Məhkəmə qərarları › İş №2(103)-9014/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9014/2021

20.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9014/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı vəkili X3, onun nümayəndəsi X4, Cavabdeh nümayəndəsi və vəkili X5, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə hüququnun müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3106/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları 16.08.2010-cu il təvəllüdlü X6 və 06.03.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, 62 saylı binanın qarşısında yerləşən 10 sot torpaq sahəsi üzərində cavabdehlə birgə nikah dövründə özbaşına tikdiyi və hazırda Cavabdeh istifadəsində olan bir mərtəbəli, beş otaqlı fərdi yaşayış evinə köçürülməklə həmin evdən istifadə hüququnun edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10.11.2009-cu ildə el adəti ilə ailə qurub toy etməklə cavabdehin valideyinlərinə məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 62, mənzil 3-ə gəlin köçmüşdür. Cavabdehlə nikahları rəsmi qaydada qeydiyyata alınmışdır. Nikahlarından 16.08.2010-cu il təvəllüdlü Rasim adlı oğlu və 06.03.2013-cü il təvəllüdlü Ləman adlı qızı dünyaya gəlmişdir. Yaşadığı Maştağa qəsəbəsi, Subtropik sovxozu, 62 saylı binanın qarşısındakı 10 sot torpaq sahəsində birgə nikaha daxil olandan sonra, birgə vəsait hesabına 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış sahəsi tikib, həmin evə cehizlərini də daşımaqla, 2013-cü ildən həmin fərdi yaşayış evində cavabdeh və uşaqla birlikdə yaşamışdır. Həmin yaşayış sahəsini cavabdehin məvacibi (cavabdeh AR Gömrük Komitəsinin Azərterminalkompleks Birliyində işləyir) və atasının maddi köməkliyi hesabına tikib başa çatdırsalar da, bu günədək həmin torpaq sahəsi və üzərində inşa olunmuş yaşayış sahəsi rəsmi olaraq dövlət orqanlarında qeydiyyata alınmamış və cavabdehin, yaxud da digər hər hansı şəxsin həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmamışdır. Hal-hazırda cehiz əşyaları da həmin evdə qalmaqdadır. Lakin, cavabdehlə ailə münasibətləri dözülməz hala çatdığından və bu səbəbdən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edildiyindən cavabdeh onu evdən qovmuş və evə girməsinə, evdən istifadə etməsinə imkan verməmişdir. O, 2020-ci ilin dekabr ayının əvvəllərindən məcburiyyət qarşısında qalaraq iki uşağı ilə birlikdə valideyinlərinin yaşadığı Maştağa qəsəbəsi, Subtorpik sovxozu, 51 saylı evə müvəqqəti sığınmışdır. Onu da bildirir ki, o valideyinlərinə məxsus yaşayış sahəsinə qeydiyyatda olsa da, birgə nikahdan olan uşaqları faktiki mübahisəli yaşayış sahəsinə qeydiyyatdadırlar. O, birgə nikah dövründə birgə vəsait hesabına tikib başa çatdırdığı mübahisəli evə köçüb yaşamaq istədiyini dəfələrlə bildirsə də, cavabdeh buna razı olmamış və maneçilik törətmişdir. Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı övladları 16.08.2010-cu il təvəllüdlü X6 və 06.03.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxoz, 62 saylı binanın qarşısında yerləşən 10 sot torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh və üçüncü şəxs qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmənin işə səthi və obyektiv araşdırma aparmadan yanaşması iş materiallarına baxdıqda da görünür. Belə ki, iddiaçının iddia ərizəsində guya mübahisə predmeti olan evdən Cavabdeh tərəfindən qovulması səbəbindən evi tərk etməsi barədə fikri tamamilə yalandır. Məhkəmə iclasında da onlar bildirmişlər ki, iddiaçının atası və qardaşı məhz iddiaçının köçürülməsini xahiş etdiyi evə gələrək Cavabdeh qarşı cinayət törətmişlər, iddiaçını da elə həmin şəxslər evdən özləri aparmış və bununla bağlı Sabunçu Rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci cinayət işi başlanılmış və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddiaçını həmin evə köçürməklə gələcəkdə onun qardaşının və atasının növbəti dəfə evə gəlib cavabdehə və ya atasına qarşı cinayət törətməsinə şərait yaradır. Bu dəfə artıq daha ağır cinayətin törədilməsi ehtiamalını və məsuliyyətini də məhkəmə öz üzərinə götürür. Bundan başqa, hakimin sübut qismində qətnamədə istinad etdiyi Azərbaycan SSR-nin Abşeron rayon İcraiyyə Komitəsinin qərarından çıxarışın surətindən görünür ki, Maştağa qəsəbəsi, Subtropik sovxozun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında qərarına əsasən X2 0,07 ha torpah sahəsinin ayrılması və həmin hayətyanı sahədə 60 kv.m ölçüyə kimi yaşayış evinin tikilməsinə icazə verilməsi qərara alınmışdır. Cavabdehin atasının mülkiyyət və qanuni gözlənti hüquqları kobud şəkildə pozulmuşdur. İşdə olan kommunal ödənişlərə dair fakturalardan da görünür ki, iddiaçının köçürülməsini xahiş etdiyi ev cavabdehə məxsus deyil, cavabdehin atasının fərdi yaşayış evidir. Həmin yaşayış evinin daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınması üçün müvafiq müraciətlər də edilmiş, buna dair sübutlar da təqdim edilmişdir. Hakim isə üçüncü şəxsin mülkiyyət hüquqlarını pozan qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin olunmamasını xahiş etmişlər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunması hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini, cavabdehin sözügedən özbaşına tikiliyə hansı hüququ varsa, İddiaçı da eyni əsaslarla orada yaşamaq hüququ olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə birinci instansiya məhkəməsinin tədqiq edilmiş sübutlar üzrə gəldiyi nəticəyə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməyərək, nəticədə maddi və prosessual hüquq normalarının səhv tətbiq və təfsir edərək, gəlinən nəticənin apellyasiya qaydasında mübahisələndirərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı). Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İş materiallarında olan 27.04.1990-cı il tarixli Azərbaycan SSR Abşeron rayon İcraiyyə Komitəsinin qərarından çıxarışın surətindən görünür ki, Maştağa qəsəbəsi, Subtropik sovxozun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin aytılması haqqında qərarına əsasən X2 0,07 ha torpaq sahəsinin ayrılması və həmin həyətyanı sahədə 60 kv.m ölçüyə kimi yaşayış evinin tikilməsinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.10.2019cu il tarixli **********67 saylı məktububdan görünür ki, X2 torpaq sahəsinin yerini və sərhədlərini müəyyənləşdirməyə imkan verən yerləşmə sxemini təqdim etməklə Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edəcəyi təqdirdə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılacağı bildirilmişdir. İş materiallarında olan Azərsu ASC-nin, Azərişiq ASC-nin və Azəriqaz İB-nin hesab fakturalarından görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda yerləşən fərdi yaşayış evi üzrə sayğaclar Tağıyev Mərdanın (iddiaçının keçmiş qaynatası) adına qeydə alınmışdır. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası iddiaçının evə köçürülmə tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə qeyd edir ki, ilk növbədə onun həmin evə dair hüququnun yaranıb-yaranmaması məsələsinə qiymət verilməlidir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlı olsa da, ölkə qanunvericiliyində özbaşına tikilidən istifadə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normasının mövcud olmadığı, bununla belə, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarının və oradan istifadə etmələrinin birbaşa qadağan edilmədiyi nəzərə alınmalıdır - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı iş materiallarından və izahatlara əsasən müəyyən olunan hallar odur ki, mübahisəli torpaq sahəsi üçüncü şəxs Mərdan Tağıyev tərəfindən alınmış, daha sonra onun tərəfindən orada ev inşa edilmiş, iddiaçı cavabdehlə 2013-cü ildə oraya köçmüş, onlar evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etməmiş və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməmişləlr. Əksini iddiaçı sübut edə bilməmişdir. Tərəflərin ailə münasibətləri sonradan pozulmuş, iddiaçı oranı tərk etmişdir. Həmçinin, müəyyən edilmişdir ki, iddiaçının keçmiş ailə üzvləri ilə münasibəti çox gərgindir. İddiaçının atası və qardaşının iş üzrə cavabdehə qarşı törətdikləri əmələ görə cinayət işi başlanılmış və hazırda Sabunçu Rayon Məhkəməsində baxılmaqdadır. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, məhkəmə qərarları sadəcə kağız üzərində qalmamalı, formal olaraq qəbul edilməməlidir. Qərar qəbul edilərkən ilkin olaraq onun icrasının mümkünlüyü tərəflər arasındakı münasibətlər nöqteyi-nəzərindən təhlil edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04.07.2014-cü il tarixli qərarına istinadən qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3016/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3106/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi qismən, yəni “İddiaçı övladları 16.08.2010-cu il təvəllüdlü X6 və 06.03.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxoz, 62 saylı binanın qarşısında yerləşən 10 sot torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə köçürülməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar