların 9.28-ci bəndinə əsasən xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən kollegiya qeyd edir ki, ipoteka predmeti olmuş əmlaka tutmanın yönəldilməsi məqsədilə Cavabdeh2 tərəfindən keçirilmiş hərracın ləğvi üçün hər hansı bir əsaslar yoxdur. Hərrac təşkilatçısı olan “xxxx” MMC-nin qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, işin tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən hərrac bu məsələni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Tələbin əsaslı olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Qeyd edilənlərə əsasən, hazırkı iş üzrə apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1614/2020 nömrəli mülki iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8319/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8319/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver