Məhkəmə qərarları › İş №2(103)-8358/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8358/2021

27.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8358/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli, 2(001)- 6113/20 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 cəlb edilməklə) qarşı evə dair birgə nikah dövründə ödənilmiş vəsaitin bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 124 ünvanında yerləşən tikilinin alınması üçün birgə nikah dövründə verilmiş 16.500 manat məbləğə və birgə vəsait hesabına tikilinin təmirinə sərf olunmuş 4.000 manat məbləğə 2/3 hissədə payının müəyyən edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3cü mədən, korpus 124 ünvanında yerləşən tikiliyə yetkinlik yaşına çatmayan uşaqları X7 və X9 ilə birlikdə köçürülmələri barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli, iş № 2(001)-6113/20) iddia qismən təmin edilərək İddiaçı uşaqları - 13 aprel 2010-cu il təvəllüdlü X7 və 26 oktyabr 2012-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 3, korpus 124 ünvanında yerləşən 1 mərtəbəli 2 otaqlı evə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 26 oktyabr 2009-cu il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan iki uşaqları - 13 aprel 2010-cu il tarixdə X8, 26 oktyabr 2012-ci il tarixdə isə X9 anadan olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşaqlar onun yanında saxlanmış və uşaqların saxlanması üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment cavabdehdən onun xeyrinə tutulmuşdur. Ailə həyatı qurduqdan sonra o, 2009-cu ildə Şəki şəhərinə köçərək 6 il ailəsi ilə birlikdə yaşamışdır. Köçərkən el adəti üzrə cehizlərini də aparmışdır. Təxminən 2014-cü ilin əvvəlində ailələri ilə birlikdə Bakı şəhərinə gəlmişlər və anasıgilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən mənzildə yaşamağa başlamışlar. Təxminən 1 il yarıma yaxın anasıgilə məxsus mənzildə yaşamışlar. Yaşadıqları ərəfədə pul toplayaraq özlərinə mənzil almağa çalışmışlar. 2016-cı ilin mart ayında Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 124 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı evi keçmiş əri Cavabdeh adına 18.000 manata razılaşmaqla, 16.500 manata almışlar və qeyd olunan evi almaqlarını və pulu evin keçmiş sahibi Telman Abbasova vermələrinə dair ərizəni də Bakı şəhəri 14 saylı Notariat Ofisinin notariusu Elmar Əliyev təsdiq etmişdir. Evin alınmasında notariusda anası Gülnarə də iştirak etmişdir. Evi aldıqdan sonra isə təmir etdirməyə başlamışlər və evin təmiri 2016-cı ilin aprel ayının sonuna kimi davam etmişdir. Təxminən 4.500 manata yaxın evin təmirinə pulları çıxmışdır. Evin təmirinə anası Gülnarə 1.600 manata yaxın pulla köməklik etmişdir. Evin təmiri başa çatdıqdan sonra 2016-cı ilin may ayının əvvəli ailəsi ilə birlikdə qeyd olunan mənzilə köçmüşlər və birgə təsərrüfat aparmağa başlamışlar. Mənzili alarkən 2 otaq, 1 dəhzil və 1 mətbəxdən ibarət olmuşdur. Onlar evdə mətbəxi artırıb bir otaq əlavə etmiş, evdən əlavə bir otaq da tikmişlər. Əlavə olaraq tualet tikmiş, hasarı qaldırmış və həyətin üstünü bağlamışlar. Evə köçərkən özü ilə zəruri ev əşyalarını da ora gətirmişdir. 28 mart 2016-ci il tarixdə evə gələn suyun müqaviləsi, 26 aprel 2016-ci il tarixdə qaza dair sayğacın müqaviləsi, 17 avqust 2016-ci tarixdə isə işığa dair sayğacın müqaviləsi evin əvvəlki sahibi Telman Abbasovun adından cavabdehin adına keçirilmişdir. Həmin mənzildə yaşamaqla təsərrüfat aparmaqla uşaqlarını yaşadıqları evə yaxın yerləşən Binəqədi rayonu, 182 saylı tam orta məktəbə qoymuşlar. Hazırda uşaqları X8 həmin məktəbin 5-ci “a”, X9 isə 2- ci “e” sinifində təhsillərini davam etdirirlər. Hazırda onun yaşamağa yeri yoxdur və uşaqlarına görə məktəbə yaxın ərazidə kirayəyə ev tapmağa məcburdur. Habuki, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 124 ünvanında yerləşən 1 mərtəbəli ev onların birgə vəsaitləri hesabına alınmışdır. Cavabdeh onu həmin evdən zorla çıxarmış və indi də mənzilə buraxmır. Hazırda cavabdeh evin kommunal xidmətlər üzrə abonent müqavilələrini rəsmi qaydada boşanmaya 10 gün qalmış anası X1 adına rəsmiləşdirilmişdir. Sənədlərdən görünür ki, mübahisəli özbaşına tikilini birgə nikah dövründə 2016-cı ilin mart ayında birgə vəsaitləri hesabına almış və həmin tikili mövcuddur. Onunla cavabdeh arasında nikah pozulduğundan gələcəkdə torpaq sahəsinin və tikilini birgə mülkiyyət kimi qeydə alınması mümkün deyildir. Birgə nikah dövründə mübahisəli tikiliyə 16.500 manat pul vermələri notarius tərfindən təsdiq olunmuşdur. Hazırda həmin tikili yalnız cavabdehdə olduğundan və özbaşına tikili olduğundan onun hüquqları pozulmuş, həmin tikiliyə pay hüququnu tələb edə bilmir. Bu səbəbdən də tikilinin alınması üçün birgə nikah dövründə verilmiş 16.500 manat məbləğə və birgə vəsait hesabına tikilinin təmirinə sərf olunmuş 4.000 manat məbləğə 2/3 hissədə payı müəyyən edilməlidir. Birinci instansiya məhkəməsində Cavabdeh yazılı etirazında bildirmişdir ki, iddianı qəbul etmir, belə ki, həmin ev onun bacısı Vüsaləyə məxsusdur. Onun bacısı Şəki şəhərində yaşayır. Bacısı ona Bakı şəhərindən ev almaq istədiyini, lakin tək başına bunu edə bilməyini bildirmişdir. Bacısı gəlib Sulutəpə ərazisində satılan torpaq sahəsinə baxdıqdan sonra bəyənmişdir. Təxminən 2016-2017-ci il tarixində o, bacısının əvəzinə qardaşı olaraq əməliyyatları öz adına etdirməklə pulun torpaq sahibinə ödənilməsində iştirak etmişdir. Lakin sonradan müvafiq kommunal xidmətlərin öz adına rəsmiləşdirilməsində bacısı Vüsalə gələ bilmədiyi üçün öz adına rəsmiləşdirmişdir. Bəli, bu mübahisələr yarandıqdan sonra sayğacları anasının adına rəsmiləşdirmişdir ki, gələcəkdə bacısına məxsus əmlak mübahisə predmeti olmasın. Bacısı həmin evi uşaqlarına gələcək üçün almışdır. Həmin ev alınarkən yaxşı vəziyyətdə olmuş, yaşanılmaq üçün tam şəraitli olmuşdur. Həmin vaxt o, ailəsi ilə birlikdə qaynanasıgilə məxsus evdə yaşamışdır. Onlar evləndikdən sonra, yəni 2009-cu il tarixdən 2016-cı ilədək Şəki şəhərində atası evində yaşamışlar. Bütün əşyaları da bu günə kimi Şəki şəhərində olan evlərindədir. Onun işləri Bakı şəhərində olduğundan orada qalmalı idi. Həmin vaxt bacısının evi yaşamaq üçün tam şəraitli olduğundan bacısının razılığına əsasən onlar geyim əşyalarını götürməklə bacısının Sulutəpə adlanan yerdə yerləşən evinə köçmüşlər. Bir müddət orda yaşadıqdan sonra ailə münasibətləri pisləşdiyindən onlar ayrılmışlar. İddiaçı atası evinə getmiş, o isə Bakı şəhərində Biləcəri qəsəbəsində kirayə yaşamağa başlamışdır. İddiaçı ilə münasibətləri pisləşdikdən sonra bacısı Vüsalə ilə də arasında mübahisələr yaranmışdır. Bacısı onun evində yaşamasını istəmədiyini bildirdikdən sonra evdən çıxmış və açarları ona təhvil vermişdir. İddia tam əsssız və qanunsuzdur. Həmin evin nə mülkiyyət sənədi var, nə də həmin evin onun adına olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bacısı onlara yaxşılıq edib onlara himayədarlıq edib və iddiaçı da bundan sui-istifadə edir. Birinci instansiya məhkəməsində üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilmiş X6 yazılı etirazında bildirmişdir ki, iddia predmeti olan ev ona və ailəsinə məxsusdur. O, yoldaşı Rafiq və uşaqları ilə birlikdə Şəki şəhərində yaşayır. Bağça müdirəsi olmaqla uzun müddətdir ki, dövlət qulluğu sahəsində çalışır. Gələcəkdə övladlarının Bakı şəhərində rahat təhsil almaları üçün həyat yoldaşı ilə 2016-cı ilin mart ayında ev almaq istəmişlər. Həmin vaxt qardaşı Vüsal Bakı şəhərində qaynatası evində yoldaşı ilə birlikdə yaşayırdı. Onlar Vüsala ev axtarması üçün xahiş etmişlər. O da onlara müxtəlif ərazilərdə baxmaqları üçün evlər tapmışdır. O, mart ayının əvəllərində işdən icazə alaraq həyat yoldaşı ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Bir neçə evə baxsalar da Telman adında şəxsin istifadəsində olaraq qeydiyyata alınmamış torpaq sahəsinin üzərində tikilmiş evi bəyənmişlər. Lakin, həmin daşınmaz əmlak sənədsiz olduğu üçün onlar torpaq sahəsinin haqqının verilməsini rəsmiləşdirmək üçün bunun notariusda həyata keçirilməsi barədə razılığa gəlmişlər. Həmin vaxt pulları tam hazır olmadığından və onlar hər dəfə şəhərə gələ bilmədiklərindən onların əvəzindən Telman adlı şəxsə pulun verilməsi və bunun notarial qaydada rəsmiləşdirilməsinin Vüsal tərəfindən ediləcəyi barədə razılığa gəlmişlər. Hətta pulları tam çatmadığı üçün pulun yalnız 16.500 manat hissəsini verəcəklərini, qalanını isə sonra verməyi öhdələrinə götürmüşlər. Bundan bir neçə gün sonra avtobusla pulu qardaşı Vüsala göndərmişlər. Vüsalda təxminən 2016-cı ilin mart ayının ortalarında pulu notarial qaydada Telman adlı şəxsə vermişdir. Ev içərisində əşyalar olmaqla yaşayışa tamam yararlı vəziyyətdə olmuşdur. Qardaşının ailəsi şəhərdə çətinliklə yaşadığından gündəlik lazım olan əşyaların Bakı şəhərinə aparılması müəyyən xərclər tələb etdiyindən qardaşına ailəsi ilə birlikdə onlara məxsus evdə özlərinə ev alanadək yaşamaları barədə razılığa gəlmişlər. Əvvəlki sənədləşmə qardaşının adına olduğundan evdə olan sayğaclarında yoldaşı Rafiqin razılğı ilə Vüsalın adına sənədləşdirmişlər. Onlar bir müddət orada yaşamışlar. Lakin sonradan onların ailəsində baş verən mübahisələrin sonunda onların güc-bəla ilə övladlarına aldıqları evin bölüşdürmək mərhələsinə qədər gətirib çıxardıqlarını gördükdə evdə olan sayğacları anası Tükəzbanın adına sənədləşdirmişlər. Evin və torpağın sənədi olmadığı üçün həmin əmlak hal-hazırda heç kəsin adına qeydiyyata alınmamışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən və qətnamə çıxarılarkən iddiaçının mübahisəli evə yaşamaq hüququ olmadığı nəzərə alınmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən yalnız iddianın təmin edilən hissəsində, yəni evə köçürülmə hissəsində mübahisələndirilmişdir. İddiaçı qətnaməni idianın təmin olunmayan hissəsində mübahisələndirməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçınıın izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Binəqədi Rayon Məhkəməsinin iş üzrə 08 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər 10.11.2009-cu ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 13.04.2010-cu və 26.10.2012-ci il təvəllüdlü iki uşaqları olmuş və tərəflər arasındakı nikah Mingəçevir şəhər məhkəməsinin 01.06.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Mübahisə predmeti Bakı şəhəri, Binəqədi ray, Binəqədi qəs., 3-cü mədən, korpus 124 ünvanında yerləşən fərdi yaşayış evidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin mənzil əldə edildikdən sonra iddiaçı, cavabdeh və övladları bir müddət orada yaşamış, ailə münasibətləri pozulduqdan sonra iddiaçı həmin mənzildən çıxarılmışdır. Hazırda iddiaçı evin birgə vəsait hesabına alındığını iddia etdiyi halda, cavabdeh həmin evi bacısının vəsaiti hesabına aldığını bildirmişdir. İddiaçının tələbi birgə nikah dövründə evə görə ödənilmiş vəsaitin bölünməsi və yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə evə köçürülməsi barədədir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin olunaraq iddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə evə köçürülmüşdür. Cavabdeh buna etiraz edir və qətnaməni həmin hissədə mübahisələndirir. Hazırda apellyasiya baxışının predmeti qətnamənin evə köçürülmə hissəsidir. Birinci instansiya məhkəməsi iddianı evə köçürülmə hissəsində əsaslı sayarkən mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 225.1-ci, Ailə Məcəlləsinin 32, 33-cü və s. maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və həmin ev tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Məhkəmənin qənaətinə görə belə olan halda iddiaçının da cavabdeh kimi həmin evdə yaşamaq hüququ vardır. Tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmamış uşaqların məhkəmə qətnaməsinə əsasən iddiaçının yanında qalmalarının müəyyən edildiyini və onların yaşayış yerinin iddiaçının yaşayış yeri sayıldığını nəzərə alan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı 13 aprel 2010-cu il təvəllüdlü X7 və 26 oktyabr 2012-ci il təvəllüdlü X9 ilə birlikdə mübahisəli evə köçürülməlidir. Birinci instansiya məhkəməsinin qənaətinə görə cavabdeh və onun tərəfində iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 mübahisəli evin dəyərinin X4 və onun ailəsinin vəsaiti hesabına ödənildiyini, beləliklə də həmin evin onlara məxsus olduğunu bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bütünlüklə əsassız sayır və bildirir ki, cavabdeh tərəfindən göstərilən halları, yəni evin Vüsalə Məmmədova tərəfindən alınmasını əsaslandıran heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materialları ilə təsdiq olunur ki, mübahisəli ev tərəflərin birgə nikahda olduqları vaxt X2 16500 manata Cavabdeh tərəfindən alınmışdır. Bakı şəhəri 14 saylı notariat ofisinin 04.09.2020-ci il tarixli məktubundan da aydın olur ki, X3 mübahisəli evin satılmasına dair yazdığı ərizədəki imzasının həqiqiliyi 10.03.2016-cı il tarixdə notarius tərəfindən təsdiq olunmuşdur. Həmin ərizədə T.Abbasov mübahisəli evə dair Cavabdeh 16500 manat aldığını etiraf etmiş və gələcəkdə bununla bağlı hər hansı iddiası və tələbi olmayacağını bildirmişdir (i.v.12). Mübahisəli evə kommunal xidmət göstərilməsi ilə bağlı müqavilələrin hazırda cavabdehin anası Tükəzban Məmmədovanın adına rəsmiləşdirilməsinə gəldikdə isə, məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən etdi ki, əvvəla, həmin müqavilələr tərəflər arasında münasibətlər pozulandan sonra bağlanmışdır. Digər tərəfdən, cavabdeh özü də birinci instansiya məhkəməsində izahat verərkən etiraf etmişdir ki, kommunal xidmət müqavilələrini anasının adına keçirməkdə məqsədi evin iddiaçı ilə mübahisə predmetinə çevrilməsinin qarşısını almaqdan ibarət olmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə toplanmış sübutlar birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 08 dekabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni İddiaçı uşaqları - 13 aprel 2010-cu il təvəllüdlü X7 və 26 oktyabr 2012-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 3, korpus 124 ünvanında yerləşən 1 mərtəbəli 2 otaqlı evə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar