Məhkəmə qərarları › İş №2(103)-9095/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9095/2021

17.11.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9095/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X4 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-181/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, F25-165 saylı kredit müqaviləsi üzrə 24 (iyirmi dörd) ay müddətinə 80.000 (səksən min) ABŞ dolları əsas kredit öhdəliyinə görə "xxxx" ASC-nin Binəqədi filialının xeyrinə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzil üzrə ipotekaya xitam verilməsi və həmin mənzilin ipoteka ilə yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC-də keçirilmiş 22/04 saylı 11.03.2016-cı il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi; F25-165 saylı kredit müqaviləsi üzrə 24 (iyirmi dörd) ay müddətinə 80.000 (səksən min) ABŞ dolları əsas kredit öhdəliyinə görə "xxxx" ASC-nin Binəqədi filialının xeyrinə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzil üzrə ipotekaya xitam verilməsi və həmin mənzilin ipoteka ilə yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva, iş № 2(006)-181/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2365/2015 saylı 13.05.2015-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh X1 77898 ABŞ dolları əsas borcun, 11823. 23 ABŞ dolları faiz borcunun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, ödənişin cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satışından əldə edilmiş vəsaitdən 77898 ABŞ dolları əsas borcun, 11823. 23 ABŞ dolları faiz borcunun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilin satışdan sonra bir ay ərzində boşaldılması, evin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaitinin İddiaçı verilməsi qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2365/2015 saylı 13.05.2015-ci il tarixli icra sənədi Sabunçu rayon icra şöbəsinin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzilə dair hərrac keçirilmiş, lakin həmin mənzilin əldə edilməsinə dair heç bir məlumat yoxdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 05 sentyabr 2019-cu il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsi, ev 8A, 10 saylı mənzil İddiaçı mülkiyyətindədir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində izahat verərkən iddianı qəbul etməmiş və rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Bakıxanov qəs, Telman küçəsində istifadədə olan 0,072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51,1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 10 nömrəli mənzilə dair hərrac keçirilmiş, şlakin həmin mənzilin əldə edilməsinə dair heç bir məlumat yoxdur. Həmin mənzil İddiaçı mülkiyyətindədir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 03 iyun 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, "xxxx" ASC ilə borcalan X3 arasında bağlanmış 22.10.2008-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 26% dərəcəsi ilə 80.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı ilə 22.10.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsi, ev 8A, 10 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Sözügedən kredit müqaviləsi üzrə irəli gələn öhdəlikləri lazımi qaydada icra etməyən borclu X3 barəsində cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin 13 may 2015-ci il tarixli, 2(008)-2365/2015 saylı qətnaməsinə əsasən borcludan Bankın xeyrinə cəmi 89.721,23 ABŞ dollar məbləğində borcun tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsi, ev 8A, 10 saylı mənzilə yönəldilməsi və daha sonra ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərrac yolu ilə satılması qət edilmişdir. "xxxx" MMC tərəfindən təkrar hərrac alıcı olmadığından baş tutmamış elan edildikdən sonra ipoteka müqaviləsi üzrə ipoteka saxlayan qismində çıxış edən LPO Cavabdeh1 ASC-yə 12.02.2016-cı il tarixdə “ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanmasının təklif edilməsi barədə” bildiriş göndərilmiş, göndərilmiş bildirişlə 30 gün müddətində əmlakı almadığı təqdirdə işin sifarişçi-icra şöbəsinə geri qaytarılacağı barədə ləğv prosesində olan bank xəbərdarlıq edilmişdir. Bunun nəticəsində 11.03.2016-cı il tarixdə Sabunçu rayon icra şöbəsinin sifarişinə əsasən Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC-nin təşkilatçılığı ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Telman küçəsi, ev 8A, 10 saylı mənzil 63.750 manata LPO Cavabdeh1 ASC-yə satılmışdır. Hazırda iddiaçı Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC tərəfindən keçirilmiş 22/04 saylı 11.03.2016- cı il tarixli hərrac nəticəsində tərtib olunmuş protokola sifarişçi Sabunçu rayon icra şöbəsi tərəfindən möhür vurulmadığına, həmçinin həmin protokolun adıçəkilən qurum tərəfindən imzalanmadığına istinad edərək bu sənədin etibarsız hesab edilməsi, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Telman küçəsində istifadədə olan 0.072 ha torpaq sahəsində yerləşən 8a nömrəli, 5 mərtəbəli binada 51.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 10 nömrəli mənzil üzrə mövcud olan ipotekaya xitam verilməsi və ipoteka ilə yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və qeyd etmişdir ki, hazırkı işdə hərracın nəticələri haqqında tərtib olunmuş protokolun etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi dəlillərdən göründüyü kimi o, Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC tərəfindən keçirilmiş 22/04 saylı 11.03.2016-cı il tarixli hərracın protokoluna sifarişçi Sabunçu rayon icra şöbəsi tərəfindən möhür vurulmadığı, həmçinin həmin protokolun adıçəkilən qurum tərəfindən imzalanmadığı əsası ilə etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Halbuki cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi hərracın keçirilməsi ilə əlaqədar tərtib edilmiş sənədlərdən müəyyən edildiyi kimi, 11.03.2016-cı il tarixli Hərracın yekunları barədə protokol Mülki Məcəllənin 415.5-ci maddəsində nəzərdə tutulan qaydada hərracı udmuş şəxs (LPO Cavabdeh1 ASC) və hərracın təşkilatçısı (Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC) tərəfindən imzalanmış, protokol hər iki təşkilata aid möhürlə təsdiq olunmuşdur. Belə olan halda məhkəmə Mülki Məcəllənin 405.1-ci maddəsinin tələblərindən irəli gələrək hesab edir ki, mübahisəli müqavilə (hərracın yekunları barədə protokol) müqavilə tərəfləri tərəfindən imazalndığından, müqavilənin bütün mühüm şərtləri barəsində qanunvericiliklə tələb olunan formada razılığa gəlindiyindən müqavilə etibarlı razılaşma kimi qəbul olunmalıdır. Hərracın yekunları barədə 11.03.2016-cı il tarixli protokolun etibarsız hesab edilməsinə dair iddia tələbinin rədd olunması ilə əlaqədar gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən MM-nin 405.1, 415.5ci maddələri və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının dəlillərinə verdiyi qiymətlə razılaşır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar