Məhkəmə qərarları › İş №2(103)-8700/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8700/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8700/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2210/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 95000 (doxsan beş min) manat əsas borcun, 10000 manat mənəvi ziyana görə təzminatın, 200 manat hüquqi yardımla bağlı köçürülmüş vəsaitin və 30 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Xudayev, iş № 2(004)-2210/21) iddia qismən təmin edilərək borc müqaviləsi üzrə 95000 (doxsan beş min) manat, hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 95230 (doxsan beş min iki yüz otuz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh arasında Sumqayıt ASAN Xidmət Mərkəzinin notariat ofisində bağlanmış 12.12.2019-cu il tarixli (3m-1249 reyestr nömrəli) kredit müqaviləsinə əsasən o, cavabdehə 95000 (doxsan beş min) manat məbləğində borc pul vermiş və həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh 12.01.2020-ci il tarixə kimi həmin borcu ona qaytarmalı idi. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borcu ona qaytarmamışdır. O, bu müddət ərzində gözləmiş, lakin cavabdeh borcu qaytarmamışdır, bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdehin onu aldatması, onun pulunu verməməsi üzündən ağır mənəvi stres yaşamış, ona mənəvi ziyan dəymişdir və o, həmin ziyanı 10000 (on min) manat məbləğində qiymətləndirir. İddiaçı tələbini hüquqi cəhətdən Mülki Məcəllənin 21, 385, 405, 439, 443, 1096-cı maddələri ilə əsaslandırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən və qətnamə çıxararkən tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma ollmasını və borcdan 2000 manatadək ödəniş edildiyini nəzərə almamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi yalnız cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirilmişdir. Qətnamə iddianın rədd olunan hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, notariat qaydasında təsdiq olunmuş 12.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borcalan Cavabdeh 95000 (doxsan beş min) manat məbləğində borc pul vermiş və borc alan həmin məbləği 12 yanvar 2020-ci il tarixədək tam qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə öhdəliklərinin yerinə yetirilmədiyini əsas gətirərək 23.02.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi cavabdehdən 95000 (doxsan beş min) manat əsas borcun, 10000 manat mənəvi ziyana görə təzminatın, 200 manat hüquqi yardımla bağlı köçürülmüş vəsaitin tutulması barədədir. Cavabdeh birinci instansiya məhkəməsində izahat verərkən iddianı qəbul etməsə də, iddiaçıdan 95000 manat borc aldığını inkar etməmişdir. O, izahatında həmin borcdan 2000 manat qaytardığını və 2020-ci ilin fevral ayından başlayaraq tərəflərin öz aralarında borcun hissə-hissə ödənilməsi barədə razılığa gəldiklərini bildirmişdir. O, eləcə də mənəvi ziyanın ödənilməsi tələbi ilə razı olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən - əsas borcun və hüquqi yardımla bağlı xərclərin ödənilməsi hissəsində əsaslı saymış və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390, 442, 448, 739.1, 740-cı və s. maddələri ilə əsaslandırmışdır. Məhkəmənin qənaətinə görə cavabdeh müqavilə öhdəliyini pozmuş, borcunu qaytarmamışdır. Ona görə də 95000 (doxsan beş min) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma olmasının və borcdan 2000 manatadək ödəniş edilməsinin nəzərə alınmaması barədədir. Məhkəmə kollegiyası həmin dəlili, eləcə də apellyasiya şikayətini bütövlükdə əsassız sayır və qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsində işə baxılarkən, nə də apellyasiya baxışı zamanı tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma olmasına, eləcə də borcdan 2000 manatadək ödəniş etməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı da bu faktı etiraf etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hiussədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə təqdim olunan sübutlar qiymətləndirilərkən qeyd olunan tələblər işə baxan məhkəmə tərəfindən nəzərə alınmışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar