Məhkəmə qərarları › İş №2(103)-8752/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8752/2021

03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8752/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1828/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X10 1970-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri, iş № 2(003)-1828/2021) ərizə təmin edilməmişdir. Ərizəçi apellyasiya şikayəti vermişdir. İşin halları: Ərizə onunla əsaslandırılmışdır ki, o, 1940-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Xələfov küçəsi, ev 23-də ailə üzvləri ilə birlikdə yaşayır. Mərhum anası X14 1900-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Anası 1970-ci ildə vəfat etmişdir. Anası həkim gələnə qədər vəfat etmiş, bundan sonra qohum və qonşuların iştirakı ilə Buzovna qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Hal-hazırda mərhum anasının ölüm haqqında şəhadətnaməsi miras mülkü sənədləşdirməkdən ötrü ona lazımdır. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ona bu barədə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Qeyd olunanlara əsasən, mərhum anası X10 1970-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun 81 yaşı var, təqaüdçüdür. Mərhum anası 1900-cü ildə Bakı şəhərində anadan olmuş və 1970-ci ildə Bakı şəhərində vəfat etmişdir. hal-hazırda məhkəmə işə baxarkən mərhum anasının doğum haqqında şəhadətnaməsi olmadığına görə ərizəni təmin etməmişdir. Belə ki, mərhum anası o vaxtlar savadsız olduğundan və qanunları lazımi qədər bilmədiyindən bütün bunlara əhəmiyyət verməmiş və doğumu barədə şəhadətnamə əldə etməmişdir. Anasının ölüm haqqında şəhadətnaməsi ona mirası sənədləşdirmək üçün lazımdır. Ərizəçi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, ərizəçinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, ərizəçinin tələbi mərhum anası X10 1970-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədədir. Ərizəçi həmin faktın ona miras mülkün rəsmiləşdirilməsi üçün lazım olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi ərizəni əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçinin iş materiallarına əlavə etdiyi sənədlərdə anasının adı fərqli (Cabarova Ziba, Cabbarova Ziba, X23) göstərilmiş, həmçinin təvəllüdü qeyd olunmamış, şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Eləcə də, məhkəmə tərəfindən müvafiq orqanlara sorğular göndərilsə də, ərizəçinin doğum qeydi, atası Zərbəli Cabarovun nikahı və uşaqları, həmçinin Ziba Cabarovanın doğumuna dair heç bir məlumat əldə etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, şəxsin doğumu barədə məlumat əldə etmək mümkün olmadığı üçün həmin şəxsin ölüm faktı məhkəmə tərəfindən müəyyən edilə bilməz. Ərizəçi qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası işin tam, obyektiv və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə apellyasiya baxışı zamanı bir sıra dövlət orqanlarına sorğu göndərmişdir. Azərbaycan Respublikası DİN Xəzər RPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən məhkəmə kollegiyasının sorğusuna göndərilən 27 sentyabr 2021-ci il tarixli, 057-11934 saylı sorğuya cavab məktubundan müəyyən olunur ki, X14 1900-cü ildə anadan olmuş və 19.01.1970-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin müvafiq məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi 15.09.2021-ci il tarixli, 258 saylı məktubundan və məktuba əlavə edilmiş ev dəftərindən müəyyən olunur ki, Bakı şəh, Xəzər ray, Buzovna qəsəbəsi, Aydın Xələfov (əvvəlki Drujba və ya Dostluq, əvvəlki ev N 284) küçəsi 23 ünvanının 07.01.1955-ci il tarixli ev dəftərində aparılan qeydlərə əsasən X1 Saleh qızı kimi qeydə alınmış və doğum tarixi 1909-cu il göstərilmişdir (səhifə 12). Ölüm tarixi həmin ev dəftərində göstərilməmişdir. Həmin ev dəftərində həmçinin X2 20.03.1887-ci ildə Bakı şəhərində anadan olması və evli olması (səh 14), bundan başqa, övladları X3 15.01.1935-ci ildə Bakı şəhərində, X5 14.04.1932-ci ildə Bakı şəhərində, X6 05.01.1938-ci ildə Bakı şəhəri Buzovna qəsəbəsində, X7 1926-cı ildə Bakı şəhəri Buzovna qəsəbəsində, Ərizəçi 24.08.1940-cı ildə Bakı şəhərində anadan olması göstərilmişdir. Göründüyü kimi, 24.08.1940-cı il təvəllüdlü Ərizəçi atasının 20.03.1887-ci il Bakı şəhərində anadan olmuş X9 olması, anası Zibaxanım Saleh qızının 1909-cu ildə Bakı şəhərində anadan olması təqdim edilmiş ev dəftərində öz təsdiqini tapmışdır. Zibaxanım Saleh qızının 19.01.1970-ci il Bakı şəhərində vəfat etməsi isə Xəzər RPİ-nin 2-ci PŞ-nin məktubu ilə təsdiqini tapmışdır. Ərizəçi məhkəmə kollegiyasının iclasında izahat verərkən ev dəftərində anasının ölüm tarixinin 1909-cu il göstərilməsini texniki səhv saydı və anasının 1900-cü ildə anadan olduğunu, 1970-ci ildə vəfat etdiyini və Buzovna qəbristanlığında dəfn olunduğunu bildirdi. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 17 mart 2021-ci il tarixli 22 saylı arayışında X10 həqiqətən də 1970-ci ildə Xəzər rayonu Buzovna qəbristanlığında dəfn olunduğu, qəbirüstü abidədə “X4 1900-1970” yazıldığı göstərilmişdir. Birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X11 və X8 da ifadələrində ərizəçinin anası X10 1970-ci ildə vəfat etdiyini təsdiq etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İşdən göründüyü kimi, ərizəçi bundan əvvəl ölümün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin orqan bundan imtina etmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, qətnamə ləğv olunmalı və ərizə təmin edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Ərizəçi apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1828/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizə təmin olunsun. 1900-cü ildə Bakı şəhərində anadan olmuş X10 19 yanvar 1970-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar