Məhkəmə qərarları › İş №2(103)-8830/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8830/2021

01.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8830/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Rəhimova Ofeliya Oqtay qızının iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2122/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 iddia ərizəsi, iddia tələbinin artrılıması və yekun olaraq iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanılan “X4” markalı 2013-cü il buraxılışlı, ** TZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair 03.02.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, 03.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “X4” markalı 2013-cü il buraxılışlı, ** TZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində 2/3 pay nisbətində İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2122/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, o cümlədən mülki iş üzrə həqiqət müəyyən edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İddiaçı nümayəndəsi və vəkili Rəhimova Ofeliya Oqtay qızı apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və digər cavabdehin nümayəndəsi səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdiyi “X4” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının razılığı olmadan özgəninkiləşdirilmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı avtomobilin satışından məlumatlı idi və buna etiraz etməmişdir. İş materiallarından mübahisəsiz qaydada göründüyü kimi mübahisəli avtomobil tərəflərin nikahda olduqları dövrdə cavabdehin adına qeydə alınmış, həmin avtomobil 03.02.2021-ci il tarixində alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına rəsmiləşdirilmişdir. 15.08.2020-ci il və 16.12.2020-ci il tarixlərində avtomobilin idarə edilməsi üçün cavabdeh tərəfindən iddiaçıya etibarnamə verilmişdir. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə müvafiq olaraq nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, məhkəmə baxışı zamanı təqdim edilmiş sübutlar əsasında mübahisəli avtomobilin iddiaçı və cavabdehin birgə nikah dövründə əldə etdikləri ümumi əmlak olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli avtomobilin 2019-cu ilin iyul ayında cavabdehin mülkiyyətinə keçməsindən dərhal sonra, yəni 30 iyul 2019-cu il tarixində rəsmi elan saytı olan “Turbo.az” saytında satışa çıxarılması həmin avtomobilin əvvəlcədən satış niyyəti üçün alındığına dəlalət edir. İddiaçı 16 fevral 2021-ci il tarixində nikahın pozulması üçün məhkəməyə müraciət etsə də, avtomobilin Cavabdeh3 satılmasından 3 gün öncə tərəflər arasında olan “whatsapp” yazışması vasitəsilə iddiaçıya avtomobilin alınması məsələsinin müzakirə olunmasını, tərəflər arasında olan yazışma tərzini (cavabdehin iddiaçıya ürəyim kimi sözlərlə müraciət etməsi və s.), avtomobilin alqı-satqısından qısa müddət öncə rayona istirahətə getməklərini nəzərə alaraq məhkəmə iddiaçı ilə cavabdeh arasında həmin vaxtlarda normal münasibətin mövcud olmasına dair cavabdehin dəlilini əsaslı hesab edir. Cavabdeh etirazını həm də onunla əsaslandırmışdır ki, iddiaçı avtomobili faktiki olaraq idarə edirdi və avtomobil ondan alınıb yeni mülkiyyətçiyə verildikdə buna etiraz etməmişdir, əksinə ona yeni avtomobilin alınması istiqamətində cavabdehlə danışıqlar aparmışdır. Baxılan iş üzrə iddiaçının yazılı razılıq verməsi müəyyən edilməsə də, iş materialları ilə iddiaçının əqdin bağlanmasına etiraz etməməsi, bundan xəbərdar olması müəyyən olunur. İddiaçı isə mübahisəli əmlakın satılmasından xəbərdar olmamasını və buna razılıq verməməsini təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf həmçinin cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərini təkzib edən də hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilən hüquqi mövqeyi rəhbər tutaraq məhkəmə vurğulayır ki, iddiaçının mübahisəli avtomobilin satışına razılığının olub-olmaması məsələsinə qiymət verərkən məhkəmə yalnız iradə ifadəsinin özünü deyil, həm də cavabdehin avtomobilin satılmasını iddiaçıdan gizlətməsi üçün əsasların olub-olmamasını, tərəflər arasındakı münasibətləri və tərəflərin davranışlarını nəzərə almışdır. Məhkəmə hesab edir ki, işin sadalanan halları cavabdehin avtomobilin satılmasını iddiaçıdan gizlətməsi üçün əsasların olmamasına dəlalət edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında tərəflər arasında aparılan “whatsapp” yazışmasının qanunu pozmaqla əldə edilmiş sübut olduğundan nəzərə alınmamasını məhkəməyə bildirmişdir. Buna münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, “Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən yanaşmasını rəhbər tutaraq məhkəmə tərəflər arasında aparılan “whatsapp” yazışmasının qanunu pozmaqla əldə edilmiş sübut olmadığı qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə hesab edir ki, avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 03.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə hər hansı əsaslar müəyyən edilmədiyinə görə iddia rədd edilməlidir. İddia tələbinin “avtomobil üzərində 2/3 pay nisbətində İddiaçı mülkiyyət hüququnun tanınması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia “müqavilənin etibarsız hesab edilməsi və şəhadətnamənin ləğv edilməsi” hissəsində təmin edilmədiyindən bu hissədə də rədd edilməlidir. Ailə Məcəlləsinin 22.2 və 22.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır. Həmin Məcəllənin 32.1.-ci maddəsində nəzərdə tutulduğu kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.1.-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1. və 37.2-ci maddələrinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Mülki Məcəllənin 225.1.-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməməsi hissəsində iddia olunan yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. İkincisi, ər və ya arvadın birinin əmlak üzərində sərəncam vermək barədə notarial qaydada təsdiq edilmiş razılığı yalnız daşınmaz əmlak üzərində sərəncam verilən zaman imperativ qaydada nəzərdə tutulmuşdur. Daşınar əşya olan avtomobilin alqı-satqısı zamanı ərin yaxud arvadın notarial qaydada təsdiq olunmuş razılığının alınması barədə hər hansı birbaşa imperativ qanunvericilik norması da mövcud deyildir. Bu mövqe kassasiya instansiyası məhkəməsinin bir çox qərarlarında da vurğulanmışdır. Avtomobillərin alqı-satqısı zamanı mülki hüquq münasibətlərinin iştirakçılarından ər yaxud arvadın notarial qaydada təsdiq olunmuş yazılı razılığını bu əməliyyatı həyata keçirən orqanlar da heç vaxt tələb etmirlər. Bir anlığa təsəvvür edilsə ki, mülki dövriyyədə avtomobillərin alqı-satqısı zamanı satıcının nikahda olduğu arvadının yaxud ərinin notarial qaydada mütləq yazılı razılığı olmalıdır, onda belə çıxır ki, bu cür razılıq olmayan alqı-satqı müqavilələrinin hamısı ən azından bu əsasa görə etibarsız hesab edilməlidir. Bu cür vəziyyət isə bu sahədə yaranmış mülki hüquq münasibətlərini iflic vəziyyətə sala bilər. Buna görə də, mübahisəli avtomobilin etibarsız əqd hesab olunması üçün bu hal birbaşa əsas ola bilməz. Üçüncüsü, Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Mübahisəli avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilmiş, nikah müddətində də, yəni 03 fevral 2021-ci ildə üçüncü şəxs Cavabdeh3 15400 manata satılmış və işdə olan alqı-satqı müqaviləsinə əsasən də sonuncunun həmin avtomobili əvəzli əldə etməsi təsdiq edilir. Demək, Cavabdeh3 həmin avtomobili vicdanlı əldə edən şəxs olduğundan hazırki iddianın təmin edilməsi onun da mülkiyyət hüququnu pozmuş olar. Dördüncüsü, iddia tələbinin məzmunundan və mahiyyətindən də, açıq-aydın görünür ki, iddiaçı yalnız avtomobilin alqı-satqı müqaviləsinin etibarsızlığını, qeydiyyat şəhadətnaməsinin ləğv edilməsini və üzərində üçdə iki hissədə paylı mülkiyyət hüququnun tanınmasını tələb edir. Demək iddiaçının əslində məqsədi mübahisəli avtomobil cavabdehlə birgə nikahı dövründə əldə edildiyindən avtomobil üzərində yalnız üçdə iki hissədə paylı mülkiyyət hüququnun yaranmasına nail olmaqdır. Ancaq yuxarıda göstərilən səbəblərdən bu cür iddia tələbi təmin edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, həmin hissədə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2122/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar