Məhkəmə qərarları › İş №2(103)-8728/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8728/2021

19.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8728/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Laçın Rayon Təhsil Şöbəsinin nümayəndəsi X4, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Laçın rayonu M.Müseyibov adına Bozlu kənd tam orta məktəbinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Laçın rayon Təhsil Şöbəsinə və M.Müseyibov adına Laçın rayonu Bozlu kənd orta məktəbinə qarşı işə bərpa və dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(094)-188/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilməsinin qanunsuz hesab olunması, iş yeri olan Pirallahı rayonunda yerləşən tam orta məktəbə coğrafiya fənni müəllimi vəzifəsinə bərpa edilməsi, işlədiyi sentyabr-oktyabr aylarının əmək haqqının ona verilməsi və 2020-ci ilin noyabr ayından başlayaraq işə bərpa olunduğu günə qədər ona dəymiş maddi ziyanın əvəzinin (hər ay əmək haqqının) onu qanunsuz olaraq işləməkdən məhrum etmiş Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovdan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağda baş vermiş məlum hadisələrlə əlaqədar 1992-ci ildə Laçın şəhərindən məcburi köçkün kimi gəlib, Bakı şəhəri Nərimanov rayonunda yerləşən yataqxanada məskunlaşmışdır. Həmin ildə yataqxanada təşkil olunmuş Laçın şəhəri M.Müseyibov adına Bozlu kənd tam orta məktəbində coğrafiya fənnini tədris etmişdir. 2019-cu ildə məktəbi Pirallahı rayonuna yeni istifadəyə verilmiş müasir tipli məktəbə köçürmüşlər. Bir il burada müqavilə əsasında işləmişdir. 28 ildir coğrafiya fənnini tədris edir. 49 ildir ki, qüsursuz fəaliyyət göstərir. Dərs yükünün az olduğunu nəzərə alaraq məktəb direktoru bu fənni vakansiyaya çıxarmamışdır. Yeni dərs ilində onlayn qaydada coğrafiya fənnini tədrisə başlamışdır. 2020-ci ilin oktyabr ayında Laçın rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov direktorun təqdimatını qəbul etməyərək, pandemiya dövründə heç bir əsas olmadan onu işdən azad etmişdir. Hesab edir ki, onun hüquqları cavabdeh tərəfindən kobud surətdə pozulmuşdur. Müqavilənin müddəti başa çatmadan qanunsuz olaraq 2020-ci ilin oktyabr ayının axırında işdən çıxarılmışdır. Lakin ona əmək kitabçası və işdən çıxma haqqında əmrin surəti verilməmişdir. 02.11.2020-ci ildə onun yerinə coğrafiya fənnini tədris etmək üçün Aytac İmanova həmin məktəbə müqavilə ilə işə qəbul olunmuşdur. Bu səbəbdən də o, Laçın rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovun təqsiri üzündən qanunsuz olaraq işindən məhrum olunmuşdur. İşlədiyi sentyabr-oktyabr aylarının əmək haqqı da ona verilməmişdir. Hesab edir ki, onun işə bərpa, işlədiyi sentyabr-oktyabr aylarının əmək haqqı və qanunsuz olaraq işləməkdən məhrum olunması nəticəsində dəyən maddi zərərin əvəzinin ödənilməsi haqqında iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməli və əvvəlki iş yerinə bərpa olunmalıdır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(094)-188/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehlərin nümayəndələri isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(094)-188/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan əmək müqaviləsindən və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Laçın rayonu M.Müseyibov adına Bozlu kənd tam orta məktəbi ilə İddiaçı arasında 16.09.2019-cu il tarixdən 14.06.2020-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış və sonuncu hər ay 813,50 manat əmək haqqı ödənilməklə coğrafiya müəllimi vəzifəsinə qəbul olunmuşdur. Laçın rayonu M.Müseyibov adına Bozlu kənd tam orta məktəbi üzrə 16 iyun 2020-ci il tarixli 25/2 №-li əmrdən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə müddəti bitdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən 16 iyun 2020-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmin Məcəllənin 10-1.6-cı maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Həmin Məcəllənin 47-ci maddəsinin «f» bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Mövcud əmək qanunvericiliyindən də göründüyü kimi, işəgötürən cavabdeh tərəfindən iddiaçının işə götürülməsi zamanı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələbləri daxilində və həmin tələblərə müvafiq olaraq müddətli bağlanılmışdır. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti 14 iyun 2020-ci il tarixdə qurtarmış, 14 iyun 2020-ci il qeyri-iş günü olduğu üçün müqavilənin müddətinin bitdiyi gün 16 iyun 2020-ci il hesab edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinin tələbindən görünür ki, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əmək müqaviləsinə xitam verilir. Eyni zamanda, həmin Məcəllənin 8-ci maddəsinin 4-cü hissəsinə əsasən əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il tarixli 332 №-li Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın 4.2.1-ci bəndinə əsasən təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunurlar. İş materiallarından görünür ki, iddiaçının 67 yaşı tamam olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinin uzadılmamasında hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əmək qanunvericiliyinə görə 65 yaşdan yuxarı şəxslərlə əmək müqaviləsinin müddətinin uzadılması müvafiq dövlət orqanının rəhbərinin müstəsna səlahiyyətlərinə aiddir. Buna görə də İddiaçı işdən azad edilməsinin qanunsuz hesab olunması, iş yeri olan Pirallahı rayonunda yerləşən tam orta məktəbə coğrafiya fənni müəllimi vəzifəsinə bərpa edilməsi barədə tələbi əsassız olduğuna görə birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Bundan əlavə, İddiaçı 2020-ci ilin sentyabr-oktyabr aylarında məktəbdə coğrafiya fənnini tədris etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu xüsusatla bağlı cavabdeh Laçın rayonu Bozlu kənd orta məktəbinin direktoru Nuridə Əhmədova izahatında göstərmişdir ki, həmin dövrdə məktəbdə coğrafiya fənni üzrə yaranmış vakant dərs saatlarının boş keçməməsini təmin etmək məqsədilə ixtisas müəllimi gələnədək coğrafiya fənninin tədrisi əvəzçilik qaydasında ali təhsilli biologiya müəllimi X3 həvalə edilmişdir. Bundan əlavə, 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlandığından, 2020-ci ilin sentyabr-oktyabr aylarında ölkə ərazisində internetin verilməsində məhdudiyyətlər olmuş, dərslərin onlayn qaydada keçirilməsində problemlər yaranmışdır. Buna görə də həmin dövrdə İddiaçı onlayn qaydada coğrafiya fənnini tədris etməsi barədə dedikləri həqiqətə uyğun deyil. Bu xüsusatla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin 16 iyun 2020-ci il tarixdə başa çatmasını və müqavilənin müddətinin uzadılmadığını bilə-bilə fənn tədris etməsi ona əmək haqqı ödənilməsinə əsas vermir. Bundan əlavə, iş materiallarından və İddiaçı məhkəmədə verdiyi izahatından görünür ki, 2020-ci ilin iyun ayında ona işdən çıxma ilə bağlı son haqq-hesabın ödənilməsi məlum idi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il tarixli 332 №-li Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilənin onların iş vaxtına daxil edilməsi və əmək haqqının saxlanması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin müddəa müvafiq qaydada əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti uzadılmış təhsilverənlərə şamil edilir. Əmək müqaviləsinin müddəti uzadılmamış təhsilverənlərin işində yaranan fasilə onların iş vaxtına daxil edilə və əmək haqqı saxlanıla bilməz. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(094)-188/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar