Məhkəmə qərarları › İş №2(103)-863/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-863/2020

27.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-863/2020 27.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1, “xxxx” MMC-nin mütəxəssisi X4 iştirakları ilə İddiaçı cavabdeh Süleymanov Cavabdeh qarşı “əmlakın dəyərinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2676/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Süleymanov Cavabdeh boyunbağı, qolbağ və sırğa dəsti 5000 manat, bundan əlavə nişan üzüyü 600 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahat verərək bildirmişdir ki, Süleymanov Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Gəlin köçən zaman cavabdeh ona qızıl-zinət əşyaları olaraq 5000 manat dəyərində brilyant dəsti, yəni boyunbağı, qolbağ və sırğa dəsti, bundan əlavə 600 manat dəyərində nişan üzüyü hədiyyə etmişdir. Cavabdehdən boşanan zaman həmin qızıl-zinət əşyalarını ona verəcəyini vəd etsə də, sonradan həmin əşyaları ona verməkdən imtina etmişdir. Cavabdehin evindən çıxdığı zaman qızıl-zinət əşyaları cavabdehin yaşadığı ünvanda qalmışdır. Dəfələrlə cavabdehə bununla bağlı olaraq müraciət etmiş, lakin o qızıl-zinət əşyalarının qaytarılmasından imtina etmiş və satıldığını bildirmişdir. Halhazırda qızıl-zinət əşyaları satıldığından onların dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2676/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Süleymanov Cavabdeh qızılzinət əşyalarının (boyunbağı, qolbağ və sırğa dəstinin) dəyəri 2096 manat və nişan üzüyünün dəyəri 600 manat olamaqla, cəmi 2696 (iki min altı yüz doxsan altı) manatın alınıb İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri - 120 (yüz iyirmi) manatın Süleymanov Cavabdeh dövlət büdcəsi xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq ekspert rəyinə, şahid ifadələrinə və iddiaçının bildirdiklərinə əsaslanaraq hazırki qətnaməni qəbul etmişdir. Belə ki, iddiaçı ilə aralarında rəsmi nikah mövcüd olsa da, iddiaçı ona qoşulub qaçmışdır. Yəni onların toy məclisində iddiaçının hər hansı bir qohumu iştirak etməmişdir. Bu səbəbdən toyları qısa bir müddətdə təşkil olunmuş və iddiaçıya hər hansı qızıl zinət əşyalarının alınmasına vaxt olmamışdır. İddiaçının tələb etdiyi boyunbağı, qolbağ və sırğa dəsti onun anasına məxsus qızıl zinət əşyaları olmuşdur. Sadəcə toy günü iddiaçıya istifadə üçün verilmişdir. İddiaçının tələb etdiyi nişan üzüyü ümumiyətlə olmamışdır, çünki iddiaçı ilə aralarında nişan olmamışdır. İddiaçıya istifadə üçün verilmiş boyunbağı, qolbağ və sırğa dəstinin ümumi dəyəri 2015-ci ildə təxminən 436 ABŞ dolları təşkil edib. Bunu təsdiq edən sübut, həmin qızıl zinət əşyalarının girov qoyularkən, Rabitə Bank tərəfindən qiymətləndirilməsi təsdiq edir. Qeyd olunan girov müqaviləsi məhkəməyə təqdim edilməsinə baxmayaraq, ona məhkəmə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə iş üzrə ekspertiza keçirilib, həmin ekspert rəyinə əsasən qızıl-zinət əşyalarının hazırkı bazar qiyməti 2096 manat müəyyən edilmişdir. Ekspert rəyi ilə əlaqədar sual yaranır: fotoşəkil üzrə necə qiymətləndirmə aparıla bilər? Tədqiqat obyekti hansı qızıl zinət əşyaları olub? Mövciid olmayan qızıl zinət əşyalarını necə qiymətləndirmək olar? Həmçinin iddiaçının tələb etdiyi nişan üzüyünün ilə əlaqədar ümumiyyətlə hər hansı araşdırma aparılmamışdır. Onun mövcudluğu, dəyəri müəyyən edilmədən, iddiaçının tələbinə uyğun olaraq təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 2012-ci ildə cavabdeh onu qaçırtsa da, cavabdehin ailəsi tərəfindən ona toy üçün qızıl-zinət əşyaları alınmışdır. Cavabdehin apellyasiya şikayətində bildirdikləri yalandır. İddia ərizəsində qeyd etdiyi bütün qızıl-zinət əşyalara ona hədiyyə olaraq verilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 315249 saylı nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Süleymanov Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 47 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 498701 saylı doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Süleymanlı Mədinə Cavabdeh qızı xx.xx.2014-cü ildə anadan olmuş, atası Süleymanov Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Məhkəmə ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli 15925 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 2 adda qızıl- zinət əşyalarının 1 ədəd 585 əyarlı, ağ qızıldan ibarət, 26,2 qram çəkisi olan (adi qaşlarla və brilyant qaşlarla) qarniturun(üzük, sırğa, boyunbağı, qolbaq) hazırkı bazar qiyməti 1572 manat, 1 ədəd 750 əyarlı, ağ qızıldan ibarət, 26,2 qram çəkisi olan (adi qaşlarla və brilyant qaşlarla) qarniturun(üzük, sırğa, boyunbağı, qolbaq) hazırkı bazar qiyməti 2096 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən, iş materiallarına olan fotoşəkillərə əsasən onların keyfiyyətini, qaşların sayını və sair müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X2 ifadəsində bildirmişdir ki, iddiaçı Samirə onun qızıdır. Samirə cavabdehin evindən çıxıb gələndə heç bir qızılzinət əşyalarını götürməmişdir. O, sadəcə uşağını götürüb evdən çıxmışdır. O, 8 aydır ki, iddiaçının xəstə uşağına baxır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı cavabdeh Süleymanov Cavabdeh ilə 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə qurduqdan sonra münasibətləri normal olmuş, sonradan ailə münasibətləri pisləşmiş, bir yerdə yaşamaları mümkün olmamışdır. İddiaçıya məxsus olan qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmin iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü ilkin iddiaçının üzərinə düşür və məhz o, qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Birinci instansiya məhkəməsi qızıl-zinət əşyası olaraq iddiaçıya hədiyyə edilmiş əmlakın cavabdehin yaşadığı ünvanda qalmasının şahid ifadəsi ilə yanaşı, iş üzrə digər sübutlarla da təsdiq olunduğunu nəzərə alaraq iddia tələbini qismən təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qızıl-zinət əşyalarının dəyərinin iddiaçıya verilməsi nəticəsinə gəlsə də, iddiaçıya ödənilməli olan məbləğ hissəsində yanlışlığa yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarının dəyərini ekspert rəyinə əsasən müəyyən etmişdir. Bununla belə apellyasiya baxışı zamanı işə mütəxəssis qismində cəlb olunmuş “xxxx” MMC-nin mütəxəssisi X4 xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, 11-12 qram çəkisi olan, 585 əyarlı boyunbağının qiyməti 750-800 manat, 7-8 qram çəkisi olan, 585 əyarlı qolbağın qiyməti 500-540 manat, 5-6 qram çəkili 585 əyarlı bir cüt sırğanın qiyməti 360-400 manat, 3-4 qram çəkisi olan, 585 əyarlı üzüyün qiyməti 300-320 manat təşkil etməklə, tələb olunan qızıl-zinət əşyalarının ümumi dəyəri 1910-2060 manat arası təşkil edir. Kollegiya mütəxəssis rəyində göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğ 1910 manat müəyyən edilməlidir. Cavabdehin apellyasiya şikayətində qızıl-zinət əşyalarının idddiaçıya deyil, onun anasına aid olduğu və nişan üzüyünün isə ümumiyyətlə olmadığı barədə irəli sürdüyü arqumentlərə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh bu halları birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq bildirməmiş, yalnız qızıl-zinət əşylarının qiymətini mübahisələndirmiş, nişan üzüyü barədə isə ümumiyyətlə mülahizə irəli sürməmişdir. Əksinə cavabdeh birinci instansiya məhkəməsində iddiaçıya aid qızılların girov qoyulduğunu və sonradan satıldığını bildirmişdir. Buna görə də cavabdeh apellyasiya şikayətində qızıl-zinət əşyalarının onun anısana məxsus olduğunu irəli sürsə də, kollegiya sözügedən arqumentləri inandırıcı hesab etmir. Həmçinin cavabdeh qızıl-zinət əşyalarının iddiaçıya yalnız toyda taxması üçün verildiyini irəli sürsə də, kollegiya hesab edir ki, cavabdehin bu arqumentləri heç bir mötəbər sübutla təsdiq olunmadığı kimi, gəlin gedən gənc qıza sonradan geri alınmaq şərtilə müvəqqəti hədiyyələr verilməsi bu mərasimə verilən mənəvi əhəmiyyət və adət-ənənələr nəzərə alındığında inandırıcı da deyildir. Cavabdeh birinci instansiya məhkəməsində mübahisəli qızıl-zinət əşyalarının valideynləri tərəfindən banka girov qoyulduğunu etiraf etmişdir. Həmçinin cavabdeh boyunbağı, qolbağ və sırğa dəstinin girov qoyularkən, Rabitə Bank tərəfindən ümumi dəyəri 2015-ci ildə təxminən 436 ABŞ dolları qiymətləndirmişdir. Kollegiya qeyd edir ki, praktikada göründüyü və hamı tərəfindən qəbul edilən hal odur ki, bank hər hansı bir əmlakı girov götürərkən onu bazar qiymətindən dəfələrlə aşağı qiymətə dəyərləndirir. Buna görə də kollegiya hesab edir ki, qızıl-zinət əşyalarının qiymətinin mütəxəssis rəyinə əsasən müəyyən edilməsi ədalətlə və ağlabatandır. İş materiallarında olan X3 ilə “xxxx” ASC arasında imzalanmış xx.xx.2015-ci il tarixli girov müqaviləsindən görünür ki, 585 əyarlı ümumi çəkisi 26,2 qram olan qızıl-zinət əşyaları girov qoyulmuş və qızıl-zinət əşyaları qiymətləndirici tərəfindən 436,75 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı verilmiş ekspert rəyində 2 adda qızıl- zinət əşyalarının 1 ədəd 585 əyarlı, ağ qızıldan ibarət, 26,2 qram çəkisi olan (adi qaşlarla və brilyant qaşlarla) qarniturun (üzük, sırğa, boyunbağı, qolbaq) hazırkı bazar qiyməti 1572 manat, 1 ədəd 750 əyarlı, ağ qızıldan ibarət, 26,2 qram çəkisi olan (adi qaşlarla və brilyant qaşlarla) qarniturun (üzük, sırğa, boyunbağı, qolbaq) hazırkı bazar qiyməti 2096 manat müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya baxışı zamanı verilmiş ekspert rəyində qızıl-zinət əşylarının qiyməti ehtimallara əsaslanaraq müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı isə verilmiş mütəxəssis rəyində qızıl-zinət əşyalarının ayrı-ayrılıqda çəkisi, əyarı və istifadə olunmuş xammallar nəzərə alınaraq qızıl-zinət əşyaları qiymətləndirilmişdir. Buna görə də kollegiya həmin rəydə göstərilənləri daha həqiqətə uyğun hesab edir. Mülki Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli birinci instansiya məhkəməsinin qətnaməsi qızıl-zinət əşyalarının dəyəri hissəsində dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid edilməli, apellyasiya baxışı zamanı mütəxəssis rəyinin alınması üçün çəkilmiş xərclər tərflər arasında bərabər bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.3, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Süleymanov Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2676/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh Süleymanov Cavabdeh tutulmalı olan qızıl dəstinin (boyunbağı, qolbağ və sırğa dəstinin) dəyəri 1610 və nişan üzüyünün dəyəri 300 manat, cəmi məbləğ 1910 manat müəyyən edilsin. Apellyasiya şikayətlərinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Apellyasiya baxışı zamanı mütəxəssis rəyinin alınması üçün çəkilmiş 100 manat xərcin 50%-i, yəni 50 manatı İddiaçı, 50%-i, yəni 50 mantı isə cavabdeh Süleymanov Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına ödənilsin (VÖEN:**********, Hesab № AZN: AZ15GUNA********************, Bankın adı: Günay Bank ASC, Bankın VÖEN-i: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22). Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar