Məhkəmə qərarları › İş №2(103)-8506/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8506/2020

20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8506/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 ASC-yə qarşı “alqı-satqı müqaviləsinin icra edilməyən hissəsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3360/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 ASC-yə qarşı “alqı-satqı müqaviləsinin icra edilməyən hissəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə "İddiaçı" MMC arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh2 məxsus Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən ümumi sahəsi 768,8 kv.m olan əmlak kompleksi kimi müəssisəsi, Abşeron rayonu, X1 sovxozu ərazisi ünvanında yerləşən ümumi sahəsi 1,01 ha olan torpaq sahəsi və onun üzərində olan qurulmuş şəkildə, hazırda istifadədə olan kənd təsərrüfatı təyinatlı “Chick Master" (UK) LİD şirkətinin istehsalı olan inkubator qurğusu, digər köməkçi avadanlıqlar, texnoloji və inzibati qeyri yaşayış sahələri ilə birlikdə 1 400 000 manata satmışdır. Həmin 4-cü bəndinə əsasən, iddiaçıya satılan əmlak kompleksinin 1.01 ha torpaq sahəsi 100 000 (yüz min) manata, əmlak kompleksinə daxil olan qurğu və avadanlıqlar isə 1 300 000 (bir milyon üç yüz min) manata satılmışdır. Qeyd edilən alqısatqı müqaviləsi üzrə öhdəliklər alıcı (iddiaçı) tərəfindən tam olaraq, yerinə yetirilmiş, müqavilə ilə müəyyən edilmiş qiymət satıcıya (Cavabdeh2) tam olaraq ödənilmişdir. Cavabdeh2 tərəfindən öhdəliklər tam olaraq yerinə yetirilməmiş, alqı-satqı predmetlərinin sənədləri, o cümlədən avadanlıq və qurğulara dair sənədlər (gömrük idxal sənədləri, sertifikatlar, qurğuların istifadəsinə dair texniki sənədlər və s.) iddiaçıya təqdim edilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 10-cu bəndinə əsasən, satıcı 10 gün müddətində həmin sənədləri alıcıya təqdim etməyi öhdəsinə götürmüşdü. “Chick Master’ (UK) LİD şirkətinin istehsalı olan inkubator qurğusu Azərbaycan Respublikasına digər cavabdeh "Cavabdeh1" ASC tərəfindən idxal edilmiş, daha sonra dəyərindən dəfələrlə aşağı qiymətə Cavabdeh2 satılmışdır. Həmin inkubator iddiaçıya satılmış, lakin cavabdehlər arasında real qiymətdən dəfələrlə aşağı qiymətə alqı-satqı sənədlərinin ortaya çıxması təhlükəsindən çəkinərək, sənədlər təqdim edilməmişdir. Daha sonra Cavabdeh2 birinci instasniya məhkəməsinə xx.xx.2020-ci il tarixli ərizə təqdim edərək, işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı və bir cavabdeh (Cavabdeh1 ASC) hüquqi şəxslərdir, digər cavabdeh (Cavabdeh2) isə fiziki şəxsdir. İş üzrə tələblərin bir qismi fiziki şəxsə, digər qismi isə hüquqi şəxsə yönəldiyindən hazırki işə Kommersiya Məhkəməsində baxılmalıdır. Ərizəçi ərizənin əsası kimi qeyd edilən hallara və Mülki Prosessual Məcəllənin 24.2, 30, 50.3, 26.1, 32.1, 32.4, Vergi Məcəlləsinin 99.2.1-ci maddələrinə istinad etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə, İddiaçı MMC-nin cavabdehlər “xxxxxxxxxxxx” ASC və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin icra edilməyən hissəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmə baxışına təyin edilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixli şikayət göndərərək, “aidiyyət haqqında ərizənin rədd edilməsi barədə” xx.xx.2020-ci il tarixli, 2(005)-3360/2020 saylı qərardadın ləğv edilməsi və işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3360/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3360/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3360/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edilmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə digər Cavabdeh1 ASC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 269.1-ci maddəsinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə görə, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-cü maddəsinə görə, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya işin hallarına, şikayətin dəlillərinə və qeyd edilən hüquq normalarının tələblərinə müvafiq olaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadda məhkəmə aidiyyəti ilə bağlı məsələyə münasibət bilmirməmişdir. Halbuki, xx.xx.2020-ci il tarixli şikayətin məzmunundan da görünür ki, şikayətin mahiyyəti məhkəmə aidiyyəti ilə bağlı olmuşdur. Belə olan halda, işə baxan birinci instansiya məhkəməsi qərardadında məhkəmə aidiyyəti ilə bağlı məsələyə münasibət bildirməli, daha sonra həmin qərardaddan şikayət verildiyi təqdirdə onu işlə birlikdə baxılması üçün Mülki Prosessual Məcəllənin qeyd edilən 269.3-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinə göndərməli idi. Şərh olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardadda aidiyyətlə bağlı məsələyə münasibət bildirilməməsi səbəbindən şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3360/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3360/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar