Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-857/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB) qarşı "birgə nikah dövründə əldə olunmuş mənzilin paylara bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3470/2020 mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 25 N-li evin 45 N-li mənzili bərabər paylarla bölünərək, onların ½ hissəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, satış qiyməti 50300 manat olan mənzilin dəyəri kreditor - ipoteka saxlayan tərəfindən 26.04.20l3-cü il tarixdə bağlanmış 043İK/13 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsinə dair "xxxx" KB ASC ilə alıcı-ipoteka qoyan Cavabdeh və satıcı X5 arasında bağlanmış (səh.17), Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 25, mənzil 45 Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan xx.xx.2013-cü il tarixdə keçirilmiş (səh.54,55), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4178/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il tarixdə bağlanan nikah pozulmuşdur (səh.7). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3470/2020 mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.Qətnamədə Ailə Məcəlləsinin 32; Mülki Məcəllənin 152.5, 269.2; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisəli əmlakın ər-arvadın ümumi birgə mülkiyyətinin tanınması üçün həmin əmlakın onların birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə olunması mütləq elementlər hesab olunur. Birgə nikah dövründə əqdin ərin və ya arvadın birinin adından bağlanması və daşınmaz əmlakın ərin və ya arvadın birinin adına qeydiyyatdan keçməsi faktı əmlakın ümumilikdə ər-arvadın hər ikisinə məxsus olmasının göstəricisi kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 25, mənzil 45-in 1/2 hissəsinə dair onun mülkiyyət hüququnun tanınması haqqında iddia tələbi irəli sürülmüşdür. Qeyd olunan mübahisə predmetinin hüquqi vəziyyəti həm irəli sürülmüş tələbin hüquqi həddini, həm də həmin hüquq münasibətlərinin subyektlərini müəyyən edir. Ümumi birgə əmlakın bölünməsi haqqında iddia tələbi xx xxxxx 2013-cü il tarixli müqaviləyə əsasən sərəncamvermə hüququ kreditor-ipotekasaxlayan «xxxx» KB ASC-yə məxsus olan yaşayış sahəsinə münasibətdə irəli sürülmüşdür. Həmin hal ona dəlalət edir ki, mübahisəli yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydiyyata alınmasına baxmayaraq, ipoteka ilə yüklü olduğuna görə həmin əmlakın ərarvadın ümumi mülkiyyətinin tanınması ilə onlara münasibətdə müəyyən hüquqi rejim yaradır. Yuxarıda qeyd olunan qanunun normaları mübahisəli yaşayış sahəsinə münasibətdə Cavabdeh hüquqi vəziyyətini müəyyən edir. Cavabdeh mübahisəli əmlaka münasibətdə ipotekaqoyan olmaqla onun hüquqi müqəddəratını təyin edə bilmir. Bununla əlaqədar onun mülkiyyətçi kimi hüquqları Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən məhduddur. Cavabdeh həmin əmlaka münasibətdə alıcı-ipotekaqoyan kimi hüquqlarının məhdudlaşdırılması yuxarıda qeyd olunan müqaviləyə onun vacib şərtlərindən biri kimi daxil edilmişdir. Beləliklə, İddiaçı tərəfindən hazırki vaxtda onun Cavabdeh ilə ümumi birgə mülkiyyəti hesab oluna bilməyən əmlak barəsində tələb irəli sürülmüşdür. Mübahisəli mənzil Ailə Məcəlləsinin 32.2-ci maddəsi ilə müəyyən olunmuş və məcmu xarakteri daşıyan ümumi əmlakın əlamətlərinə cavab vermir. İşin hallarından göründüyü kimi, mənzilə görə alınmış kredit (yəni mənzilin dəyəri) tam ödənilməmişdir, kreditin qalığı cavabdeh tərəfindən ödəniləcəkdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə olunmuş mənzilin paylara bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir . İddiaçı apellyasiya şikayəti verərək, qətnamənini ləğv olunub iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385.1.1 və 385.1.2; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1. 32.2.2, 37-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisə predmeli olan mənzil tərəflərin nikahı dövründə alqı-satqı müqaviləsinə əsasən, yəni əvəzli əsaslarla əldə olunmuş, onun alınması üçün ilkin ödəniş kimi ödənilən 15800 manat və mənzilin alınması üçün bankdan alınan ipoteka krediti üzrə nikah dövründə aparılmış aylıq kredit ödənişləri ər-arvad kimi tərəflərin ümumi gəlirləri hesabına ödənilmişdir. Beləliklə, mənzilin: 1) nikah dövründə; 2) əvəzli əsaslarla (alqı-satqı müqaviləsinə əsasən satış qiyməti ödənilməklə); 3) ər-arvadın ümumi gəliri hesabına alınması, yəni istinad olunan maddi hüquq normalarına görə ər-arvadın ümumi birgə mülkiyyəti olduğu halda məhkəmə əsassız olaraq "mübahisəli mənzil Ailə Məcəlləsinin 32.2-ci maddəsi ilə müəyyən olunmuş və məcmu xarakteri daşıyan ümumi əmlakın əlamətlərinə cavab vermədiyi” qənaətinə gəlmişdir. Mənzilin satış qiymətinin bir hissəsinin cavabdehin adına rəsmiləşdirilmiş ipoteka krediti hesabına ödənilməsi və kredit müqaviləsinə əsasən kredit qalığının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə düşməsi həmin mənzilin ər-arvadın ümumi gəliri hesabına alınmaması kimi qiymətləndirilə bilməz. Belə ki, mənzilin alınması üçün cəlb olunmuş ipoteka kreditinin qalıq məbləğinin ödənilməsi vəzifəsi eyni zamanda həmin mənzilin ümumi əmlak kimi bölünməsini tələb edən iddiaçının da üzərinə düşür və iddiaçının borc öhdəliyi onun ümumi əmlakdakı payına uyğun olaraq müəyyən edilir. Mənzilin ipoteka kreditinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilməsi də onun ümumi əmlak kimi bölünməsinə mane olmur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə görə ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Göründüyü kimi, qanunla müəyyən edilmiş bu məhdudiyyət ipoteka predmeti olan əmlakın özgəninkiləşdirilməsi və ya ona dair etibarnamələr və digər sərəneam.ar (istifadə, icarə və s.) verilməsi hallarına aiddir. Ümumi birgə mülkiyyətdə olan əmlakın paylara bölünməsi həmin əmlakın özgəninkiləşdirilməsi və ya onun üzərində digər formada sərəncam verilməsi deyil və bu zaman, yəni əmlak bölündükdə ipotekaya xitam verilmir və bankın ipolekasaxlayan kimi hüquqları pozulmur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, iddianın əsaslı olduğunu, mənzilin nikah dövründə alındığını, 34500 manat kredit borcu olduğunu, 50300 manat isə mənzilin satış qiymətinin olduğunu, həmin əmlakın yülkü olmasının əmlak bölgüsünə maneə olmadığını, kredit borcu ödənişinin də bölgüsünün mümkün olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB-nin nümayəndəsi X2 cavabdehin 27286 manat borcu olduğunu, kredit ödənişində çətinlik yaranmasın deyə ödəniş qaydasının müqavilədən kənar tənzimlənməsi və ipoteka hüququnun saxlanmalı olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1, 181.4, 225; Ailə Məcəlləsinin 32-37; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, mənzilin cavabdeh tərəfindən əldə etməsi onun dövlət qeydiyyatına alındığı andan hesab edilir ki, bu da birgə nikah dövrünə təsadüf edir. Birinci instansiya məhkəməsi müəyyən edilmiş bu haldan səhv nəticəyə gəlmiş, qeyri-müəyyən dəlil və ehtimalları faktiki sübut kimi qiymətləndirməyə cəhd etmişdir. Ona görə, birinci instansiya məhkəməsi iddianın rədd edilməsində haqlı olmadığından qətnamə ləğv edilməli, iddia təmin edilməli, Cavabdeh adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 25 N-li evin 45 N-li mənzil bərabər paylarla bölünərək ½ hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmalıdır. Banka olan kredit borcu üzrə isə, tərəflər razılığa gəlmədiyi təqdirdə mübahisələr maraqlarına toxunan şəxslərin cəlb edilməsi ilə məhkəmə qaydasında tərəflərin əmlak hüquqlarına mütənasib öz həllini tapa bilər. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, tələb olmadığından iddianın və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üçün məhkəmə məsrəfləri onu ödəyən şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3470/2020 mülki işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin.İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB) qarşı "birgə nikah dövründə əldə olunmuş mənzilin paylara bölünməsi” tələbi təmin edilsin. Cavabdeh adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 25 N-li evin 45 N-li mənzili bərabər paylarla bölünərək ½ hissəsinə İddiaçı mülkiyyət hüququ tanınsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-857/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-857/2021
22.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver