Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8750/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh İvanovnaya qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(006)-4425/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İvanovnaya qarşı “mənzildən çıxarılma və iddiaçının mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizə verərək, iddiaçının öz şəxsi mənzilinə rahat şəkildə daxil olması üçün cavabdeh tərəfindən ona yaradılmış maneələrin aradan qaldırılması (mənzilə sərbəst şəkildə daxil olub çıxmasına, qapının açarlarının dəyişdirilməsi ilə bağlı müəyyən hərəkətləri cavabdehə və başqa şəxslərə qadağan edilməsi və s.) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(006)- 4425/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayətə görə, o, öz mülkiyyətindən müvəqqəti də olsa istifadə hüququndan məhrum olmuşdur. Məhkəmənin gəldiyi nəticə MPM-in 157.2-ci maddəsi ilə ziddiyyət təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2, 158.1.3). Prosessual qanunvericiliyin bu müddəalarının mənasına görə iddiaçı onun tələbinin təmin ediləcəyi halda gələcək qətnamənin icrasını təmin etmək məqsədilə müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan edən tədbirlərin tətbiq olunmasını məhkəmədən xahiş edə bilər. Bu baxımdan iddianın təmin edilməsi barədə ərizədə ilk növbədə görüləcək tədbirlərin məhz gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin edə biləcəyi əsaslandırılmalıdır. Eyni zamanda belə ərizə nəticəsində tətbiq edilən tədbirlər qanuna uyğun olmalı, qüvvədə olan normativ hüquqi aktlarla və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə ziddiyyət təşkil etməməli, habelə onları icrası qeyrimümkün olan aktlara çevirməməlidir. Birinci instansiya məhkəməsi ərizəyə baxaraq belə qənaətə gəlmişdir ki, iddianın təmini tədbirinə dair ərizədə qeyd olunan xüsusat iddia tələbinin mahiyyəti ilə eynilik təşkil etdiyinə görə iddianın təmini tədbirinə dair ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Göründüyü kimi, mahiyyət etibarı ilə iddianı təmin etmə tədbiri iddia tələbinin bir hissəsi ilə eynilik təşkil edir, belə olan halda isə qətnamənin gələcəkdə icrasını təmin etməkdən söhbət gedə bilməz. Yəni, həmin hissədə iddia təmin ediləcəyi təqdirdə onun icrasına mane olan və çətinləşdirən heç bir hal mövcud olmayacaqdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4425/2020 saylı iş üzrə 22 sentyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-8750/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8750/2020
30.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver