Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8814/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həsənov Rəşad Məhəmməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-686/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh1 vəsatət verərək tərəflər arasında münasibətin kommersiya xarakteri daşıdığını bildirmiş və işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə vəsatət rədd olunmuşdur. Cavabdeh1 həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət aşağıdakı əsaslara görə qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərardad məhkəmə aidiyyətinin dəyişdirilməsi (kommersiya mübahisəsi) barədə vəsatət üzrə qəbul edilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarında bununla bağlı aşağıdakılar qeyd olunmuşdur: “Məhkəmələrin nəzərinə çatdırılır ki, MPM-ə edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci il yanvarın 1-dən məhkəmə aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətlərə, habelə məhkəmələr arasında yaranan fikir ayrılıqlarına apellyasiya instansiyası məhkəməsi deyil, birbaşa olaraq kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması nəzərdə tutulmuşdur. .. Birinci instansiya məhkəmələri nəzərə almalıdırlar ki, MPM-ə əlavə edilmiş 403-1-ci maddənin tətbiqi kassasiya instansiyası ilə yanaşı birinci instansiya məhkəmələrinin üzərinə də müəyyən prosessual vəzifələr qoymaqla, onlar tərəfindən məhkəmə aidiyyəti ilə bağlı yaranan fikir ayrılıqlarına dair qərardadların qəbulundan fərqli olaraq, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər hər bir halda vəkil tərəfindən tərtib edilməli, habelə müvafiq order əlavə edilməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə bu şikayətlər vəkil tərəfindən tərtib edilmədikdə və ona vəkilin orderi əlavə olunmadıqda, MPM-in 403- 1.4-cü maddəsindən çıxış edilməklə, həmin Məcəllənin apelyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmiş 408.1.3-cü maddəsinin müddəaları tətbiq edilib, şikayət geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 403-1.4-cü maddəsinə əsasən şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair bu qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Bununla yanaşı, digər qərardadlardan fərqli olaraq qanunvericiliyə edilən sözügedən dəyişikliklərə uyğun olaraq birinci instansiya məhkəməsi MPM-in 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində MPM-in 403-1.5-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun”. Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsi bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə işi kassasiya instansiyası məhkəməsinə göndərir. İşdən də göründüyü kimi birinci instansiya məhkəməsi yanlışlığa yol verərək məhkəmə aidiyyəti haqqındakı qərardaddan verilmiş şikayəti müvafiq prosessual qaydalara əməl etməklə birbaşa kassasiya instansiyasına deyil, apellyasiya instansiyasına göndərmiş və bununla da MPM-nin 269.3-cü maddəsinin tələbini pozmuşdur. MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası şikayət verilən qərardadın məhkəmə aidiyyəti üzrə çıxarıldığını və apellyasiya instansiyası məhkəməsinin həmin qərardaddan verilmiş şikayətə baxmaq səlahiyyəti olmadığını nəzərə alaraq hesab edir ki, apellyasiyanın qeyri-mümkünlüyü haqqında hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə qanunverici MPM-nin 402-ci maddəsində apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardadlardan kassasiya şikayəti verilməsinin mümkünlüyünü qeyd edərkən baxılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olan şikayətlər üzrə çıxarılan qeyri-mümkünlük qərardadlarını nəzərdə tutur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-686/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyrimümkün hesab edilsin və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: Elşən Kazımov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8814/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8814/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver