Məhkəmə qərarları › İş №2(103)-9233/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9233/2021

17.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9233/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “vərəsəlik hüququ şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2835/2021 saylı 07 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 verilmiş 27.08.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında ona verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqomayev 75 ünvanında yerləşən evə dair ********** nömrəsi ilə qeydə alınan 29.08.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Maqomayev küçəsi 75 saylı ev hazırki iş üzrə 3-cü şəxsin mərhum anası X5 atası, X3 məxsus olmuşdur. Sonradan həmin tikili əvvəlcə kolxozun sonra isə sovxozun balansında olmaqla onun ailəsinin istifadəsinə verilmişdir. 28.03.1990-cı il tarixli Əzizbəyov rayon xalq məhkəməsinin qərarına əsasən Məşədi Bağırovun şəxsi mülkiyyət hüququ bərpa edilmiş və dərhal bu qərarın əsasında 22 may 1991-ci ildə həmin evə çıxarış almışdır. Sonra prokurorluğun nəzarət qaydasında verdiyi protestə əsasən həmin məsələyə baxılarkən qanun pozuntusunu yol verildiyinə görə həmin Qərar Bakı şəhər məhkəməsi tərəfindən ləğv olunmuş və baxılması üçün Əzizbəyov rayon xalq məhkəməsinə göndərilmişdir. 27 fevral 1992-ci ildə işə yenidən baxan Əzizbəyov rayon xalq məhkəməsi iddia tələblərinin rədd edilməsi haqda qərar qəbul etmiş və bu qətnamədə kassasiya qaydasında öz qüvvəsində saxlanılmışdır. X1 tələbinin təmin edilməsi haqda qərar ləğv edilsə də, bunun əsasında əldə edilmiş çıxarış sonuncunun əlində qalmışdır. Azərbaycan SSR Ali Sovetinin göstərişi ilə 1992-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun protesti əsasında kassasiya qaydasında işə yenidən baxılmış və 3-cü şəxsin (miras qoyanının) xeyrinə qəbul edilmiş qətnamə ləğv edilmişdir. Lakin əldə edilmiş çıxarış onların əlində qalmış və bunun əsasında hazırki iş üzrə 3-cü şəxsə vərəsəlik şəhadənaməsi verilmiş və bunun əsasında o, faktiki ləğv edilmiş və qüvvədə olmayan çıxarış əsasında mirası qəbul etmiş və təkrar çıxarış almışdır. Beləliklə cavabdeh inzibat orqan mövcud olmayan miras əmlaka dair təkrar qeydiyyat aparmış və ikinci cavabdehə çıxanş vermişdir. Cavabdeh inzibati orqan tərəfindən ikinci cavabdehə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi. Maqomayev 75 ünvanda yerləşən evə dair ********** nömrəsi ilə qeydə alınan 29.08.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməklə ləğv edilməlidir. Mübahisənin başqa həlli mövcud olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin məhkəmə onun ərizəsini geri qaytararaq, işə rayon məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2835/2021 saylı 07 iyul 2021ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər; işin halları və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbi nəzərə alınmaqla işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsinin 2- 96-92 nömrəli qətnaməsindən görünür ki, X5, X9 və X4 ünvan 3 ünvanda yerləşən tikintiyə sahiblik faktının müəyyən edilməsi tələbləri, eləcədə Bağırova H.M. Zirə südcülük tərəvəzçilik sovxozundan və X6 evdən çıxarılma tələbi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhər Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 21.04.1992-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsinin iş üzrə 27.021992-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 21.07.2017-ci il tarixli, **********11 saylı məktubundan görünür ki, ünvan 4 saylı ev 7 saylı DNK-nın 1kn”N”-44 reyestr nömrəli 21.04.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X5 adına qeydiyyata keçmiş və adında olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-i Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən əmlak Cavabdeh2 İmran qızının xüsusi mülkiyyətindədir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 11.08.2009-cu il tarixdə ölmüş X5 vərəsəsi qızı Cavabdeh2 İmran qızıdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nın Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən 22.05.1991-ci il tarixdə X7 verilmiş 30/1386 qeydəalma nömrəsi ilə 01 nömrəli kitabın 144-cü səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. Bakı İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(112)-373/2021 saylı qərardadından görünür ki, iddianın mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh2 mübahisəli mənzilə çıxarışı vərəsəlik hüququ əsasında almış və hazırkı mənzilin çıxarışı X5 adına olan (22.05.1991-ci il tarixdə X7 verilmiş qeydiyyat vəsiqəsi) çıxarış əsasında verilmişdir. Lakin sonuncunun adına olan çıxarış iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə tərəfindən araşdırma zamanı Cavabdeh2 qeyd edilən vərəsəlik şəhadətnaməsinin verilməsində və həmin şəhadətnamə əsasında çıxarışın verilməsində hər hansı bir qanun pozuntusu aşkar edilməmişdir. Digər tərəfdən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsində aparılmış araşdırma zamanı iddiaçı mübahisəli əmlaka ehtimal etdiyi hüququ ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2835/2021 saylı 07 iyul 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar