Məhkəmə qərarları › İş №2(103)-8323/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8323/2020

30.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8323/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı "avtomobilin açıq hərracdan satılması və satış pulunun bölüşdürülməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il il tarixli, 2(011)- 1894/2020-011 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BMW 540” markalı, **-XR-*** (**-UO-***) dövlət qeydiyyat nişanlı avtomobilin hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin paylarına mütənasib şəkildə ½ hissədə ona, qalan ½ hissədə cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5553/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh qarşı iddia tələbi qismən təmin edilmiş, “BMW 540” markalı, **-XR-*** (**-UO-***) dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə olunmuş əmlak kimi tərəflər arasında bərabər paylarla bölünməsi və həmin avtomobil üzərində ½ hissədə iddiaçıya, qalan ½ hissədə cavabdehə verilməsi qət edilmişdir. Daha sonra həmin qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı hal-hazırda ümumi paylı mülkiyyətdə olan sözügedən avtomobilin özünə məxsus ½ hissəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Həmin əmlaklardan payların ayrılması və bölgüsü barədə cavabdeh ilə aralarında mübahisə yaranmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1894/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan “BMW 540” markalı, **-XR-*** (**-UO-***) dövlət qeydiyyat nişanlı, qara rəngli, 2001-ci il buraxılışlı avtomobilin açıq hərracdan satılması, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan “BMW 540” markalı, **-XR-*** (**-UO-***) dövlət qeydiyyat nişanlı, qara rəngli, 2001ci il buraxılışlı avtomobilin satılmasından əldə edilən vəsaitin ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1894/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində İddiaçı cavabdehə qarşı avtomobilin açıq hərracda satılması və satış pulunun bölüşdürülməsinə dair iddiasına baxılan zaman «BMW 540» markalı, **-XR-*** (**-UO-***) dövlət qeydiyyat nişanlı avtomobilin 2001-ci il buraxılışlı olması, onun istifadə müddəti, korroziyaya uğraması və ümumiyyətlə iddiaçının dediyi rəqəmlərin məntiqi cəhətdən bir-birinə uyğunsuzluğu məhkəmə tərəfindən nəzərə alınmadan qanunsuz və ədalətsiz qətnamə çıxarılmışdır. Həmçinin, «BMW 540» markalı, **-XR-*** (**-UO-***) dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı avtomobilin ümumiyyətlə məhkəmə tərəfindən satış qiyməti müəyyən edilmədən, məhkəmə ekspertizası keçirilmədən iddia tələbinin təmin edilməsi özü absurddur və Azərbaycan Respublikasının Qüvvədə olan Mülki Prosessual Məcəlləsinin tələblərinə ziddir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5553/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə “BMW 540” markalı, **-XR-*** (**-UO-***) dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə olunan əmlak kimi tərəflər arasında bərabər paylarla bölünməsi və həmin avtomobil üzərində İddiaçı ½ və Cavabdeh ½ pay üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmişdir və hal-hazırda onların hər birinə ½ pay üzrə məxsus olmaqla, paylı mülkiyyətlərindədir. Qeyd edilən əmlakın tərəflər arasında naturada bölünməsi mümkün deyildir. İddiaçı özünə aid payın dəyəri olaraq 5000 manat pulun digər paylı mülkiyyətçi olan cavabdeh tərəfindən ona ödənilməsini təklif etsə də, cavabdeh bu təklifdən imtina etmiş, yalnız 800 manat verə biləcəyini bildirmiş, iddiaçı isə bu məbləğin onun əmlakdakı payına mütənasib olmadığını bildirərək bu məbləği almaqdan imtina etmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü və 220.5-ci maddələrinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Həmçinin, paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan “BMW 540” markalı **-XR-*** (**-UO-***) dövlət qeydiyyat nişanlı, qara rəngli, 2001-ci il buraxılışlı avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin paylarına mütənasib olaraq tərəflər arasında bölünməsi hissəsində mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarına və həmin normaların rəsmi şərhi olan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin qərarına uyğun olmaqla, əsaslı olmuşdur. Avtomobilin ilkin satış qiymətinin işə baxan məhkəmə tərəfindən müəyyən edilməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı Kollegiya qeyd edir ki, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması müddəti qeyri-müəyyən olduğundan, həmçinin avtomobil hal-hazırda cavabdeh tərəfindən istismar edildiyindən və onun real dəyərinin avtomobilin texniki vəziyyəti ilə birbaşa əlaqəsi olduğundan, onun ilkin satış qiymətinin müəyən edilməsinin icra mərhələsində müəyyən edilməsi daha məqsədəuyğundur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsaslı hesab etmir. Kollegiyanın gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 381.1.3 və 381.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1894/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar