Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-861/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair Bakı Şəhəri Suraxanı Məhkəməsinin 2(010)- 3795/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Qaradağ Suraxanı Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı iddiası qismən təmin edilərək, cavabdehdən 10000 manat borcun, 500 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması qət edilmişdir, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ididaçı məhkəməyə yanlış arayış təqdim edərək iştirakı olmadan işə baxılmasına səbəb olub. Qətnamə barədə icra yönəlidikdən sonra məlumatı olub. Borcun çoxunu qaytarıb, bu halı təsdiqləyən şahidləri və yazılı sənədləri var. Məhkəmə aidiyyat qaydalarını pozmaqla işi icraatına götürüb. İddiaçıya borcu olduğu halda ona qızıl verməsi ağlabatan deyil. Təqdim etdiyi ərizəni iddiaçı təzyiq altında ona yazdırıb. İfadə vermiş şahidlər onu tanımırlar, iddiaçı ilə aralarında olan münasibətə dair məlumatları yoxdur. Borcunu faizi ilə qaytardığı üçün mənəvi ziyanın vurulmasına dair tələb əsassızdır. Apellyasiya baxışı zamanı iddiaçı şikayətə etiraz edərək bildirdi ki, cavabdehə pulu faizlə verməyib. Borc məbləği aralarındakı nisyə-alğı satqı müqaviləsindən yaranıb, cavabdeh notariat qaydada təsdiq olunmuş müqavilə ilə borcunu etiraf edib, müqavilənin bağlanmasından sonra heç bir ödəniş etməyib. Apellyasiya şikayətinə əlavə olunmuş qeydlər barədə məlumatsızdır, həmin qeydlər onun tərəfindən tərtib olunmayıb, imzaların heç biri ona məxsus deyil. İddiaçı şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh səbəbi barədə məlumat vermədən ilk məhkəmə iclasına gəlməmiş, növbəti iclasdan əvvəl yazılı ərizə verərək yaxın qohumunun xəstəliyi ilə bağlı rayona gedəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdeh həqiqətən üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəyi barədə heç bir sübut təqdim etməmişdir. Kollegiya qeyd olunanları, habelə mülki işlərə baxılması ilə bağlı prosessual qanunvericilikdə müəyyən edilmiş müddətləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmişdir. İşdə olan notariat qaydada təsdiq edilmiş xx xxx 2018-ci tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən, cavabdeh iddiaçıya 10000 manat borcunun olduğunu yazılı etiraf etmiş və borcu xx.xx.2018-ci il tarixədək tam qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 739-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, xx.xx.2018-ci il tarixə qədər qaytarılması nəzərdə tutulmuş borcdan cavabdeh iddiaçıya ödəniş etməmiş, cavabdehin öhdəliklərini yerinə yetirməməsi iddiaçının müəyyən iztirab, əsəbi gərginlik keçirməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh apellyasiya şikayətində də iddiaçıya müqavilədə müəyyən olunmuş məbləğdə borcunun yarandığını mübahisələndirməmiş, lakin həmin məbləği faizləri ilə birlikdə qaytardığını bildirmişdir. Buna baxmayaraq cavabdeh sonuncu halı təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh şikayətə borcun qaytarıldığını təsdiq edən sübut qismində bir neçə yazılı qeydin kserosurətini əlavə etsə də, məhkəmə iclaslarında iştirak etməmiş, həmin qeydlərin əsillərini məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı apellyasiya baxışı zamanı həmin qeydlər barədə məlumatsız olduğunu, qeydlərin onun tərəfindən tərtib olunmadığını, imzaların ona məxsus olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilən ünvana məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığından rabitə orqanı tərəfindən geri qaytarılmışdır. İddia ərizəsi ilkin formada aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildiyi üçün MPM-in 44.1-ci maddəsinə əsasən işin sonradan başqa məhkəməyə aid olması işin başqa məhkəməyə göndərilməsi üçün əsas olmamışdır. Həmçinin işin hallarını, cavabdehin xx xxx 2018-ci tarixdə 10000 manat borcu etiraf etdiyinə baxmayaraq ötən müddət ərzində iddiaçıya heç bir ödəniş etmədiyini nəzərə alaraq Kollegiya qətnaməni mənəvi zərərin təmin olunmuş hissəsində də qanuni və əsaslı hesab edir. Cavabdeh şikayətdə iddiaçıya pula görə faizlər ödədiyini bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmiş, iddiaçı ondan faiz almadığını bildirmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Məhkəməsinin 2(010)-3795/2019 saylı iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-861/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-861/2020
04.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver