Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8916/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, İddiaçı QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2(005)-3690/2020 saylı qərardadından LPO QSC “Bank Standard” KB tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı LPO QSC “Bank Standard” KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehdən xx.xx.2014-cü il tarixli, 1xx/xx/15556/14 saylı kredit müqaviləsi üzrə 305.31 (üç yüz beş manat, otuz bir qəpik) manat məbləğində əsas borc, 53.23 (əlli üç manat, iyirmi üç qəpik) manat məbləğində faiz borcu, 141.88 (yüz qırx bir manat, səksən səkkiz qəpik) manat məbləğində cərimə borcu, 41.80 (qırx bir manat, səksən qəpik) manat məbləğində gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 542.22 (beş yüz qırx iki manat, iyirmi iki qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının xeyrinə tutulması, tutmanın Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmiş «Hundai Elantra» markalı, 2013-cü il buraxılışlı, ağ rəngli, ban KMHDH41C5EU893871 olan **-TJ-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək cavabdehin mülkiyyətində olan («Hundai Elantra» markalı, 2013-cü il buraxılışlı, ağ rəngli, ban KMHDH41C5EU893871 olan 90-TJ-25 dövlət nömrə nişanlı avtomobili) nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq, istifadəsinə qadağa qoyulması və müvəqqəti saxlama meydançasına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 3690/2020 nömrəli qərardadı ilə iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə rədd edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini, ərizənin təmin olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh (və ya digər şəxslər) həmin nəqliyyat vasitəsindən istifadə etməkdə davam etdiyi üçün iddianın təmin olunacağı təqdirdə qətnamənin tam həcmdə icrası qeyri-mümkün olacaq, eləcə də avtomobil başqa şəxslərə verildiyi təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi mümkün olmayacaq. Ona görə də işə mahiyyəti üzrə baxılıb qurtarana qədər cavabdehin əmlakı üzərinə həbs qoyulması zəruridir. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsinə dair mövqeyi əsaslı olmuşdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İddianı təmin tədbirinin tətbiqinə dair ərizədə xahiş edilən məsələlər aşağıdakılardan ibarətdir: - avtomobilin üzərinə həbs qoyulması; - onun istifadəsinə qadağa qoyulması; - müvəqqəti saxlama meydançasına qoyulması. Avtomobilin üzərinə həbs qoyulması ilə bağlı bildirilməlidir ki, sözügedən avtomobil ipoteka predmeti olduğundan yüklü hesab edilir, yəni, avtomobilin üzərində artıq ipoteka qaydasında məhdudiyyət mövcud olduğundan onun üzərinə həbs qoyulmasının heç bir əhəmiyyəti qalmır. İddianı təmin tədbirində göstərilən digər məsələlər - avtomobilin istifadəsinə qadağa qoyulması və müvəqqəti saxlama meydançasında saxlanılmasının isə iddianı təmin tədbiri qaydasında tənzimlənməsi mümkün deyildir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsi ilə tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası tənzimlənir. Yəni, xahiş edilən bu hallar icra mərhələsinə ipoteka predmetinə yönəlmədən sonrakı proseslərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessualhüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göründüyü kimi, hazırda əmlak iddiaçının xeyrinə ipoteka yüklü olduğundan və ərizədə göstərilən məsələlər ipoteka predmetinə tutma yönəldilməsi və ya icra mərhələsində tətbiq edilən hallar olduğundan gələcəkdə qətnamənin icrasını təmin etmək üçün avtomobilin üzərinə həbs qoyulması, istifadəsinə qadağa qoyulması və müvəqqəti saxlama meydançasında saxlanılmasına zərurət yoxdur. Qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallar müəyyən edilmir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmini tədbirinin tətbiqinə dair ərizənin təmin edilməməsi əsaslı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8916/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8916/2020
02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver