Məhkəmə qərarları › İş №2(103)-8439/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8439/2020

11.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8439/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin geri qaytarılması tələbinə dair” mülki iş üzrə iddianı təmin etmə tədbiri barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(003)-3336/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadəsində olan **-DK-*** dövlət qeydiyyat nişanlı “KİA RİO” minik markalı avtomobilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı iddianı təmin tədbiri barədə ərizə təqdim edərək, **- DK-*** dövlət qeydiyyat nişanlı “KİA RİO” minik markalı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(003)- 3336/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı məxsus “KİA RİO” markalı **-DK- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı qərardadın ləğv edilməsini və avtomobilin üzərinə həbs qoyulmaqla cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, avtomobilin üzərinə həbs qoyulmuşdur, lakin onun iddianın təmin tədbiri qismində tələbi avtomobilin hazırda istifadə edən şəxs və ya şəxslərdən alınaraq cərimə meydançasına yerləşdirilməsi və üzərinə həbsin qoyulması idi, avtomobilin üzərinə həbs qoyulmuş, lakin cərimə meydançasına yerləşdirilməsi təmin edilməmişdir. Cavabdehin izi itirmək və ya mülki mühakimə icraatındakı məsuliyyətdən yayınmaq məqsədilə avtomobilin zədələnməsi və ya ehtiyyat hissələrinin dəyişdirilməsi və ya oğurladaraq avtomobilin oğurlanması kimi qeydiyyata aldırmasının və digər hərəkətlərin qarşısını almaq mümkün olsun deyə, həbs qoyulmaqla yanaşı, cərimə meydançasına da yerləşdirilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə görə kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehlərin və başqa şəxslərin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.1-ci maddəsinə görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər.MPM-nin 158.1.2-ci maddəsinə görə məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. MPM-nin 158.1.3-cü maddəsinə əsasən mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. İddiaçı şikayətində göstərmişdir ki, tələbi avtomobilin cərimə meydançasına yerləşdirilməsi və üzərinə həbsin qoyulması olsa da, cərimə meydançasına yerləşdirilməsi təmin edilməmişdir. Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək, “KİA RİO” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmasını xahiş etmiş, məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə tam təmin edilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı daha əvvəl xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək **-DK-*** dövlət qeydiyyat nişanlı “KİA RİO” minik markalı avtomobilin hazırda istifadə olunan şəxs və ya şəxslərdən alınaraq cərimə meydançasına aparılması barədə qərardad çıxarılmasını xahiş etmiş, lakin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Göründüyü kimi, iddiaçının ərizəsi üzrə tələbi tam təmin edilmiş və avtomobilin üzərinə həbs qoyulmuşdur. Kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər əsassızdır və qərardadın ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur, məhkəmənin qərardadı qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3336/2020 saylı mülki iş üzrə xx xxxxxxx 2020-ciil tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar