Məhkəmə qərarları › İş №2(103)-9244/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9244/2021

18.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9244/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğunun katibliyi, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X9 və nümayəndəsivəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “payların naturada ayrılması tələbinə dair” ilkin, Cavabdehlər İddiaçı1, İddiaçı2 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(002)-938/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 6 saylı evin 35 saylı mənzilinin 4/6 hissəsinin İddiaçı2, 1/6 hissəsinin İddiaçı1 paylı mülkiyyətində saxlanılmaqla, həmin mənzilin 5/6 hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda Cavabdehlər İddiaçı1, İddiaçı2 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2, 35 saylı mənzilə dair İddiaçı1, İddiaçı2 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin ünvana verilmiş 30.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 6 saylı evin 35 saylı mənzili vərəsəlik qaydasında paylara bölünərək, həmin mənzilin 3/6 hissəsi birgə iddiaçılardan yetkinlik yaşına çatmayan İddiaçı2, 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsi digər vərəsə X1 mülkiyyətinə verilmiş, X4 özünə məxsus payı sonradan İddiaçı2 bağışlamışdır. Buna görə də hazırda mübahisəli mənzilin 4/6 hissəsi birgə iddiaçılardan yetkinlik yaşına çatmayan İddiaçı2, 1/6 hissəsi İddiaçı1 məxsusdur. Mənzilin qalan 1/6 hissəsinə mülkiyyət hüququ isə digər vərəsənin, yəni Cavabdeh maraqları nəzərə alınaraq açıq saxlanılmışdır. Cavabdeh mübahisəli mənzildə yaşamasa da həmin mənzildə qeydiyyatdadır. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, mübahisəli mənzil növbəlilik qaydasında 17 avqust 1991-ci il tarixdə 019988 nömrəli order əsasında ataları X8 adına 5 nəfər ailə üzvü ilə, yəni X10, X2, Mirİddiaçı1, X3 və Cavabdeh verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2(002)- 248/2020 saylı qətnaməsi ilə onun ailə üzvləri ilə birlikdə mübahisəli ünvana köçürülməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən qarşı tərəf apelyasiya və kassasiya şikayətləri versə də, şikayətləri təmin olunmamışdır. İşə kassasiya qaydasında baxılarkən qarşı tərəf bildirmişdir ki, artıq mənzil özəlləşdirilmiş və vərəsələrin payları müəyyən edilmişdir, onun payı kimi miras əmlakın 1/6 hissəsi açıq saxlanılmışdır. Cavabdeh tərəf onun xəbəri və razılığı olmadan mənzili özəlləşdirmiş, birinci növbəli vərəsələr sağ olduğu halda ikinci növbəli vərəsənin adına pay müəyyən edilməklə əmlaka dair 4/6 hissədə pay ayrılmaqla çıxarış verilmişdir. Cavabdehlər tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, mənzil onun razılığı olmadan özəlləşdirilmiş, notariat kontoru qanunsuz olaraq 2-ci növbəli vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 2(002)-938/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, mübahisəli mənzildə qeydiyyatda olmuş, mənzil özəlləşdirilərkən onun razılığı da alınmalı olduğu halda, onun razılığı olmadan cavabdehlər qanunsuz olaraq mənzili özəlləşdirmişlər. Həmin mənzil orderlə atasına məxsus olmuş, mənzil dövlət mülkiyyəti olduğu üçün atasının həmin mənzilə dair vəsiyyətnamə vermək hüququ olmamışdır, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mənzil dövlət mülkiyyətində olmuşdur. Birinci növbəli vərəsə kimi o, bacısı və qardaşı olduğu halda, nəvənin vərəsə kimi tanınması və ona payın müəyyən edilməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, vəkilinin başqa bir işlə bağlı iştirak edə bilmədiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, qeyd edilən halı təsdiq edən hər hansı sənəd əlavə etməmişdir, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh (nümayəndə) məhkəməyə gəlməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırki apelyasiya baxışının predmetini qətnamənin qismən - qarşılıqlı iddia tələbinə aid hissədə yoxlanılması təşkil edir, belə ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilməmiş, ilkin iddiaçı qətnaməni mübahisələndirməmişdir, qarşılıqlı iddiaçı isə yalnız qarşılıqlı iddia tələbinə aid hissədə qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində qismən ləğv edilməlidir. İş materialları ilə aşağıdakılar müəyyən edilir. 019988 saylı 17 avqust 1991-ci il tarixli order əsasında Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Oktyabrın 50 illiyi küçəsi, ev 6, 35 saylı mənzil X10 dörd nəfər ailə tərkibi ilə birlikdə verilmişdir (arvadı X5, uşaqları İddiaçı1, Ağayeva (hazırda Zərbəliyeva) Natavan Rizvan qızı və Ağayev (hazırda Mirağayev) Ramin Rizvan oğlu). 45 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 31.07.2019-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X11 həmin vəsiyyətnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını xx.xx.2008-ci il təvəllüdlü nəvəsi İddiaçı2 vəsiyyət etmiş və digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. 30.09.2019-cu il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatına daxil olmuş iddia ərizəsinin surətindən görünür ki, iddiaçı X11 Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində iddiaçı mübahisəli mənzili nəvəsi Mirsadiqə vəsiyyət etdiyini, oğlu Raminin isə onun son iradəsinə mane olduğunu, onun bu davranışının qanuna və əxlaqa zidd olduğunu qeyd etməklə Raminin mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2626/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraata iddiaçının vəfat etməsi səbəbindən xitam verilmişdir. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 29 oktyabr 2019-cu il tarixdə verilmiş 1344/69 nömrəli ölüm haqqında arayışdan görünür ki, X11 01 oktyabr 2019-cu ildə ölmüşdür. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 29 oktyabr 2019-cu il tarixdə verilmiş 1345/69 nömrəli ölüm haqqında arayışdan görünür ki, X5 11 iyun 2019-cu ildə ölmüşdür. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 04.11.2019-cu il tarixli 1999 saylı məktubun surətindən görünür ki, 01.10.2019-cu il tarixdə ölmüş mərhum X6 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 2019-cu ildə onun vərəsələrindən İddiaçı1, X4 Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmiş və 234/2019 nömrəli vərəsəlik işi açılmışdır. Bakı şəhəri 8 saylı notariat ofisi həmin məktubla Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular (Oktyabrın 50 illiyi) küçəsi, ev 6, 35 saylı mənzildə yerləşən X8 adına olan mənzilə hüquqmüəyyənedici sənəd (çıxarış) verilməsini xahiş etmiş, hüququmüəyyənedici sənəd (çıxarış) verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin veriləcəyini bildirmişdir. DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 01.11.2019-cu il tarixli ******* saylı arayışa görə İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 6, 35 saylı mənzildə qeydiyyatdadır, həmin mənzildə ondan başqa Mirağayev Rizvan, Zərbəliyeva Natavan qeydiyyatdadırlar. 3 saylı Bakı ASAN Xidmət mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı1 və X1 ərizələrinin surətlərindən görünür ki, onlar qeydiyyatda olduqları və ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilin X8 adına özəlləşdirilməsinə və dövlət reyestrindən çıxarış verilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X14 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, 6, 35 saylı mənzil X8 xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********** nömrəsi ilə 29.12.2019-cu il tarixində qeydiyyat aparılmışdır. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 02.06.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01.10.2019-cu il tarixdə ölmüş X8 qanun üzrə vərəsələri İddiaçı1 və X7 miras əmlakdan hər biri 1/6 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ********** qeydiyyat nömrəli, 02.06.2020-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış, yüklülüyün olubolmaması barədə arayışa və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********31-05101-093035 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 75,79 kv.metr olan mənzildən ibarətdir. 4/6 hissə üzrə pay açıq saxlanılmışdır. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 02.06.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 45 saylı NK tərəfindən 31.07.2019-cu ildə təsdiq edilən və reyestrdə 2V-62 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən, 01.10.2019-cu il tarixdə ölmüş X8 vəsiyyətnamədə göstərilən vərəsəsi İddiaçı2 miras əmlakdan 3/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ********** qeydiyyat nömrəli, 02.06.2020-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış, yüklülüyün olub-olmaması barədə arayışa və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********31- 05101-093035 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 75,79 kv.metr olan mənzildən ibarətdir. Azyaşlının payının qeydiyyata alınması üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin bir nüsxəsi qəyyumluq və himayəçilik orqanına göndərilmişdir. 2/6 hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, 1/6 hissədə pay açıq saxlanılmışdır. Beləliklə, müəyyən edilmişdir ki, mübahisəli mənzil order əsasında X10 dörd nəfər ailə tərkibi ilə birlikdə verilmişdir. Rizvan Mirağayev 31.07.2019-cu il tarixdə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını nəvəsi İddiaçı2 vəsiyyət etmiş, Rizvan Mirağayev 01 oktyabr 2019-cu ildə ölmüşdür. Bundan sonra vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 2019-cu ildə onun vərəsələrindən İddiaçı1, X4 Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmiş və 234/2019 nömrəli vərəsəlik işi açılmışdır. Bakı şəhəri 8 saylı notariat ofisi həmin məktubla Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular (Oktyabrın 50 illiyi) küçəsi, ev 6, 35 saylı mənzildə yerləşən X8 adına olan mənzilə hüquqmüəyyənedici sənəd (çıxarış) verilməsini xahiş etmiş, 29.12.2019-cu il tarixində X8 adına qeydiyyat aparılmaqla (mənzil X16 adına özəlləşdirlməklə) çıxarış verilmişdir. 02.06.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 01.10.2019-cu il tarixdə ölmüş X8 vəsiyyətnamədə göstərilən vərəsəsi İddiaçı2 miras əmlakdan 3/6 hissədə pay almış, 02.06.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə isə qanun üzrə vərəsələri İddiaçı1 və X7 miras əmlakdan hər biri 1/6 hissədə pay almışlar. 1/6 hissədə pay açıq saxlanılmışdır. Qarşılıqlı iddiaçı hazırda vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini və çıxarışın ləğv edilməsini tələb etmiş, məhkəmə qarşılıqlı iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh hazıradək mərhumun vəsiyyətnaməsini və onun adına verilmiş çıxarışı mübahisələndirməmiş, həmçinin miras əmlakı nə faktiki qəbul etməmiş, nə də mirasın qəbulu üçün qanunla müəyyən edilmiş qaydada notariat orqanına müraciət etməmişdir. Kollegiya qeyd edir ki, əvvəla qarşılıqlı iddiaçının vəsiyyətnaməni mübahisələndiribmübahisələndirməməsinin hazırki mübahisənin həll edilməsinə, yəni qarşılıqlı iddianın əsassız hesab edilməsi nəticəsinə gəlməyə hər hansı əhəmiyyəti yoxdur. Belə ki, 31.07.2019-cu il tarixli vəsiyyətnamə ilə X11 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını xx.xx.2008-ci il təvəllüdlü nəvəsi İddiaçı2 vəsiyyət etmişdir. Göründüyü kimi, mərhum vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını vəsiyyət etmişdir, yəni həmin vəsiyyətnamə konkret hər hansı əmlak barəsində olmamışdır, o cümlədən hazırki mübahisəli mənzil də vəsiyyət edilməmişdir. Həmin vəsiyyətnamə qanuni olmuşdur. X16 adına verilmiş çıxarışla bağlı isə Kollegiya qeyd edir ki, Cavabdeh iddia ərizəsi və apellyasiya şikayətində mənzilin mərhum atasının adına qanunsuz özəlləşdirilməsini göstərsə də, iddia ərizəsində özəlləşdirilmənin etibarsızlığı ilə bağlı konkret tələb irəli sürməmişdir, ona görə də Kollegiya hazırda həmin məsələyə hüquqi qiymət verməyə zərurət görmür, digər tərəfdən isə qeyd edilən tələb, yəni mənzilin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi inzibati orqanın (reyestr xidmətinin) hərəkətlərindən doğan tələb olduğundan, həmin tələbə mülki yox, inzibati icraat qaydasında baxılmalıdır. Məhkəmənin istinad etdiyi qeyd olunan hallar vərəsəlik hüququ haqqında şəhadətnamələrin mübahisələndirilməsinə mane olan hallar olmamaqla, bu barədə tələbin əsassız olması qənaətinə gəlməyə də əsas verən hal deyildir. Qarşılıqlı iddia tələbində həm vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həm də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı tələb edilmişdir. Kollegiya bu hissədə qarşılıqlı iddia tələbini qismən əsaslı hesab edir. Göründüyü kimi vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə İddiaçı2 vəsiyyətnaməyə əsasən miras əmlakdan 3/6 hissədə payı müəyyən edilmişdir. Lakin işin müəyyən edilmiş hallarından görünür ki, miras açıldığı vaxt həmin əmlak (mənzil) miras kütləsinə daxil olmamışdır, buna görə də mənzilin vəsiyyət üzrə vəsiyyatnamənin predmeti olması mümkün olmamışdır. Mülki Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Artıq qeyd olunduğu kimi, nə vəsiyyətnamə konkret mübahisəli mənzil barəsində olmamışdır, nə də həmin mənzil mirasın açıldığı vaxt (Rizvan Mirağayevin öldüyü vaxt) onun mülkiyyətində olmamışdır. Qeyd olunan halları nəzərə alaraq Kollegiya hesab edir ki, mübahisəli mənzil barəsində vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir, buna görə də etibarsız hesab edilməlidir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 02.06.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01.10.2019-cu il tarixdə ölmüş X8 qanun üzrə vərəsələri İddiaçı1 və X7 miras əmlakdan hər biri 1/6 hissədə pay almalıdırlar. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə tələbə münasibətdə Kollegiya qeyd edir ki, bir haldaki mənzilin özəlləşdirilməsinin nəticələri mübahisələndirilməmişdir və hazırda mərhum X8 adına verilmiş 29.12.2019-cu il tarixli çıxarış qüvvədədir, həmin şəhadətnamələrin etibarsız hesab edilməsi üçün hər hansı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Cavabdeh tərəfindən miras əmlakın faktiki qəbul edilməməsi ilə bağlı isə Kollegiya bir daha qeyd edir ki, Rizvan Mirağayev öldüyü vaxt mübahisəli mənzil miras kütləsini təşkil etməmişdir, ona görə də onun qəbulundan söhbət gedə bilməzdi. Mənzil order əsasında bütün ailə üzvlərinin istifadəsinə və sahibliyinə verilmişdir, həmin şəxslər mənzil barəsində eyni hüquqlara malik olmuş və eyni həcmdə vəzifə daşımışlar, orderin kimin adına verilməsi mənzilə olan hüquq və vəzifələrin həcminə təsir etməmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26.01.2021-ci il tarixli 2(102)-151/2021 saylı Qərarından görünür ki, həmin Qərarla Cavabdeh və ailə üzvlərinin mübahisəli mənzilə köçürülməsini qət edən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli 2(002)-248/2020 saylı qətnaməsini qüvvədə saxlayan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4419/2020 nömrəli iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan müəyyən edilir ki, Cavabdeh atasının ölümündən sonra ailəsi ilə birlikdə mübahisəli mənzilə köçürülməsi barədə iddia qaldırmış, eyni zamanda da İddiaçı1 onların mənzildən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia qaldırmışdır, məhkəmə tərəfindən Cavabdeh ailəsi ilə birlikdə mənzilə köçürülmə barədə iddiası təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Cavabdeh və digər iddiaçıların həmin mənzilə istifadə hüquqları vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-938/2021 saylı iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində qismən ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsində yerləşən 6 saylı evin 35 saylı mənzilinə dair İddiaçı2 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında onun adına aparılmış dövlət qeydiyyatı (30.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli) ləğv edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar