Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-845/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 avqust 2020-cu il tarixli, 2(006)-527/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhəri “Rus meşəsi” ərazisində 0.30 ha torpaq sahəsində olan 6 girişli, 784,8 kv.metr ümumi, 226,2 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına dair Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın nəticələrinə dair 15.08.2013-cü il tarixli, 214 saylı protokolunun və alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 ASC-nin adına verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh1 ASC-dən kredit almaqla ona məxsus Qəbələ şəhəri “Rus meşəsi” ərazisində 0.30 ha torpaq sahəsində olan 6 girişli, 784,8 kv.metr ümumi, 226,2 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasını (mehmanxananı) girov qoymuşdur. Ödənişlər vaxtında yerinə yetirilmədiyi üçün Bank məhkəməyə müraciət etmiş və Yasamal rayon Məhkəməsinin 18.08.2009-cu il tarixli, 2(004)-2815/2009 saylı icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və iddiaçıya məxsus əmlak satışa çıxarılmışdır. İddiaçının icra hərəkətləri, qiymətləndirmə və hərraclar barədə məlumatı olmamışdır. İddiaçının əmlakı ilk əvvəl 400.000 manat qiymətləndirilməklə satışa çıxarılmışdır. Həmin qiymətlə hərrac baş tutmamışdır. Sonradan bank və icra şöbəsinin nə etdiklərindən iddiaçının məlumatı olmamışdır. İddiaçı bunları 2019-cu ilin may ayının 15-dən sonra Qəbələ rayon İcra Şöbəsinə gələn yeni icra məmuru onu ora dəvət edəndən sonra bilmişdir. Bu günə qədər iddiaçıya bu barədə məlumat verilməmiş və işin bağlandığını bilmişdir. Çünki həmin yeri iddiaçı başqalarına həvalə edib çıxmış və həmin borc da aralarında bağlanmış olmuşdur. Bu məsələ təxminən 2010-cu illərdə baş vermişdir. Lakin 9 il sonra Bank əmlakı aldığı halda hələ pul da tələb edir. 2012-ci ildə Bank tərəfindən 1 saylı İnzibati- İqtisad Məhkəməsinə müraciət edilmiş və iddiaçının əmlakına dair qiymətləndirmə rəyinin ləğv edilməsi xahiş edilmişdir. İddiaçının bu məhkəmədən xəbəri olmamışdır. İddiaçını tərəf kimi işə cəlb ediblər, lakin heç bir bildiriş və ya qərar ona göndərməmişlər. Hətta işə o dərəcədə məxfi baxıblar ki, qətnamədə tərəf kimi iddiaçının adını yazmağı unudublar. Bundan əlavə, qətnamədə iddiaçının adı olmadığına görə ona qətnaməni də göndərməyiblər. İddiaçının bu hadisələrdən xəbəri olmamışdır. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 27.07.2012-ci il tarixli, 2 iqt (81)- 2216/2012 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş və iddiaçının əmlakına dair ekspert rəyi ləğv edilmiş və əmlakına 26.187 manat qiymət qoyulmuşdur. Həmin 26.187 manat ilkin satış qiyməti ilə iddiaçının oteli hərraca çıxarılmış və bank 05.08.2013-cü il tarixdə bu əmlakı almışdır. İddiaçıya məxsus əmlak 27.187 manat qiymətləndirilməklə satılması üçün hərraca çıxarılmışdır. Qəbələ rayon İcra Şöbəsinin 292/09 saylı 08.05.2013-cü il tarixli sifariş məktubu ilə iddiaçının əmlakı hərraca çıxarılmışdır, iddia ərizəsinə əlavə edilmiş açıq hərracın keçirilməsinə dair 01 iyun 2013-cü il tarixli, 897 saylı bildirişdən görünür ki, ilkin satış qiyməti 27.187 manat olmaqla 01.07.2013-cü il tarixdə Qəbələ şəhəri “Rus meşəsi” ərazisində 0.30 ha torpaq sahəsində olan 6 girişli, 784,8 kv.metr ümumi, 226,2 kv.metr köməçi sahədən ibarət qeyri-yaşayış binasının açıq hərracda satılmasına dair bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş həmin bildirişin göndərilməsinə dair poçt qəbzindən göründüyü kimi iddiaçıya göndərilən bildirişlər ona çatdırılmamışdır. Belə ki, həmin bildirişdə göstərilir ki, guya iddiaçı Bakı şəhəri, H.Bəy Zərdabi küçəsi, ev 8, mənzil 13-14-də yaşamış və məktub da ora göndərilib. Lakin poçt qəbzindən də göründüyü kimi məktub geri qaytarılmışdır. Çünki həmin evi iddiaçı 2011-ci ildə satıb çıxmışdır. Hətta satmamışdan qabaqda, o, həmin mənzildə yaşamamışdır. Birinci hərrac baş tutmadığından Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi 01.08.2013- cü il tarixdə təkrar hərracın keçirilməsinə dair 06.07.2013-cü il tarixli, 1249 saylı bildiriş göndərmişdir. Həmin bildirişin göndərilməsinə dair poçt qəbzindən göründüyü kimi həmin bildiriş də iddiaçıya çatmamışdır. İddiaçının ümumiyyətlə bu hərracların necə və nə vaxt keçirilməsinə dair məlumatı olmamışdır. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin Hərracın 15.08.2013-cü il tarixli, 214 saylı protokolunun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ASC Qəbələ şəhəri “Rus meşəsi” ərazisində 0.30 ha torpaq sahəsində olan 6 girişli, 784,8 kv.metr ümumi, 226,2 kv.metr köməçi sahədən ibarət qeyri-yaşayış binasını 16695 manata almışdır. İddiaçının hərraclardan məlumatı olmamışdır. Belə ki, ona göndərilmiş hərrac bildirişlərindən göründüyü kimi həmin bildirişlər iddiaçıya çatdırılmamışdır. Bu səbəbdən də hərrac etibarsız hesab edilməlidir. Həmçinin, iddiaçının təkcə bu hərraclar barədə deyil, əmlakına qoyulan qiymətdən də xəbəri olmamışdır. Bağa necə və nə vaxt qiymət qoyulması barədə heç bir bildiriş daxil olmayıb bu səbəbdən də evin qiymətləndirilməsi barədə də məhkəmə qətnaməsindən apelyasiya şikayəti vermiş və iş hazırda Bakı Apelyasiya Məhkəməsində icraatdadır. (iş nömrəsi 2-2(103)-525/2019) Qeyd olunan əmlak Qəbələnin ən gözəl yerində yerləşir. Həmin otelin yanında “X9”, “X7”, “Qəbələ Xanlar restoranı” və s. qeyri-yaşayış sahələri var. Düzdür, təmiri elə də əla təmirli olmasa da, həmin əmlakın dəyəri ən azından 26.000 manat ola bilməz. İddiaçı şəxsən özü əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssisə müraciət etmiş və hazırda bu əmlakın dəyərinin 451.000 manat olduğuna dair rəy almışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 avqust 2020-cu il tarixli, 2(006)-527/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı X2 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, qeyd olunur ki, iddiaçının icra hərəkətləri, qymətləndirmə və hərraclar barədə məlumatı olmayıb. İddiaçıya məxsus əmlak ilk əvvəl 400.000 manat qiymətləndirilməklə satışa çıxarılmışdır. Həmin qiymətlə hərrac baş tutmamışdır. Sonradan bankın və icra şöbəsinin hərəkətləri ilə bağlı iddiaçının xəbəri olmamışdır. Hərrac barədə iddiaçının 15 may 2019-cu ildən sonra Qəbələ rayon İcra Şöbəsinə təyin olunmuş yeni icra məmuru tərəfindən İcra Şöbəsinə dəvət olunduqdan sonra xəbəri olmuşdur. Həmin günə qədər ona heç bir məlumat verilməmiş və işin bağlandığı bildirilmişdir. Çünki həmin ərazini təxminən 2010-cu ildə başqa şəxsə həvalə çıxmış və o borc da aralarında bağlanmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, hərrac 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 27.07.2012-ci il tarixli, 2 iqt (81)-2216/2012 saylı qiyabi qətnaməsi ilə müəyyən edilmiş 26.187 manat qiymət əsasında aparılmış, hal-hazırda da, əmlak Bankın mülkiyyətindədir. İddiaçı, "xxxx" MMC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etdiyindən, hazırkı apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, hərracın keçirilməsini həyata keçirən "xxxx" MMC tərəfindən “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına riayət olunmuş, ipoteka saxlayan Cavabdeh1 ASC də öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə etmişdir. Həmçinin, iddiaçı hərracın keçirilməsindən xəbərinin olmadığını bildirsə də, hərracın keçirilməsindən 6 (altı) il keçdiyini nəzərə alaraq, məhkəmə həmin halı inandırıcı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.08.2009-cu il tarixli, 2(004)-2815/2009 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətin hesabına ödənilməli 120.647,61 manat məbləğində pulun ödənilməsini təmin etmək məqsədi ilə tutma İddiaçı mülkiyyətində Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv metr əsas, 226,2 kv metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, İddiaçı mülkiyyətində olan Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv metr əsas, 226,2 kv metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binasının açıq hərracdan satılması və satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsi üçün Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.07.2012-ci il tarixli, 2 iqt (81)-2216/2012 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı məxsus Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv metr əsas, 226,2 kv.metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binasının 400.000 manat məbləğində qiymətləndirilməsinə dair əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi ləğv olunmaqla, yenidən keçirilmiş ekspert qiymətləndirilməsinə əsasən əldə edilmiş daşınmaz əmlakın dəyərinin 26187 manat məbləğində müəyyən edilməklə yekun qiymət hesab edilməsi qət edilmişdir. İş materiallarından Qəbələ rayon İcra məmurunun 08.05.2013-cü il tarixli Sifarişindən görünür ki, Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv metr əsas, 226,2 kv.metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 26187 manat olmaqla hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. İş materiallarındakı "xxxx" MMC-nin tələbkar Cavabdeh1 ASC-yə, borclu İddiaçı ünvanladığı “açıq hərracın keçirilməsinə dair” 01.06.2013-cü il tarixli, 897 №-li bildirişdən görünür ki, Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv metr əsas, 226,2 kv.metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 26187 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 01 iyul 2013-cü il tarixə təyin edilmişdir. İş materiallarındakı "xxxx" MMC-nin tələbkar Cavabdeh1 ASC-yə, borclu İddiaçı ünvanladığı “açıq hərracın keçirilməsinə dair” 06.07.2013-cü il tarixli, 1249 №-li bildirişdən görünür ki, Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv metr əsas, 226,2 kv.metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binasınınsatış qiyməti 22258 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 01 avqust 2013-cü il tarixə təyin edilmişdir. İşin materiallarında olan 05.06.2013-cü il və 09.07.2013-cü il tarixli xəbərnamələrin surətlərindən görünür ki, "xxxx" MMC tərəfindən borcluya göndərilmiş bildirişlər borclunun köçməsi səbəbindən geri qaytarılmışdır. İşin materiallarında olan “Hərracın nəticələri haqqında” 15 avqust 2013-cü il tarixli, 214 №li protokoldan görünür ki, hərracın təşkilatçısı – "xxxx" MMC-nin direktoru İ.Bayramovilə alıcı Cavabdeh1 ASC-nin etibarnamə üzrə nümayəndəsi R.R.Şirinov Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 16.695 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 25.10.2013-cü il tarixli Çıxarışın surətindən görünür ki, Qəbələ şəhəri, “Rus meşəsi” sahəsi Cavabdeh1 ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 11.03.2020-ci il tarixli, 2-2(102)-70/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli, 2-2(103)-525/2019 saylı qətnaməsi ilə 3-cü şəxs İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2012-ci il tarixli qiyabi qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli, 2-2(103)-525/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırki mübahisə ilə əlaqədar kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Göstərilən Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İddianın hərracın nəticələrinin etibarsız sayılması hissəsi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı iddia tələbində hərrac təşkilatının hərracın keçirilməsi barədə ona bildirişlər təqdim etmədiyini, hərracın keçirilməsi qaydalarını pozduğunu, real hərrac keçirmədiyini, 400000 manat dəyərində əmlakın məhkəmə qərarı əsasında 26187 manata hərraca çıxarıldığını, 16695 manata banka satdığını, həmin məhkəmə qərarının mövcud olmadığını bildirmişdir. Kollegiya iddiaçının tələbi ilə razılaşaraq qeyd edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, mübahisə predmeti olan əmlak 400.000 manat məbləğində qiymətləndirildiyi halda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.07.2012-ci il tarixli, 2 iqt (81)-2216/2012 saylı qiyabi qətnaməsi ilə əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi ləğv olunmaqla, yenidən keçirilmiş ekspert qiymətləndirilməsinə əsasən əldə edilmiş daşınmaz əmlakın dəyərinin 26187 manat məbləğində müəyyən edilməklə yekun qiymət hesab edilməsi qət edilmişdir. Həmin qərar Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli, 2-2(103)-525/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsa da, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 oktyabr 2019-cu il tarixli, 2-2(103)- 525/2019 saylı qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qərardadı əsasında alınmış "xxxx" MMC-nin 02 avqust 2021-ci il tarixli, 1577/21/RB saylı rəyindən görünür ki, Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 2012-ci il tarixə bazar şəraitinə uyğun likvid qiyməti 155000 manat, hazırkı vaxta bazar şəraitinə uyğun likvid qiyməti 165000 manat müəyyən olunur. Göründüyü kimi, hərrac mövcud olmayan məhkəmə qərarı ilə müəyyən edilmiş qiymət əsasında həyata keçirilmiş, iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçının hərracın keçirilməsindən məlumatlı olmaması işdə olan qəbzlərlə və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.07.2012-ci il tarixli, 2 iqt (81)-2216/2012 saylı qiyabi qətnaməsini mübahisələndirməsindən açıq surətdə müəyyən olunur. Əgər iddiaçı məlumatlı olsaydı, məhkəmə qərarından verdiyi apellyasiya şikayəti mümkün hesab edilməzdi. Beləliklə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı hərracın keçirilməsindən məlumatlı olmamış, məlumat əldə edən kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.07.2012-ci il tarixli, 2 iqt (81)-2216/2012 saylı qiyabi qətnaməsini mübahisələndirməklə, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun tələbindən göründüyü kimi, hərracın vaxtı, yeri və s. ilə yanaşı onun predmeti dəqiq şəkildə tərəflərə bildirilməli və elan olunmalıdır. Bu qaydanın məqsədi hərracın formal deyil, real şəkildə, yəni iştirakçı çoxluğu olan həqiqi auksion formasında keçirilməsidir. Bu səbəbdən həmin məlumatlardakı yanlışlıq (qeyridəqiqlik) hərracın iştirakçılar olmadan formal keçirilməsinə səbəb olur. Bu hal isə hərracların iştirakçısının olmaması, dolayısı ilə hərracların baş tutmamış sayılması ilə nəticələnir. Hərracın baş tutmaması isə ipoteka qoyanın əmlak mənafeyinə uyğun deyil. Çünki, bu halda hərrac predmetinin satış qiyməti əvvəlcə 15%, təkrar hərracdan sonra isə 25 % aşağı düşür və əşya daha ucuz qiymətə satılır. Göründüyü kimi, sözügedən məlumatların düzgün göstərilməməsi ipoteka qoyanın əmlakının həqiqi dəyərindən xeyli ucuz qiymətə əlindən çıxmasına, başqa sözlə onun əmlak mənafeyinin əsassız pozulmasına səbəb olur. Göründüyü kimi, işdə olan sübutlara əsasən mübahisə predmeti olan əmlakın hərracda satışına dair bildirişdə hərracın predmetinin ilkin satış qiyməti mövcud olmayan məhkəmə qərarı əsasında göstərilmişdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Hərracın nəticələri haqqında protokol etibarsız hesab edildiyindən onun etibarsızlıqdan irəli gələn hüquqi nəticələr tətbiq edilməklə tərəflərin əvvəlki vəziyyətə qaytarılması təmin olunmalıdır. Çünki, “İpoteka haqqında” Qanunun 42.6-ci maddəsindən göründüyü kimi, hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malik olur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü və 337.5-ci maddələrinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd olunduğu kimi İddiaçı məxsus olan Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv metr əsas, 226,2 kv metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binası 15 avqust 2013-cü il tarixli hərracın nəticələri haqqında protokol əsasında Cavabdeh1 ASC-yə satılmış və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 ASC-nin adına qeydiyyata alınmışdır (DƏDRX tərəfindən verilmiş 25.10.2013-cü il tarixli çıxarış). Məhkəmə, hərracın nəticələri haqqında yekun protokolun etibarsızlığından irəli gələn hüquqi nəticələri tətbiq edərək hesab edir ki, Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv metr əsas, 226,2 kv metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış binası üzərində Cavabdeh1 ASC-nin mülkiyyət hüququna dair qeydiyyat ləğv edilməli, həmin əşya, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmalıdır. Başqa sözlə, iddianın Cavabdeh1 ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, adı çəkilən qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsi də əsaslıdır və təmin edilməlidir. Kollegiya həmçinin hesab edir ki, Qəbələ şəhəri “Rus meşəsi” ərazisində 0.30 ha torpaq sahəsində olan 6 girişli, 784,8 kv.metr ümumi, 226,2 kv.metr köməçi sahədən ibarət qeyri-yaşayış binasının yenidən ilkin satış qiyməti müəyyən olunmaqla, hərracın keçirilməsi icra məmuruna həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 avqust 2020-cu il tarixli, 2(006)- 527/2020 saylı qətnaməsindən ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Qəbələ şəhəri “Rus meşəsi” ərazisində 0.30 ha torpaq sahəsində olan 6 girişli, 784,8 kv.metr ümumi, 226,2 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasına dair “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın nəticələrinə dair 15.08.2013-cü il tarixli, 214 saylı protokol və alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh1 ASC-nin adına verilmiş 25.10.2013-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilsin. Qəbələ şəhəri, “Rus meşəsi” sahəsində olan 0,30 ha torpaq sahəsində yerləşən 6 girişli, 784,8 kv metr əsas, 226,2 kv metr köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı adına qeydiyyatı bərpa edilsin. Qəbələ şəhəri “Rus meşəsi” ərazisində 0.30 ha torpaq sahəsində olan 6 girişli, 784,8 kv.metr ümumi, 226,2 kv.metr köməçi sahədən ibarət qeyri-yaşayış binasının yenidən ilkin satış qiyməti müəyyən olunmaqla, hərracın keçirilməsi icra məmuruna həvalə edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-845/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-845/2021
15.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver