Məhkəmə qərarları › İş №2(103)-8504/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8504/2021

07.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8504/2021 07.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil Aslan qızının, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "işə bərpa" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2(006)-3790/2021 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 Milli Hematologiya və Transfuziologiya Mərkəzinə qarşı "əmrin, əmək müqaviləsinin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14.04.2021-ci il tarixdə 121 nömrəli əmrə əsasən B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və X1 bölməsinin Talassemiyanın profilaktikası şöbəsinin müdiri olaraq iddiaçı ilə bağlanmış 002/10 saylı əmək müqaviləsinə 14.04.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “2”-ci bəndinin “ç” yarımbəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) xitam verilmişdir. Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən 2015-ci ildən 14.04.2021-ci il tarixədək iddiaçının istifadə etmədiyi əmək məzuniyyətinə görə cəmi 155 təqvim günü hesablanmışdır və son haqq-hesab aparılmışdır. İddiaçı əsassız və qanunsuz olaraq işdən azad edilmişdir. İddiaçı 002/10 saylı əmək müqaviləsini B.Eyvazov adına Elmi-Tədqiqat Hematologoya və Transfuziologiya İnstututu ilə bağlamışdır. İnstitut Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin balansında olmaqla dövlət tibb müəssisəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 20 dekabr 2018-ci il tarixli Fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 (bundan sonra –TƏBİB) yaradılmış və həmin X13n təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirməsi qərara alınmışdır. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 23.12.2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi X13n və B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13n(bundan sonra –TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılmışdır. Beləliklə, iddiaçının işlədiyi tibb müəssisəsinin mülkiyyətçısi dəyişməmişdir, dövlətin bir qurumunun tərkibindən digər qurumunun tərkibinə daxil edilən yenidən təşkili yolu ilə yaradılmışdır. Belə olan halda cavabdehin iddiaçı ilə bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “Ç” bəndinə əsasən xitam verməsi əsassız və qanunsuz olmuşdur. İddiaçı 2010-cu il tarixdən Milli Hematologiya və Transfuziologiya Mərkəzində işləyir. 14.08.2015-ci il tarixdən isə talassemiyanın profilaktikası şöbəsinin müdiri vəzifəsindədir. 2020-ci ilin dekabr ayından kadrlar şöbəsinin müdiri Reyhan İbrahimxəlilova bütün işçilərdən işdən azad olma və daxil olma barədə ərizələr yazmalarını tələb etmiş, iddiaçıya da belə ərizə yazmasını demiş və bununla yanaşı bildirmişdir ki, onu əvvəlki vəzifəsinə götürməyəcəklər. Beləliklə, iddiaçını öz ərizəsi ilə işdən qanunsuz azad edib başqa aşağı vəzifəyə işə götürmək istəmişlər. Aşağı vəzifəyə işə daxil olma ilə bağlı ərizə yazmaqdan imtina etdikdə, iddiaçını işdən azad edəcəkləri ilə hədələmişlər. İddiaçı bu qanunsuz proseslə bağlı rəhbərliyə rəsmi müraciət edib, işdən azad olunmağı və aşağı vəzifəyə təyin edilməyi barədə ərizənin yazılması tələbinin iradəsinə və istəyinə zidd olduğu üçün qanunsuz olduğunu bildirərək, bu hərəkəti haqsızlıq və ayrıseçkilik kimi qiymətləndirmişdir. İddiaçı peşəkar həkim olmaqla yanaşı, tutduğu vəzifəsini şərəflə və layiqincə yerinə yetirmişdir. İş müddətində heç bir töhməti olmamışdır. Hətta 2020-ci ilin iyun-iyul aylarında Mərkəzin bütün morfoloqları koronavirusa yoluxduqları vaxt iddiaçı tək işləmiş və onun əmək haqqına əlavələr ödənilməmişdir. Mövcud vəziyyəti başa düşüb iddiaçı bunu tələb də etməmişdir. Cavabdehin iddiaçıya qarşı növbəti qanunsuzluğu ondan ibarətdir ki, onu qanunsuz işdən azad etdikdən sonra, 15.04.2021-ci il tarixdə iradəsinə zidd olaraq klinik diaqnostik laboratoriya şöbəsinə həkim-laborant vəzifəsinə təyin etmişdir. Halbuki, iddiaçı bu barədə ərizə yazmamış və müqavilə bağlamamışdır. İddiaçı 2003-cü ildən Azərbaycan Tibb Universitetinə daxil olmuş, 2008-ci ildə universiteti bitirmiş və elə həmin ilin avqust ayından B.Ə.Eyvazov adına X5 və Transfuziologiya İnstitutunda internaturada olmuşdur. İnternatura keçdikdən sonra elə həmin institutda klinik diaqnostik laboratoriyada həkim laborant vəzifəsinə təyin olunmuşdur. 2015-ci ildə Ailə Məcəlləsində edilən dəyişiklikliyə əsasən yaradılan Talassemiyanın profilaktikası şöbəsinə şöbə müdiri vəzifəsinə təyin olunmuş və eyni zamanda 2020-ci ilin yanvar ayınadək 0.5 tariflə klinik diaqnostik laboratoriyada həkim-laborant vəzifəsində çalışmağa davam etmişdir. İddiaçı 2016-cı ildə X9 Laboratoriyasında 1 aylıq treninq keçmişdir. Laboratoriyada nikaha daxil olmaq istəyən şəxslərin qan analizləri aparılır. İndiyə qədər 750.000 müayinə aparılmışdır. Bunlardan 26.000 talassemiya daşıyıcı aşkarlanmışdır ki, bu da gələcəkdə talassemiyalı xəstələrin azalmağına gətirib çıxarır. Bundan əlavə, iddiaçı 09.01.2020-ci ildən 14.04.2021-ci ilədək heç bir ödəniş olmadan klinik diaqnostik laboratoriyada işləmişdir. Hətta pandemiya dövründə laboratoriyanın bütün həkimlərini heç bir ödənişsiz əvəz etmişdir. İddiaçı işlədiyi müddətdə heç bir töhmət almamışdır. İddiaçı hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 14.04.2021-ci il tarixli 121 saylı əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olmadığından ləğv edilməlidir. Cavabdehin iddiaçıya qarşı növbəti qanunsuz hərəkəti ondan ibarət olmuşdur ki, onu əsassız və qanunsuz işdən azad etdikdən sonra işə qəbul barədə ərizəsi olmadan, onunla əmək müqaviləsi bağlamadan, guya 15.04.2021-ci il tarixli əmək müqaviləsi ilə onu 1 il müddətinə Klinik diaqnostik laboratoriya şöbəsinin hemotologiya və hemostaz bölməsinə həkim kimi işə götürmüşdür. İddiaçının imzalamadığı 15.04.2021-ci il tarixli əmək müqaviləsi də ləğv edilməlidir. Cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkəti, hüquqlarının kobud surətdə və davamlı pozulması nəticəsində ona mənəvi ziyan dəymişdir. Belə ki, iddiaçı gərginliklər keçirmiş, stress yaşamış, xəstələnmiş, həhətta yuxusu da pozulmuşdur. İddiaçı ona vurulan mənəvi ziyanı 10.000 manat qiymətləndirir. Göstərilənlərə əsasən iddiaçı ilə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu arasında bağlanmış 002/10 saylı əmək müqaviləsinə 14.04.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “Ç” bəndinə əsasən (mülkiyyətçinin dəyişməsi ilə əlaqədar) xitam verilməsi barədə 121 saylı, 14.04.2021-ci il tarixli əmrin, 15.04.2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi, talassemiyanın profilaktikası bölməsinin rəhbəri vəzifəsinə bərpa edilməsi, 14.04.2021-ci il tarixdən qətnamə qanuni qüvvəyə minənədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, hüquqlarının kobud və davamlı pozulması nəticəsində vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 10.000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu arasında bağlanmış 002/10 saylı əmək müqaviləsinə 14.04.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “Ç” bəndinə əsasən (mülkiyyətçinin dəyişməsi ilə əlaqədar) xitam verilməsi barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin 121 saylı 14.04.2021-ci il tarixli əmrinin ləğv edilməsi, Mərkəzin onunla bağlı 15.04.2021-ci il tarixli, 786 saylı əmrinin və əmək müqaviləsinin bağlanması ilə bağlı 15.04.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin etibarsız hesab edilərək ləğv edilməsi, onun B.Eyvazov adına X5 və X1 bölməsinin Talassemiyanın profilaktikası şöbəsinin müdiri vəzifəsinə bərabər olan Cavabdehnin Klinik diaqnostik X2 profilaktikası bölməsinin rəhbəri vəzifəsinə bərpa edilməsi, 14.04.2021-ci il tarixdən qətnamənin icra edildiyi tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, hüquqlarının kobud və davamlı pozulması nəticəsində vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 10.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2(006)-3790/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə B.Eyvazov adına Elmitədqiqat Hematologiya və Transfuziologiya İnstitutu arasında bağlanmış 002/10 saylı əmək müqaviləsinə 14.04.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən (mülkiyyətçinin dəyişməsi ilə əlaqədar) xitam verilməsi barədə Milli Hematologiya və Transfuzilogiya Mərkəzinin 121 saylı, 14.04.2021-ci il tarixli əmrinin ləğv edilməsi, Milli Hematologiya və Transfuzilogiya Mərkəzinin İddiaçı ilə bağlı 15.04.2021-ci il tarixli, 786 saylı əmri və əmək müqaviləsinin bağlanması ilə bağlı 15.04.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin etibarsız hesab edilərək ləğv edilməsi, İddiaçı E.Eyvazov adına X5 və X1 bölməsinin “Talassemiyanın profilaktikası şöbəsinin müdiri” vəzifəsinə bərabər olan Cavabdehnin “Klinik diaqnostik X2 profilaktikası bölməsinin rəhbəri” vəzifəsinə bərpa edilməsi, cavabdeh "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10 Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən İddiaçı 14.04.2021-ci il tarixdən qətnamənin icra edildiyi tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətini ounla əsaslandırmışdır ki, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsi ilə razı deyil, təmin edilməyən hissə mənəvi ziyanla bağlıdır. Məhkəmə qətnaməsi ilə bir daha təsdiq olunur ki, cavabdeh onunla bağlanan əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam vermişdir. Məhz cavabdehin ona qarşı qanunsuz hərəkətləri nəticəsində o, gərginliklər yaşamış, sarsıntılar keçirmiş, nəticədə xəstələnmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsində ləğv edib, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçının Talassemiyanın profilaktikası şöbəsinə şöbə müdiri vəzifəsində işlədiyi müddət ərzində vətəndaşlara səhv diaqnozların qoyulması ilə bağlı bir sıra nöqsanlara yol verməsi, bununla əlaqədar edilmiş şikayətlər, məhkəmə prosesləri araşdırılmamışdır. Məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Məhkəmə hazırkı mübahisəni həll edərkən işin faktiki hallarını araşdırmadan, iddiaçının ərizəsində qeyd etdiyi “hüquqi dəlillərə”* əsaslanaraq ancaq formal mülahizələrə istinad edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, həmçinin qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının işdən azad olunması haqqında əmrdə işdən azad olunmanın əsası kimi mülkiyyətçinin dəyişməsi göstərilmişdir. Bundan öncə bütün işçilərə məcburi surətdə işdən azad olunma barədə ərizə yazdırırdılar və sonra işə bərpa edəcəklərini deyirdilər. Lakin xanıma münasibətdə deyiblər ki, səni işə bərpa etməyəcəyik. Bu barədə rəhbərinə müraciət eliyib və müsbət nəticə olmayıb. Artıq ayın 15-də iddiaçının iradəsinə zidd olaraq müddətli həkim laborant vəzifəsinə təyin edilib. 3 ay sınaq müddəti ilə işə götürülüb. Əsas şikayətləri mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə mülki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq. Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyinin tələblərinə əməl etməmişdir. Belə ki, məhkəmə qətnaməsində iddiaçının işlədiyi tibb müəssisəsinin mülkiyyətçisinin dəyişmədiyini, dövlətin bir qurumunun tərkibindən digər qurumunun tərkibinə daxil edilən yenidən təşkili yolu ilə yaradıldığını qeyd etmişdir. Halbuki İddiaçı Kami qızı 17.02.2010-cu il tarixli 002/10 saylı əmək müqaviləsini B. Eyvazov adına Kimi-Tədqiqat Hematologiya və Transfuziologiya lnstululu (direktor X8) ilə bağlamışdır. İnstitut Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin balansında olmaqla dövlət tibb müəssisəsi idi. Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında'’ 20 dekabr 2018-ci il tarixli Fərmanı ilə qərara almışdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 (bundan sonra -TƏBİB) yaradılsın və həmin X13n təsisçisinin “Publik hüquqi şəxslər haqqında “ Azərbaycan Respublikası Qanununun 8.2.-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin. "Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.12.2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi X13n və B.Eyvazov adma Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X13n (TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılmışdır. “Müəssisələr haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Dövlət müəssisəsi - əmlakı tamamilə dövlət mülkiyyətində olan; səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisədir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət əmlakını idarə etməyə vəkil edilən dövlət orqanları tərəfindən yaradılır. Dövlət müəssisəsinin əmlakı Azərbaycan Respublikasının dövlət mülkiyyətidir. Dövlət müəssisəsi mülkiyyətçi tərəfindən ona təhkim edilmiş əmlak üzərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hüdudlarda sahiblik, istifadə etmək və sərəncam vermək səlahiyyətlərini həyata keçirir. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən Publik hüquqi şəxs dövlət və bələdiyyə yaradılan, ümumdövlət və (vəya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və va bələdiyyə orqanı olmayan təşkilatdır. X13n əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. Göründüyü kimi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstututu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13n (TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi bir-birindən əsaslı surətdə fərqlənən iki qurumdur. Prezidentin müvafiq fərmanının icrası məqsədi ilə ƏƏMSN tərəfindən təklif olunmuşdur ki, texniki baxımdan inteqrasiya mümkün olmadığından, işçilər öz ərizələri ilə işdən azad olunmalıdır. Sonra isə yeni qurum tərəfindən işə götürülməlidirlər. Qanunvericilkdə müddətli əmək müqavilsinin bağlanmasına bir qadağa yoxdur. Onlar bütün işçilərlə müddətli əmək müqaviləsi bağlamış və ayrı seçkilikdən söhbət gedə bilməz. Aysel xanımın işlədiyi müddətdə fəaliyyətində nöqsanlar aşkar edilmiş və vətəndaşlar məhkəməyə müraciət etmişdir. Lakin iddia tələbi düzgün qoyulmadığı və dəyişdirilmədiyi üçün iddiaları təmin edilməmişdir. Düzgün diaqnoz qoyulmamışdır. Belə ki, xəstə diaqnozu qoyulub əslində isə daşıyıcılıq olubdur. Bu ilk dəfə deyil bir çox vətəndaş bizə müraciət etmiş və tədbirlər görülmüşdür. Əgər onlar tərəfindən qanun pozuntusu olsaydı qanuvericiliyə uyğun müqaviləyə xitam verilməzdi. Bütün məzuniyyətə çıxmadığı illər üzrə son haqq-hesab aparılmışdır. Qarşı tərəf mənəvi ziyanla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, hər iki tərəf apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslığını tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən verilmiş 14.04.2021-ci il tarixli, 121 saylı əmrdən görünür ki, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və X1 bölməsinin Talassemiyanın profilaktikası şöbəsinin müdiri İddiaçız qızı ilə bağlanmış 002/10 saylı əmək müqaviləsinə 14.04.2021-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin “ç” yarımbəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) xitam verilmiş, ƏM-nin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 2015-2016-cı il üçün 30 təqvim günü, 2016- 2017-ci il üçün 30 təqvim günü, 2017-2018-ci il üçün 30 təqvim günü, 2018-2019-cu il üçün 30 təqvim günü, 2020-2021-ci il üçün 30 təqvim günü, 17.02.2021-14.04.2021-ci il tarixədək 5 təqvim günü, cəmi 155 təqvim günü hesablanmış və işçi ilə son haqq-hesab aparılmışdır. İşin müəyyən olunmuş hallarına görə 14.04.2021-ci il tarixdə 121 nömrəli əmrə əsasən B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və X1 bölməsinin Talassemiyanın profilaktikası şöbəsinin müdiri olaraq iddiaçı ilə bağlanmış 002/10 saylı əmək müqaviləsinə 14.04.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “2”-ci bəndinin “ç” yarımbəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli, 786 saylı əmrdən görünür ki, İddiaçız qızı 15.04.2021-15.04.2022-ci il tarixindən əmək haqqı 13-cü dərəcə olmaqla 15% zərərli sahəyə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən ilk 3 ay sınaq müddəti təyin olunmaqla, Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-in Klinik diaqnostik laboratoriya şöbəsinin Hematologiya və hemostaz bölməsinə həkim-laborant vəzifəsinə 1,0 ştat vahidi üzrə işə qəbul edilməsi əmr edilmişdir. Əmək Məcəlləsinin 63-cü maddəsində mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 63-cü maddəsinin 1-ci hissəsinə əsasən müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin ikinci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürənin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələri rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin “ç” bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərədə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. Göstərilən maddənin Qeyd hissəsində göstərilmişdir ki, bu maddənin üçüncü hissəsində əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi dedikdə, müvafiq müəssisəyə mülkiyyət hüququ yaranan gündən 3 ay ərzində eyni zamanda və ya ayrı-ayrı vaxtlarda işçilərin ümumi sayı: 100 nəfərdən 500 nəfərədək olduqda, onların 50 faizindən çoxunun; 500 nəfərdən 1000 nəfərədək olduqda onların 40 faizindən çoxunun; 1000 nəfərdən artıq olduqda onların 30 faizindən çoxunun yeni mülkiyyətçi və ya onun təyin etdiyi işəgötürən tərəfindən bu Məcəllənin 70, 73 və 75–ci maddələrində müəyyən edilmiş əsaslarla əmək müqavilələrinin ləğv edilməsi başa düşülməlidir. Göründüyü kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndi ilə əmək münasibətlərinə xitam vermək huququnun yaranması üçün müəssisənin mülkiyyətçisi dəyişməlidir. Əgər mülkiyyətçi dəyişidikdə isə ona ancaq müəssisənin rəhbərinin, müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələri rəhbərlərinin əmək müqavilələrinə xitam verə bilməsi hüququ müəyyən edilir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının işlədiyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstututu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin balansında olmaqla dövlət tibb müəssisəsi olmuşdur. “Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.12.2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi X13n və B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X13n (TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılmışdır. Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 20 dekabr 2018-ci il tarixli Fərmanı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 (bundan sonra –TƏBİB) yaradılması və həmin X13n təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətləri həyata keçirməsi qərara alinmışdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçının işlədiyi tibb müəssisəsinin mülkiyyətçisi dəyişməmiş, sadəcə bir dövlət qurumunun balansından alınaraq, dövlətin adından yaradılaraq fəaliyyət göstərən digər qurumun tərkibinə daxil edilən yenidən təşkili yolu ilə yaradılmışdır. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bu qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyası iddiaçının işdən azad edildikdən sonra, 15.04.2021-ci il tarixdə iradəsinə zidd olaraq klinik diaqnostik laboratoriya şöbəsinə həkim-laborant vəzifəsinə təyin edilməsinə dair əmrin qanunsuz olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, iddiaçı tutduğu vəzifədən azad edildikdən sonra onun iradəsinə zidd olaraq və onunla yeni əmək müqaviləsi bağlanmadan üç aylıq sınaq müddəti ilə həkim-laborant vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi, belə bir əmək müqaviləsinin bağlanmasına iddiaçının iradə ifadəsi olmamışdır. Ona gorə də, iddiaçı ilə 15.04.2021-ci il tarixli əmək müqaviləsi bağlanmadığına görə, eyni tarixli əmək müqaviləsi bildirişi də ləğv edilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Cavabdehin apellyasyia şikayətinin digər dəlillərini də məhkəmə əsassız hesab edir. Belə ki, javabdeh iddiaçı tərəfindən öz əmək funksiyalarının icrası zamanı pozuntulara yol verilməsini, onun tərəfindən bir sıra hallarda talassemiyanın təyini ilə bağlı vətəndaşlara səhv diaqnozların qoyulduğunu, bununla bağlı zərərçəkmiş şəxslər tərəfindən hətta məhkəməyə də verildiyini bildirsə də, iş materiallarından göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə bu əsasla deyil, tamamilə başqa bir əsasla xitam verilmişdir. Ona görə də, qeyd edilən halların mövjudluğu hazırkı iddia tələbinin əsassızlığına səbəb ola bilməz. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinin təmin edilməməsinə dair gəldiyi nətijəni də əsaslı hesab edir. Belə ki, iddiaçı bu tələbini cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun səhhətində pozuntuların əmələ gəlməsi, gərginlik və stress keçirməsi ilə əsaslandırsa da, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.4.-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarında, AR MM-nin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında yoxlayaraq bu qənaətə gəlir ki, işə baxmış birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol verməmiş və mübahisənin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2(006)-3790/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar