Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8819/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nın cavabdehlər Cavabdeh1, X7, X8, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(003)-7/2021 saylı qətnaməsindən iddiaçı LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı cavabdehlər Cavabdeh1, X7, X8, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 20 aprel 2015-ci il tarixli 160/00/390/15 saylı kredit müqaviləsi üzrə 35869.20 ABŞ dolları məbləğində əsas borc, 7015.81 ABŞ dolları məbləğində faiz borcu, 4195.86 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 47080.87 ABŞ dolları məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat, cəmi 61 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və X1 Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 87500.00 ABŞ dolları məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ sahəsi 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinə (bağ evi və ümumi birgə torpaq sahəsi) yönəldilməsi və bağ evinin açıq hərracdan satılması, bağ evinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh1, X8, X6, X7 və onlarla birlikdə yaşayan ailə üzvü Cavabdeh3 bağ evini ən geci bir ay ərzində tərk etmədikdə və bağ evindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair verdiyi sonuncu ərizədə məhkəməyə müraciət edərək, QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 20 aprel 2015-ci il tarixli 160/00/390/15 saylı kredit müqaviləsi üzrə 35869.20 ABŞ dolları məbləğində əsas borc, 7015.81 ABŞ dolları məbləğində faiz borcu, 4195.86 ABŞ dolları məbləğində cərimə borcu, 2559.72 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 49640.59 ABŞ dolları məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat, cəmi 61 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və X1 Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 87500.00 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ sahəsi 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinə (bağ evi və ümumi birgə torpaq sahəsi) yönəldilməsi və bağ evinin açıq hərracdan satılması, bağ evinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh1, X8, X6, X7 və onlarla birlikdə yaşayan ailə üzvü Cavabdeh3 bağ evini ən geci bir ay ərzində tərk etmədikdə və bağ evindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı (bundan sonra mətndə Bank) ilə Cavabdeh1 arasında 20 aprel 2015-ci il tarixli 160/00/390/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 illik 19 (on doqquz) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2, Cavabdeh1, X8, X6, X7 Bakı şəhəri, Xəzər rayonu, XaşaXuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsini (bağ evi və ümumi birgə torpaq sahəsi) 22 aprel 2015-ci il tarixli 160/00/390/15 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və X6 20.04.2015- ci il tarixli 160/00/390/15 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka borcu qalmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış 20 aprel 2015-ci il tarixli 160/00/390/15 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(003)-7/2021 saylı qətnaməsi ilə İddia tələbi qismən təmin edilməsi, iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankınin xeyrinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada 35869.20 ABŞ dolları məbləğində əsas borc, 7015.81 ABŞ dolları məbləğində faiz borcu, 400 ABŞ dolları məbləğində cərimə borcu, 2559.72 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının məzənnəsi ilə 45844.73 (qırx beş min səkkiz yüz qırx dörd dollar yetmiş üç sent) ABŞ dolları məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş rüsuma görə 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh1, X7, X8, Cavabdeh2 və X2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinə yönəldilməsi, həmin ev və torpaq sahəsi 195.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankına ümumilikdə 45844.73 (qırx beş min səkkiz yüz qırx dörd dollar yetmiş üç sent) ABŞ dolları məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş rüsuma görə 30 (otuz) manat məbləğində pul vəsaiti ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi. Apellyasiya ikayətinin dəlilləri: İddiaçı LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bankın tələbi üzrə İddia ərizəsində cərimə borcu 4195.86 ABŞ dolları məbləğində müəyyən edildiyi halda məhkəmə qətnamədə cərimə borcunu 400 ABŞ dolları müəyyən etmiş, məbləğin əhəmiyyətli dərəcədə aşağı salınması zəruriliyini lazımi qaydada əsaslandırmamışdır. İpoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka predmeti 87500.00 manat məbləğində qiymətləndirilmişdir. Lakin, məhkəmə 23 fevral 2021-ci il tarixli H/03-PLS nömrəli Premium Legal Services MMC-ninrəyinə əsasən ipoteka predmetinin ilkin satış qiymətini 195.000 manat müəyyən etmişdir. Məhkəmə ipoteka müqaviləsi bağlanarkən aparılmış qiymətləndirməni qəbul etməməklə, Premium Legal Services MMC tərəfindən verilmiş rəyi qəbul etməsini qətnamədə lazımi qaydada əsaslandırmamışdır. Hesab edirlər ki, təkrarən qiymətləndirmə ekspertizası həyata keçirilməli və iddia tələbi təmin olunmayan hissədə tam təmin olunmasını xahiş edirlər. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, kredit məbləğinə hesablanmış faiz və dəbbə pulu məbləği yüksəkdir. Lakin göründüyü kimi maliyyə çətinliyi ilə bağlı cavabdeh banka müraciət etdikdən sonra belə bank əlavə faizlərin və cərimələrin hesablanmasını davam etdirmişdir. Məhkəmə bu halı nəzərə almadan, cavabdeh tərəfindən ödənilməli olan məbləği yüksək hədd müəyyən etmişdir. Cavabdeh qeyd olunan kredit müqavilələrindən irəli gələn öhdəliklərinin icrasından imtina etməmişdir, lakin hesab edir ki, müqavilə üzrə hesablanmış faiz borcları düzgün hesablanmamış, cərimə borcları isə şişirdilmişlər. Qeyd olunan məsələ məhkəmə baxışı zamanı düzgün araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı bank tərəfindən faiz və cərimə borclarının şişirdilməsi məsələsi dəqiq araşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Qiymətləndirmə rəyində bağ evi və torpaq sahəsinin real bazar dəyəri 230000 (iki yüz otuz min) manat qeyd edilsə də, məhkəmə qətnaməsinə ilkin satış dəyəri 195000 (yüz doxsan beş min) manat kimi qeyd edilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının işlasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının “faiz və cərimə borcunun müəyyən edilməsi” və “ipoteka predmetinin qiymətinin müəyyən edilməsi və evdən çıxarılma” hissələrində yoxlanılması təşkil edir. Beləliklə məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçı LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi təmin olunmayan hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunur ki, iddiaçı«Bank Standart» KB ilə Cavabdeh1 arasında 20 aprel 2015-ci il tarixdə 160/00/390/15 №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən sonuncuya illik 19 % hesabı ilə 48 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 17.09.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya olan əsas borcu 35869.20 ABŞ dolları, faiz borcu 7015.81 ABŞ dolları, 2559.72 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və cərimə 4195.86 ABŞ dolları olmaqla, cəmi borc 49640.59 ABŞ dolları təşkil etmişdir. İddiaçı“Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh2 və X6 arasında bağlanmış 20 aprel 2015-ci il tarixli 160/00/390/15 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və X6 “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borclunun öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İddiaçı«Bank Standart» KB ilə Cavabdeh1, X7, X8, Cavabdeh2 və X6 arasında bağlanmış 22 aprel 2015-ci il tarixli 160/00/390/15 saylı ipoteka müqaviləsindən və işdə olan sənədlərdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsi Ləğv prosesində olan QSC «Bank Standart» KB qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 87500 manat məbləğində müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 24.04.2015-ci il tarixli seriya RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, Cavabdeh1, X7, X8, Cavabdeh2 və X2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinin «Bank Standart» KB qarşısında ipoteka ilə yüklü edilməsi rəsmi dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş bildirişdən, həmçinin işin digər materiallarından görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.3. maddəsinin tələb etdiyi qaydada tutmanın ipotekaya yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ərizə verilmiş və bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17 oktyabr 2018-ci il tarixli 17976 saylı rəyinə əsasən Cavabdeh1 23 yanvar 2017-ci il tarixə iddiaçı QSC “Bank Standart” KB-yə olan əsas borcu 35.865,73 ABŞ dolları dolları, faiz borcu 7015,81 ABŞ dolları dolları və cərimə borcu 1264,77 ABŞ dolları dolları təşkil etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair "xxxx" MMC tərəfindən tərtib edilən H/03-PLS №-li 23 fevral 2021-ci il tarixli rəyindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinin real bazar dəyərinin 230.000 manat, likvid dəyərinin 195.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh1 iddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-yə ödənilməmiş 35869.20 ABŞ dolları əsas, 7015.81 ABŞ dolları faiz borcu, 2559.72 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Kredit müqaviləsi üzrə tətbiq olunmuş cərimənin azaldılaraq 400 ABŞ dolları həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. İddia tələbindən görünür ki, cavabdehin əşyaları ilə birlikdə ipoteka predmeti olan əmlakdan çıxarılması xahiş olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qanunun tələbindən göründüyü kimi, ipoteka qoyan şəxsin yaşayış sahəsini tərk etməsi tutmanın ipoteka predmetinə yönəlməsi və ipoteka predmetinin satılması ilə şərtləndirilmişdir. Hazırki vəziyyətdə məhkəmə, cavabdehin əşyaları ilə birlikdə ipoteka predmeti olan əmlakdan çıxarılmasını işin hallarına uyğun saymır və hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İpoteka predmetinin dəyəri 195000 manat müəyyən edilmişdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı borclunun banka olan faiz borcunun məbləği maliyyə arayışı əsasında müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, faiz borcunun məbləği maliyyə arayışına uyğun müəyyən edilmişdir. Belə olan halda, maliyyə arayışının mötəbərliyinə faiz borcunun tutulmasına hissəsində şübhə ilə yanaşmağa əsas verən dəlil məhkəməyə təqdim edilməmişdir. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq hesab edir ki, kredit müqaviləsi üzrə cərimə borcunun birinci instansiya məhkəməsi tərəfindən 400 ABŞ dolları məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, həmin daşınar əmlakın açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka qoyan ilə ipoteka saxlayan arasında ipoteka müqaviləsi bağlanarkən sözügedən əmlak Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsi 87.500 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair Premium Legal Services” MMC tərəfindən tərtib edilən H/03-PLS №-li 23 fevral 2021-ci il tarixli rəyindən göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinin real bazar dəyərinin 230.000 manat, likvid dəyərinin 195.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinin ilkin satış qiymətini 195.000 manat həddində müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddia tələbinin ipotekaya qoyulmuş yaşayış evində yaşayan şəxslərin mənzildən çıxarılmaları hissəsi ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin qanunun 59.4-cü maddəsinə əsasən, Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İş materiallarında olan cavabdehlər Cavabdeh2, Cavabdeh1, X8, X6, X7 və onlarla birlikdə yaşayan ailə üzvü Cavabdeh3 notarial qaydada təsdiq edilınş ərizəsinin surətindən məlum olur ki, onlar mənzilin ipotekaya qoylumasına razıdırlar və mənzilə tutma yönəldildikdə və satıldıqda tərk etməyi öhdələrinə götürmüşlər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi, iddia tələbi cavabdehlərin ipoteka predmeti olan mənzildən çıxarılmaları hissəsində təmin etməməkdə haqlı olmamışdır. Belə ki, yuxarıda qeyd olunan maddələrin tələbi baxımından, ipoteka predmeti satıldıqdan sonra, orada yaşayan şəxslər mənzildən çıxarılmalıdırlar. Bunun məqsədi satılmış olan ipoteka predmetinin yeni mülkiyyətçisinin öz əmlakı üzərində sərbəst şəkildə mülkiyyət hüquqlarını həyata keçirilməsinin təmin edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsini ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. “İpoteka haqqında” Qanunun 59.3.2-ci maddəsinə uyğun olaraq ipoteka predmeti olan mənzildə qeydiyyatda olan ipoteka qoyanın ailə üzvləri (cavabdehlər) həmin yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdürlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinə tutma yönəldildikdə və o satıldıqda, mənzildə yaşayan cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdırlar. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın qismən edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnaməsi qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 402- 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(003)-7/2021 saylı qətnaməsi qismən ləğv edilsin. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 181 saylı bağ evi və 0.22 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh1, X8, X6, X7 və onlarla birlikdə yaşayan ailə üzvü Cavabdeh3 həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8819/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8819/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver