Məhkəmə qərarları › İş №2(103)-8364/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8364/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8364/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 555/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11093,21 ABŞ dolları əsas, 3111,87 ABŞ dolları faiz, cəmi 14205,08 ABŞ dolları borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi, cavabdehin mülkiyyətində olan ** VZ *** dövlət qeydiyyat nişanlı “Geely Emgrand” markalı minik avtomobilinə (buraxılış ili 2013, Ban - L6T7642ZXDN022520, rəngi - ağ) yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi, artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-555/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 11093,21 (on bir min doxsan üç dollar iyirmi bir sent) ABŞ dolları əsas, 3111,87 (üç min yüz on bir dollar səksən yeddi sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 14205,08 (on dörd min iki yüz beş dollar səkkiz sent) ABŞ dolları məbləğində kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus “Geely Emgrand” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən 14205,08 (on dörd min iki yüz beş dollar səkkiz sent) ABŞ dolları kredit borcunun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-yə ödənilməsi, qalan məbləğin isə Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində bildirmişdir ki, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Halbuki, Xətai Rayon Məhkəməsi nəzərə almalıdır ki, iddianın bu hissəsinin məhkəmə mərhələsində təmin edilməsi həm qanunvericiliyin səlist tətbiqinə, həm də işin icra mərhələsində düzgün və operativ həll olunmasına gətirib çıxarır. Çünki, İcra Şöbəsinin məhkəmənin qəbul etdiyi qətnamə həcmində icra sənədinin icra etmək öhdəliyi vardır. Buna əsasən ipoteka predmeti olan əmlak satıldıqdan sonra icra məmurları icra sənədini tam icra olunmuş hesab edərək xitam verilməsi üçün təqdimatla məhkəmələrə müraciət edirlər. Lakin tələbkar qismində qətnamənin tam icrası üçün icra şöbələrinə müraciət zamanı icra məmurları qalıq məbləğin tam ödənilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün ərizə ilə yenidən məhkəməyə müraciət edilməsini bildirirlər. Bu hal isə qalıq borc üzrə yeni qərar qəbul edilməsi üçün icra işini süni və əsassız şəkildə uzadır. Eyni zamanda qətnamənin icrasının uzanmasına, süründürməçilik hallarının mövcudluğuna gətirib çıxarır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)- 3418/2020 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin iddianın təmin olunmayan hissəsində gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3947/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3418/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-555/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx xxxx 2013- cü il tarixli, 01052 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 18% olmaqla 14386 ABŞ dolları məbləğində kredit verilmişdir. Bankla cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 1052 nömrəli ipoteka müqaviləsinə əsasən, cavabdeh mülkiyyətində olan “Geely Emgrand” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilini (bundan sonra – ipoteka predmeti) sözügedən kredit müqaviləsi üzrə Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka ilə yüklülük daşınar əmlakın dövlət reyestrində müvafiq qeydiyyata alınmışdır. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, MPMin 372.6-cı maddəsinin birinci cümləsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. MPM-in 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır. Bu müddəadan göründüyü kimi, qanunverici apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirir. Mübahisənin predmetinin bölünməz olması məsələsi tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxx 2011-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, MPM-in 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Bununla yanaşı, MPMin 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Konstitusiya Məhkəməsinin istinad olunan qərarında qeyd edilmişdir ki, MPMin həmin maddəsində nəzərdə tutulmuş prosessual pozuntuları iki qrupa bölmək olar. Birinci qrupa birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir halda ləğv olunmasına əsas olmuş prosessual pozuntular aiddir. Belə pozuntular kobud pozuntular adlandırılır. Həmin pozuntular MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə şərtsiz əsasdır. İkinci qrupa elə prosessual pozuntuları aid etmək olar ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmaya da bilər. Belə pozuntuları şərtli pozuntular da adlandırmaq olar. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq apelyasiya instansiya məhkəməsi həll edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə onlar qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən hesab edir ki, iş üzrə iddia ərizəsinin mümkünlüyü, yaxud mahiyyəti üzrə baxılması əsaslarının mövcud olmaması əhəmiyyətli prosessual pozuntu kimi qəbul edilməli və hər bir halda düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan MPM-in 372.6, 372.7 və 387.1-ci maddələrinə əsasən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamənin tam yoxlanılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntu əhəmiyyətli olduğundan, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalı və həmin hala qiymət verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, həmçinin kasasiya instansiya məhkəməsinin rəsi göstərişlərini nəzərə almaqla qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən baxılan iş üzrə əhəmiyyətli prosessual pozuntuya yol verildiyindən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalı və qiymət verilməlidir. “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş, xx.xx.2017-ci tarixdə hazırkı iş üzrə cavabdehə aid sənədlərin təhviltəsliminə dair akt tərtib edilmişdir. İddiaçı QSC ilə Agentlik arasında xx.xx.2016-cı il tarixdə “Xidmət müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən, Agentlik İddiaçı QSC-yə onun “xxxx” ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquq xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini İddiaçı QSC-yə ödəməyi, İddiaçı QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar Agentliyin yaranmış xərclərini ödəməyi və fəaliyyəti üçün lazımi şərait yaratmağı öhdələrinə götürmüşlər. Xidmət müqaviləsinin 2.1.4-cü bəndinə əsasən, Agentliyə problemli aktivlər üzrə mövcud borcların ödənilməsi tələbi ilə Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında, icra orqanlarında, dövlət orqanlarında iştirak etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 74.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlər verilmişdir. Müqavilənin 2.4-cü bəndinə görə, problemli aktivlərlə bağlı müqavilədə qeyd olunan xidmətlərin icrası məqsədilə İddiaçı QSC tərəfindən Agentliyin icraçı direktoruna müvafiq səlahiyyətlərin təsbit edildiyi etibarnamə verilir. Nəzərə alınmalıdır ki, MPM-ə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (maddə 69.2). Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (maddə 73.1). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir (maddə 73.4). İddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2). Hazırkı iş üzrə Agentliyin təsisçisi İddiaçı QSC BOKT-dur və Agentliyin nizamnaməsində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən İddiaçı QSC BOKT-a keçmiş aktivlərin idarə olunmasına iştirak etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək funksiyalarını həyata keçirməsi üzrə səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə müvafiq olaraq hüquqi şəxsin nümayəndəsi qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, yaxud da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir. Beləliklə, mülki-prosessual qanunvericiliyə əsasən hazırkı iş üzrə İddiaçı QSC BOKT-un nümayəndəlik səlahiyyətlərinin Agentlik tərəfindən həyata keçirilməsi mümkün deyildir. Həmçinin iş materiallarında İddiaçı QSC BOKT ilə Agentlik arasında tələb hüququnun güzəşt edilməsinə dair mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müqavilə, yaxud tələb hüququnun digər qaydada sonuncuya keçməsi barədə yaxud normativ hüquqi akt yoxdur. MPM-ə müvafiq olaraq hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (5.1). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür (151.1). İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (maddə 149.1). İddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir (maddə 150.0.3). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (maddə 152.1.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Prosessual qanunvericiliyin sadalanan tələblərinə baxmayaraq, birinci instansiya məhkəməsi İddiaçı QSC-ni məhkəmədə təmsil etmək səlahiyyətinə malik olmayan Agentliyin adından qaldırmış iddia ərizəsini icraata götürmüş və həmin ərizə əsasında işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-555/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.3, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-555/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar