Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-840/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X6 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, ərizəçinin hüquqi varisi X5, maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X3, maraqlarına toxunulan şəxs X2 nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, Ərizəçi Xəlilov X15 (maraqlı şəxs: Maraqlı şəxs) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli, 2(006)-1709/2005 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Xəlilov X20 nənəsi X7, nənəsinin anası Səkinə xanım Şahbaz qızının, nənəsinin qardaşı X17 və nənəsinin qardaşı qızı X12 ölüm faktlarının, mərhumlarla onun qohumluq münasibətlərinin və mərhumlardan miras qalmış Bakı şəhəri, Kiçik Qala küçəsində yerləşən 112 saylı mülkün onun tərəfindən miras kimi qəbul edilməsi faktlarının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci il tarixli 2(006)-1709/2005 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Maraqlarına toxunan şəxs qismində X4 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, qətnamədə ölüm faktı müəyyən edilmiş şəxslərdən biri olan X22 mərhum anası X1 doğma atası olmuşdur. O, doğulduğu vaxtdan mübahisəli mənzildə qeydiyyatda olmaqla faktiki yaşamış, işə baxılması barədə ona heç bir məlumat verilməmiş, qətnamə təqdim edilməmişdir. Ərizəçi isə bütün bunları bildiyi halda, məhkəməyə yanlış məlumat vermiş, həqiqəti gizlədərək guya onun X22 ilə qohumluq münasibətlərində olmasını və ondan başqa vərəsə olmaması kimi yanlış məlumatlar bildirməklə məhkəməni də aldatmışdır. Məhkəmə isə qeyd olunan halları araşdırmadan, yalnız ərizəçinin və yalançı şahidlərin göstərdiklərini əsas tutmaqla qanunsuz qətnamə qəbul etmiş və bununla da əsl vərəsənin mülkiyyət və vərəsəlik hüquqlarını kobud şəkildə pozmuşdur. Ərizəçi Xəlilov X20 xx.xx.2007-ci il tarixdə vəfat etmiş, barəsində Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda vərəsəlik işi açılmış, miras qoyanın oğlu X8 xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X10 apellyasiya baxışı zamanı ərizəçinin hüquqi varisi qismində işdə iştirak etməyə cəlb edilmişdir. Məhkəmə iclasında maraqlarına toxunulan şəxsin nümayəndəsi və vəkili şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin hüquqi varisi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmalı, qətnamə ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.1-ci maddələrinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi icraat iddia icraatından fərqlənir və burada mübahisə üzrə tərəflər olmur. Deməli, xüsusi icraat elə bir əlamətlərə malikdir ki, onu iddia icraatından fərqləndirməyi mümkün edir. Xüsusi icraatda elə hüquqi məsələlər tənzimlənir ki, orada hüquq mübahisəsi olmur. Baxılan iş üzrə tərəflər arasında hüquqi mübahisə yaranırsa, işin baxılması iddia icraatına keçirilir. Bu hal Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası MPM-in 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikasının MPM-in 259.0 və 259.0.10-cü maddələrinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, ərizəçinin faktın müəyyən edilməsi barədə ərizəsinə xüsusi icraat qaydasında birinci instansiya məhkəməsi tərəfindən baxılsa da, həmin ərizə üzrə məhkəməyə aid hüquq haqqında mübahisə vardır. Belə ki, iş materiallarından məlum olur ki, maraqlı şəxs tərəfindən qətnamə ilə təsdiqlənən hüquqi fakt, vərəsələrin dairəsi, mirasın qəbulu və s.) mübahisələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci i il tarixli, 2(006)-1709/2005 saylı qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Kollegiya ərizəçinin hüquqi varisinə izah edir ki, ərizənin baxılmamış saxlanması ümumi əsaslarla iddia icraatı qaydasında məhkəmədə iddia qaldırılmasına maneə olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 306.4, 384.0.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlarına toxunulan şəxs X2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2005-ci i il tarixli, 2(006)-1709/2005 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi Xəlilov X15 (maraqlı şəxs: Maraqlı şəxs) “hüquqi faktın müəyyən edilməsi barədə” ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-840/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-840/2023
27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver