Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9290/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Qusar rayon dövlət notariat kontoruna qarşı üçüncü şəxslər X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla “vərəsəlik şəhadətnamələrinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli 2(005)-1069/2020 saylı qərardadından iddiaçının şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1069/2020 saylı 28.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Qusar rayon dövlət notariat kontoruna qarşı üçüncü şəxslər X1, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb edilməklə vərəsəlik şəhadətnamələrinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 08.02.2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti apelyasiya şikayətinə dövlət rüsumunu təsdiq edən sənədin əlavə olunmaması əsası ilə geri qaytarılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2(005)- 1069/2020 saylı qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(005)-1069/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermə müddətinin ona münasibətdə bərpa edilməsinə dair qərardad qəbul edilməsini və mülki işin apelyasiya qaydasında baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 363.1.2-ci maddəsində göstərilir ki, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apelyasiya şikayətini ona qaytarmamışdır, əgər qaytarmış olsaydı o, dərhal, yəni apelyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddət ərzində dövlət rüsumunu ödəyib apelyasiya şikayətini yenidən birinci instansiya məhkəməsinə təqdim edə bilərdi. Lakin birinci instansiya məhkəməsi apelyasiya şikayətini qaytarmamış, onu mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli 2(005)- 1069/2020 saylı qərardadı ilə ərizəsi təmin edilməyərək müddətin bərpasından imtina edilmiş və apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 12.08.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə apelyasiya qaydasında baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Göründüyü kimi, iddiaçı tərəfindən daha əvvəl vaxtında apelyasiya şikayəti verilmiş, lakin dövlət rüsumu ödənilmədiyinə görə Bakı Apelyasiya Məhkəməsi tərəfindən geri qaytarılmış, həmin qərardaddan kassasiya şikayəti verilən zaman da tərəfindən dövlət rüsumu ödənilmişdir. Kollegiya hesab edir ki, iddiaçının hərəkəti prosessual hüquqlardan sui-istifadəyə yox, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyətinə malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.08.2021-ci il tarixli 2(005)- 1069/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı ərizəsi təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1069/2020 saylı 28.10.2011-ci il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilsin və apelyasiya şikayəti baxılması üçün icraata qəbul edilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9290/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9290/2021
20.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver