Məhkəmə qərarları › İş №2(103)-8710/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8710/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8710/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə haqqı üzrə borcun ödənilməsi tələbinə dair” iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2(001)-2933/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 160 ünvanında yerləşən 28,4 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısına dair 30.07.2018-ci il tarixli, 6963 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə olunması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 5800 manat məbləğində vəsaitin satıcıya vurulmuş zəzərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 26 may 2000-ci il tarixli Qanuna, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 160 ünvanında yerləşən 28,4 kv.metr qeyri-yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanılmış 30 iyul 2018-ci il tarixli, 6963 nömrəli alqı-satqı müqaviləsinə əsasən 10000 manata X1. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 5800 manatını ödəmiş, 4200 manatını isə ödəməmişdir. Halbuki, alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilə imzalandığı andan 30 gün müddətində əmlakın tam dəyərini, yəni 10000 manatı satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə maddi ziyan da vurmuşdur ki, buna görə də, cavabdehin müqavilə üzrə ödədiyi 5800 manat məbləğində pul vəsaiti vurulmuş zərərin əvəzi kimi nəzərə alınmlı və alıcıya qaytarılmamalıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2(001)-2933/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 160 ünvanında yerləşən 28,4 kv.m qeyri-yaşayış sahəsinin alqısatqısına dair 30.07.2018-ci il tarixli, 6963 nömrəli müqavilənin ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsinin Cavabdeh həvalə olunması, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən şikayət verilmədiyi üçün qətnamə 16.12.2020-ci il tarixdə icra olunması üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, 21.12.2020-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. 16.03.2021-ci il tarixdə cavabdeh məhkəməyə ərizə verərək, 14.10.2020-ci il tarixli qətnamənin ona təqdim edilməsini xahiş etmiş, 12.04.2021-ci il tarixdə qətnamə ona təqdim edilmiş və 19.04.2021-ci il tarixdə cavabdeh qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Binəqədi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin ərizəsi təmin edilmiş, müddət bərpa edilərək apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən müqavilə üzrə onun tərəfindən 7100 manat pul məbləğinin ödənilməsi, onun ikinci qrup əlil olması, qeyri-yaşayış sahəsini aldıqdan sonra orada əsaslı təmir etməsi, covid-19 virusunun yayılması ilə əlaqədar qeyri yaşayış sahəsinin dəyərini vaxtında ödənilməsinin mümkün olmaması nəzərə alınmamışdır. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayəti müdafiə edərək təmin olunmasını, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, qeyri yaşayış sahəsinin dəyərini ödəməkdən yayınmır. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən, iddianın rədd olunan hissəsində iddiaçı qətnaməni mübahisələndirmədiyindən, cavabdeh isə qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası qətnaməni yalnız iddianın təmin olunan hissəsində yoxlayır. Birinci instansiya məhkəməsində iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edimişdir ki, 30 iyul 2018-ci il tarixli, 6963 nömrəli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 160 ünvanında yerləşən 28,4 kv.metr ölçülü qeyri-yaşayış sahəsini 10000 manata Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən almış, müqavilə imzalandığı andan 30 gün ərzində əmlakın dəyərini tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. 11 iyun 2020-ci il tarixli ödəniş tapşırığına əsasən həmin tarixdə Cavabdeh tərəfindən 1300 manat ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, cavabdeh icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında götürdüyü öhdəliyə tam əməl etmədiyinə görə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 5-ci bəndinə əsasən, icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, əmlakın dəyərini müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Qeyd edilənlərə əsasən, iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübhisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2(001)-2933/2020 saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar