Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9084/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadıyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyul 2021-ci il tarixli qərardaddan Cavabdeh2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi 2-ci sahə, 40 saylı ev, mənzili 7-dən və həmin evin yerləşdiyi 0,10 ha torpaq sahəsindən cavabdehin çıxarılması, özünün və azyaşlı uşaqlarının həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı mübahisəli sahəni və evi Cavabdeh2 almışdır. Eyni zamanda iddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək işə mahiyyəti üzrə baxılıb iş üzrə qətnamə qəbul edilənədək mübahisəli torpaq sahəsinə, habelə həmin fərdi yaşayış evinə münasibətdə hər hansı bir hərəkətlərin edilməsinin cavabdehlərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16.07.2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsini, mübahisəli torpaq sahəsində və orada yerləşən tikilidə yenidənqurma (tikinti-təmir) işlərinin aparılmasını cavabdehlərə və başqa şəxslərə qadağan edilməsini qərara almışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mübahisəli sahəni və evi iddiaçıya satmamışdır. Cavabdeh2 həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 11.08.2021-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) Məhkəmə, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin ediməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir (maddə 157.1.). Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157.2.). İddianı təmin etmək üçün cavabdehə və ya başqa şəxslərə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri qadağan edə bilər (maddə 158.1.2., 158.1.3.). İddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin əsası cavabdehlərin (mübahisəli) yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılması təşkil edir. İddiaçı bildirir ki, mübahisəli sahələr ona məxsusdur. İddia tələbinin gələcəkdə rədd edilməsi ehtimalı olduğu kimi, təmin edilməsi ehtimalı da istisna edilmir. Belə olan halda həmin sahədə cavabdehlər və başqa şəxslər tərəfindən yenidənqurma (tikinti-təmir) işlərinin aparılması, iddia təmin edildiyi halda, qətnamənin icrasını ləngidə və icranın həyata keçirilməsində çətinliklər yarada bilər. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəni təmin etməklə və bu barədə qəbul etdiyi qərardaddan cavabdehin Cavabdeh2 verdiyi şikayəti təmin etməməklə iş üzrə əsaslı və qanuni nəticəyə gəlmişdir. Qərardadı ləğv etmək üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 iyul 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-9084/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9084/2021
03.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver